AZ

Paşinyan "Qarabağ klanı"nın sonunu gətirir

“Yeni Konstitusiyanın qəbulu bizə erməni demokratiyasının əsas problemini aradan qaldırmağa imkan verəcək. Məhz məhkəmənin xalqdan ayrılması ilə”.

“Cebheinfo.az”-ın məlumatına görə, Ermənistanın Baş naziri Nikol Paşinyan bunu sentyabrın 23-də Ermənistan Demokratiya Forumunda keçirilən panel müzakirədə  deyib.

Onun sözlərinə görə, mövcud ədliyyə sisteminin cəmiyyətlə heç bir “üzvi əlaqəsi” yoxdur. O, təcrid olunmuş şəkildə fəaliyyət göstərir. Bu da öz növbəsində ona olan inamı sarsıdır. 

“Hakimiyyət xalqındır və hər bir hakimiyyət ondan qaynaqlanmalıdır. Bu gün mən ciddi sistem problemi görürəm. Ermənistanda məhkəmə hakimiyyəti xalqdan qaynaqlanmır və ondan tamamilə ayrılıb”, - deyə Paşinyan bildirib. 

Baş nazirin sözlərinə görə, yeni Konstitusiya layihəsi ilə bağlı müzakirələr çərçivəsində yuxarıda qeyd olunan boşluğu aradan qaldırmalı olan fikirlər irəli sürülür.

“Təşəbbüslərdən biri andlı məhkəmə sisteminin tətbiqi olub”, - deyə hökumət başçısı əlavə edib.

O qeyd edib ki, bu problem həll olunmayana qədər demokratiyanın tam inkişafını təmin etmək sadəcə olaraq mümkün deyil. Nikol Paşinyan iddia edib ki, keçmişdə məhkəmə qərarları çox vaxt kənar aktorlar tərəfindən diqtə edilirdi. Onlardan hibrid müharibənin bir hissəsi kimi istifadə edilib.

Paşinyanın sözügedən açıqlaması hakimiyyətin Ermənistan konstitusiyasını dəyişməyə hazırlaşdığını təsdiq edir. Lakin bu islahat hazırkı konstitusiyaya əlavə və dəyişikliklər şəklində olmayacaq. Paşinyan hələ bir neçə il öncə Ermənistanın yeni konstitusiyaya ehtiyacı olduğunu bildirmişdi. 

Ali qanun Ermənistanda parlamentar sistemi saxlamaqla hakimiyyətin qolları arasında səlahiyyət bölgüsünün yenidən formalaşdılmasını müəyyən edəcək. Bundan sonra Ermənistan qanunvericiliyində ciddi dəyişikliklər baş verəcək. 

Xatırladaq ki, bundan əvvəl Ermənistanda məhkəmə sistemində ciddi islahatlar 2019-2020-ci illərdə baş verib. Həmin vaxt məhkəmə orqanlarında, o cümlədən Konstitusiya Məhkəməsində Serj Sarkisyan dövründə təyin olunmuş və "Qarabağ klanı"na məxsus hakimlər üstünlük təşkil edirdi.

Ona görə də Konstitusiya Məhkəməsinin hakimləri eks-prezident  Robert Köçəryanın həbsini qanunsuz hesab edərək onun azadlığa buraxılması barədə qərar qəbul etdi. Bu, adıçəkilən instansiyanın səlahiyyətlərinə aid olmasa da, hakimlər Köçəryanın həbsini Ermənistan konstitusiyasının pozulması ilə izah etmişdilər. 

Yəqin ki, yeni konstitusiyanın qəbulundan sonra Nikol Paşinyan məhkəmə sistemində növbəti “təmizləmə”lərə başlayacaq. 

Seçilən
19
1
cebheinfo.az

2Mənbələr