AZ

“Qızların işıqlı gələcəyi naminə maarifləndirmə” layihəsi çərçivəsində Salyanda tədbir keçirilib - FOTOLAR » AzadMedia.az



Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Qızların işıqlı gələcəyi naminə maarifləndirmə” layihəsi çərçivəsində Salyan rayonunun Arbatan kənd tam orta məktəbində tədbir təşkil olunub.

Azadmedia.az xəbər verir ki, tədbiri layihə rəhbəri və təşkilatın sədri Elnurə Abuşova açaraq layihənin məqsədi, davamlılığı və əhəmiyyəti barədə çıxış edib. O, qeyd edib ki, layihənin əsas məqsədi riskli hallarla üzləşən rayonların kənd və qəsəbələrində təhsil alan qızları maarifləndirmək, erkən nikahların qarşısını almaq, qızların təhsilə cəlb edilməsini artırmaq və sağlam ailə dəyərlərini təşviq etməkdir. Bunun üçün sosial qruplar arasında maarifləndirici tədbirlər və media kampaniyaları həyata keçirilir.

Daha sonra söz hüquqşünas ekspert, Mediasiya Şurasının Salyan 1 saylı Mediasiya Təşkilatının və Salyan rayon Vəkil Bürosunun müdiri Hənifəli Elmanə verilib. O, çıxışında qızların hüquqları, erkən nikahların hüquqi tərəfləri, qanunvericilik, məsuliyyət və tövsiyələr barədə danışıb. Hənifəli bildirib ki, erkən nikahlar qızların təhsilini yarımçıq qoymaqla yanaşı, onların sağlamlıq və sosial münasibətlərinə ciddi təsir göstərir. O, 2023-cü il ilə müqayisədə 18 yaşınadək analar tərəfindən doğulan uşaqların sayının 463 nəfər azaldığını, lakin hələ də geniş ictimai dəstəyə ehtiyac olduğunu vurğulayıb.

Daha sonra söz uşaqların hüquqlarının müdafiəsi üzrə ekspert və “Uşaq Qaynar Xətti”nin rəhbəri Kəmalə Aşumovaya verilib. O, erkən nikahların sosial-psixoloji nəticələri barədə danışaraq, bu halların qızların təhsil imkanlarını məhdudlaşdırdığını, psixoloji travma yaratdığını və cəmiyyətin inkişafına mənfi təsir göstərdiyini bildirib. K.Aşumova qeyd edib ki, erkən nikah qızların uşaq hüquqlarının pozulması deməkdir və bunun qarşısının alınması üçün dövlət qurumları, QHT-lər, media və valideynlərin birgə fəaliyyəti vacibdir. Həmçinin gənc qızlarla fərdi və qrup görüşlərinin onların öz güclərinə inamını artıracağını və valideynlərin məsuliyyət hissini möhkəmləndirəcəyini vurğulayıb.

Tədbirdə Salyan rayon Arbatan kənd orta məktəbinin 8-11-ci sinif şagird-qızları (68 nəfər), valideynlər (11 nəfər), müəllimlər (2 nəfər), psixoloq və məktəb rəhbərliyi, məktəbin direktoru Gülər Babayevanın timsalında aktiv iştirak edib.

Tədbirin yekununda iştirakçılar “Uşaq Qaynar Xətti”nə zəng edərək müraciət prosesini praktik olaraq müşahidə ediblər. Operatorlarla canlı ünsiyyət yaradılıb, uşaqlara müraciət mexanizmi əyani şəkildə göstərilib. Eyni zamanda uşaqları və valideynləri maraqlandıran suallar cavablandırılıb və mövzu ətrafında diskussiya aparılıb. Tədbir yüksək fəallıq və maraqla başa çatıb.

Xatırladaq ki, “Ailə və Uşaqlara Sosial Dəstək” İctimai Birliyi 01 avqust 2025-ci il tarixindən bu layihəni icra edir və layihə 31 oktyabr 2025-ci ilədək davam edəcək.

Seçilən
7
8
azadmedia.az

9Mənbələr