AZ

Azərbaycanda dəmir filizi ehtiyatının 187 milyon tondan çox olması təsdiqlənib  

Həyata keçirilmiş ilkin qiymətləndirmə çərçivəsində aparılan geoloji tədqiqatlar nəticəsində yataqlar üzrə 70 milyon ton artım qeydə alınıb. Ümumilikdə isə yerin təkində 187,3 milyon ton dəmir filizi ehtiyatı təsdiqlənib.

AZƏRTAC xəbər verir ki, bunu "AzerGold" QSC-nin sədri Zakir İbrahimov Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən brifinqdə deyib.

O bildirib ki, bu həcm potensial olaraq gələcəkdə yataqların 15 il əlavə istismarı deməkdir.

“Hazırda bu mərhələ üzrə yekun bank təyinatlı Texniki-İqtisadi Qiymətləndirmə prosesi həyata keçirilir. Proses çərçivəsində geoloji, metallurji, texniki və iqtisadi təhlillər tamamlandıqdan sonra layihənin bu hissəsi üzrə tikinti-quruculuq işlərinə başlanılacaq. Layihənin ikinci mərhələsi illik 2 milyon ton istehsal gücünə malik zavodun qurulmasını əhatə edir. Bu mərhələ layihənin əsas kapital yüklü komponentidir. Ümumi investisiya dəyəri təqribən 700 milyon dollar təşkil edir. Məhz bu mərhələnin icrası məqsədilə Qazaxıstanın investisiya şirkəti “Fonte GreenMet Investments Fund” ilə strateji əməkdaşlıq qurulub. Bu əməkdaşlığın nəticəsi olaraq, “Daşkəsən Dəmir Filiz” MMC və “Fonte GreenMet Investments Fund” tərəfindən birgə müəssisə - “Azerbaijan Metal Company” MMC təsis edilib. Bu təşəbbüs ölkəmizdə ilk dəfə olaraq birbaşa reduksiya texnologiyası əsasında irihəcmli istehsalat kompleksinin yaradılmasına imkan verəcək. Azərbaycanın sənaye və mədən sektorunun inkişafına, ixrac potensialının artırılmasına, həmçinin müasir texnologiyaların tətbiqi və beynəlxalq təcrübənin yerli istehsalata inteqrasiyasına xidmət edəcək. Strateji layihə ölkəmizin ÜDM-nə ildə təxminən 694 milyon dollar həcmində töhfə verəcək, regionda məşğulluğu böyük ölçüdə artıraraq, 1600 nəfərə qədər yerli mütəxəssisin işlə təminatına imkan yaradacaq”, - deyə Zakir İbrahimov qeyd edib.

Z.İbrahimov vurğulayıb ki, Daşkəsən dəmir filizi layihəsinin hər iki mərhələsinin kompleks şəkildə icrası regiona daha böyük sosial-iqtisadi dividendlər qazandıracaq: “Birbaşa və dolayı təsirlər nəticəsində təxminən 4000 iş yerinin yaradılmasına imkan yaratmaqla, əməliyyatlara başlanıldıqdan sonrakı dövr ərzində ölkə üzrə ÜDM-ə təqribən 13 milyard dollar həcmində töhfə veriləcək. Bu investisiya təkcə sənaye və mədən sahələrinin inkişafını stimullaşdırmaqla kifayətlənməyəcək, eyni zamanda regionda logistika, xidmət və infrastruktur sahələrində əlavə canlanma yaradacaq. Bu yanaşma ixracyönümlü məhsul istehsalına və ölkəmizin polad sənayesinin xammal təhlükəsizliyinin möhkəmləndirilməsinə xidmət edəcək. Mərhələli şəkildə həyata keçiriləcək bu proses genişmiqyaslı sənaye sinerjisi yaradacaq, yerli və regional bazarlar üçün rəqabətqabiliyyətli məhsul istehsalı təmin olunacaq”.

Seçilən
16
6
azerbaijan-news.az

9Mənbələr