AZ

Jurnalistlərin hansı ölkələrlə təcrübə mübadiləsi təşkil edilir? – RƏSMİ CAVAB

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Nizamnaməsinə uyğun olaraq ölkədə medianın inkişafının dəstəklənməsi, jurnalistlərin bilik və bacarıqlarının artırılması, həmçinin rəqəmsal transformasiyanın sürətləndirilməsi və multimedia platformalarından effektiv istifadənin təşviqi, qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi, müasir elmi-texniki nailiyyətlərin mediaya inteqrasiyası, eyni zamanda müvafiq sahədə rəqabət qabiliyyətini artırmaq üçün yeni tendensiyaların və yaradıcı yanaşmaların tətbiqi prioritet istiqamətlərdəndir.

Son illərdə media subyektlərinin xarici media qurumları ilə əməkdaşlığının gücləndirilməsi, qarşılıqlı əlaqələrin təşkili və beynəlxalq təcrübənin öyrənilməsinin stimullaşdırılması istiqamətində həm yerli, həm də beynəlxalq müstəvidə mühüm layihələr icra olunub.

Həyata keçirilən bu təşəbbüslər çərçivəsində təşkil edilən təlimlərdə jurnalistlərin rəqəmsal bacarıqlarının artırılması, müasir media alətlərindən səmərəli istifadənin təmin edilməsi, data əsaslı jurnalistika, multimedia məzmun istehsalı və yeni kommunikasiya texnologiyalarına uyğunlaşma məsələləri xüsusi önəm kəsb edib.

Medianın İnkişafı Agentliyinin Kommunikasiya şöbəsinin müdiri Səidə Şəfiyeva Far.Az-ə bildirib ki, sözügedən tədbirlər çərçivəsində xarici ekspertlərin iştirakı ilə rəqəmsal xəbərlərin oxunaqlılığının artırılması, bu istiqamətdə mövcud alət və strategiyaların effektiv tətbiqinin stimullaşdırılması məqsədilə təşkil edilən "Rəqəmsal xəbərlərin oxunaqlılığının artırılması üçün müasir strategiyalar" adlı layihədə 50 xəbər saytının 100-ə yaxın əməkdaşı iştirak edib:

"Agentlik və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə beynəlxalq media sahəsində böyük təcrübəyə malik mütəxəssis Kolin Gibson tərəfindən "Rəqəmsal jurnalistika" mövzusunda 40-a yaxın, rəqəmsal jurnalistika sahəsində ixtisaslaşmış mütəxəssis Can Mumayın təqdimatında isə "Rəqəmsal mediada storytelling və müasir publisistika" adlı təlimə 50-ə yaxın media nümayəndəsi cəlb olunub. Xüsusilə media savadlılığı sahəsində qabaqcıl ölkələrdən biri kimi tanınan Finlandiyada media savadlılığı işinin necə təbliğ edildiyinin, uğurlu nümunələrin öyrənilməsi məqsədilə ekspertlər dəvət olunmuş, 20-dən çox media nümayəndəsi üçün informasiya manipulyasiyasına qarşı dayanıqlılığın gücləndirilməsi, kibertəhlükəsizlik və hibrid təhdidlər mövzularında seminarlar təşkil edilmişdir.

Həmçinin, xarici media nümayəndələri ilə təcrübə mübadiləsi, əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyətli olan, "Rəqəmsal Keçidlər: Süni İntellekt Dövründə İnformasiya və Media Dayanıqlılığı" mövzusunda keçirilən 3-cü Şuşa Qlobal Media Forumu 52 ölkədən yüzlərlə media nümayəndəsini bir araya gətirərək informasiya təhlükəsizliyi, media savadlılığı, süni intellekt və sosial medianın təsiri kimi mövzularda geniş müzakirələr üçün mühüm platforma olub".

Agentik rəsmisi əlavə eib ki, bununla yanaşı bu sahədə qabaqcıl təcrübələrin araşdırılması, müasir tendensiyaların təhlili və yerli konteksdə tətbiqinin təşviqi məqsədilə aparılan davamlı fəaliyyət çərçivəsində müxtəlif ölkələr ilə qarşılıqlı əlaqələr, fikir və təcrübə mübadiləsi genişləndirilir, həmçinin Agentlik bir sıra qlobal tədbirlərdə təmsil olunur:

"Bu çərçivədə yaxın zamanlarda informasiya mübadiləsinin və texnoloji yeniliklərin tətbiqinin genişləndirilməsi məqsədilə Çin Xalq Respublikasının Sinxua Xəbər Agentliyi, Albaniya Respublikasının Media və İnformasiya Agentliyi ilə imzalanan media sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumları yeni texnologiyaların tətbiqinin stimullaşdırılması, rəqəmsal imkanların araşdırılması istiqamətində ölkələrarası əməkdaşlığın möhkəmləndirilməsinə əsas yaradır. Qazaxıstanda keçirilən Mərkəzi Asiya Media Forumu və Türkiyədə təşkil olunan Beynəlxalq Strateji Kommunikasiya Sammiti isə regional əməkdaşlığın gücləndirilməsi, rəqəmsal transformasiya, çoxdilli yayım və media təhsili, etik jurnalistikanın təşviqi və süni intellekt dövründə medianın inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından önəmli platformalar olub.

Eyni zamanda, Medianın İnkişafı Agentliyi və Avropanın nüfuzlu media qurumlarından biri olan "Euronews" telekanalının birgə əməkdaşlığı ilə həyata keçirilən "Euronews Academy" layihəsi çərçivəsində jurnalistlər süni intellekt, mobil jurnalistika, SEO, data vizualizasiya və sosial media mövzularında xarici mütəxəssislərlə təcrübə mübadiləsi apararaq silsilə təlimlərə qatılırlar.

Ümumilikdə, müxtəlif ölkələrlə qurulan əməkdaşlıqlar Azərbaycan jurnalistlərinə beynəlxalq təcrübədən faydalanmaq və qlobal media proseslərinə daha yaxından inteqrasiya olunmaq imkanı yaradıb".

Orxan Hüseyn

Seçilən
9
1
far.az

2Mənbələr