Bizimyol portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Cəmiyyətimizdə qadınların uğuru barədə danışarkən diqqət çox zaman onların peşəkar nailiyyətlərinə yox, ailə vəziyyətinə yönəlir.
Əgər bir qadın işində yüksəlirsə, rəhbər vəzifəyə qədər irəliləyirsə, onun uğuru belə bir sualla dəyərləndirilir: “Ailəsi necə oldu? Evdə kimə baxır?” Bu yanaşma hələ də dəyişməyib və qadının həyatını məhdud çərçivəyə salır.
Bir çox qadın həm işdə, həm də evdə özünü sübut etməyə çalışır. Amma kişilərdən fərqli olaraq onlara təkcə işdə nəticə göstərmək kifayət etmir. Cəmiyyət qadından uğurlu karyera qurmaqla yanaşı, mükəmməl ana, həyat yoldaşı, evdar qadın olmağı da tələb edir. Əgər bu balansda kiçik bir boşluq yaranarsa, qadının bütün uğurları kölgədə qalır.
Əgər qadın iş həyatını ailədən üstün tutursa, dərhal “ailəsinə biganədir”, “ana olmaq məsuliyyətini unudub” kimi qınaqlarla üzləşir. Əgər ailəni üstün tutursa, “öz potensialını dəyərləndirmədi” deyə tənqid olunur. Bu paradoks qadını daim təzyiq altında saxlayır.
Bir kişi iş həyatında zirvəyə çatanda onun ailə vəziyyəti müzakirə mövzusu olmur. Amma qadın eyni uğuru qazandıqda, “bəs uşaqları?” sualı qaçılmaz olur. Bu, illərlə formalaşmış patriarxal düşüncənin nəticəsidir. Qadının dəyəri hələ də şəxsi keyfiyyətlərinə və karyerasına görə deyil, “ailə modeli” ilə ölçülür.
Nəticə etibarilə, qadının uğuru ailəsi ilə deyil, öz istedadı, zəhməti və cəmiyyətə verdiyi töhfələrlə ölçülməlidir. Əks halda, biz qadınları daim süni qəliblərdə saxlamağa davam edəcəyik.
Leyla Mirzə
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.