AZ

İnvestisiya sabitliyi və sülhü sevdiyi üçün şirkət rəhbərlərinin Azərbaycan Prezidenti ilə görüşə maraq göstərmələri təbiidir - RƏY

“Azərbaycan Prezidenti BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorkda səfərdədir. Artıq dövlət başçısı səfər çərçivəsində dünyaca məşhur bir sıra qlobal investisiya şirkətlərinin sahibləri ilə görüşlər keçirib. Hər şeydən öncə sərmayə, yatırım sabitliyi və sülhü sevdiyi üçün onların Azərbaycan Prezidenti ilə görüşə maraq göstərmələri də təbiidir. Azərbaycanda həm yaxşı investisiya mühiti var, həm də uzunmüddətli sabitlik mövcuddur. Bundan sonra da uzunmüddətli perspektivdə sabitlik olacaq”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

 

Deputat bildirib ki, Azərbaycan yeni reallıqda tamamilə yeni yaşıl iqtisadiyyat mərhələsinə keçid dövrünü yaşayır: “Eyni zamanda regional logistikanı genişləndirməklə Trans-Xəzər və Şərq-Qərb dəhlizi üzrə ölkəmizin iqtisadi cazibəsini artırır. Belə olan halda, yenidən investorların diqqəti Azərbaycana yönəlir. Siyasi məsələlərə gəldikdə, BMT heç də asan olmayan dövrünü yaşayır. Hətta bunu BMT tarixinin böhran illəri kimi də qiymətləndirə bilərik. BMT-nin gözünün önündə müharibələr baş verir, Yaxın Şərqdə, Şərqi Avropada, dünyanın müxtəlif yerlərində beynəlxalq humanitar hüquq pozulur, ancaq BMT-nin mexanizmləri funksional institut kimi proseslərə müdaxilə edə bilmir. Bəzi hallarda BMT-nin strukturundan irəli gələn formal yanaşmalar bunu yükləyə bilir, bəzən də qəbul edilmiş qərarlar icra edilmir. Əslində Azərbaycan Prezidenti BMT-nin yenidən təşkili, BMT-də islahatlarla, Təhlükəsizlik Şurasının genişləndirilməsinin vacibliyi ilə bağlı dəfələrlə fikirlərini səsləndirib. Hazırkı mərhələdə bu çağırış daha da aktualdır. Cənab Prezident İlham Əliyevin mövqeyi BMT-nin yenidən təşkilində nəzərə alınmalıdır. Çünki BMT adından göründüyü kimi, bütün millətlərin maraqlarını nəzərə alan qərarlar qəbul etməlidir. Sadəcə beş daimi üzvün başqa dövlətlərin üzərində təzyiq aparatı kimi fəaliyyət göstərməməlidir. BMT Baş Assambleyasının 80-ci səssiyasında bu məsələlər mütləq nəzərdən keçirilməlidir. Sessiyada yeni sabit dünya və sülhün əsaslarının yaradılması üçün bu addımların atılması zərurəti var”.

 

Aytəkin Qardaşova

Tarix: 23 Sentyabr 2025, 17:54   
Seçilən
24
pravda.az

1Mənbələr