AZ

Fikrət Yusifov:  I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu münasib platforma hesab edilməlidir

Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçirilib. İqtisadiyyat Nazirliyi və AZPROMO-nun təşkilatçılığı, Avropa Evi – “Ambrosetti”nin strateji tərəfdaşlığı, həmçinin “Euronews” və “Sea Breeze”in dəstəyi ilə keçirilən forumda dövlət rəsmiləri, biznes liderləri və beynəlxalq investorlar iştirak edir.
Forum Şərq və Qərbin strateji qovşağında yerləşən ölkələrin investisiya imkanlarını təqdim etməklə yanaşı, qlobal ticarət və dayanıqlı təchizat zəncirlərinin gələcəyini müzakirə etmək üçün platforma rolunu oynayır. İştirakçılar yüksək səviyyəli əlaqələr qurmaq, strateji sazişlər bağlamaq və yeni tərəfdaşlıqlar formalaşdırmaq imkanları qazanacaq
Ekspertlərin fikrincə Bakıda Beynəlxalq İnvestisiya Forumunun keçirilməsi olduqca əhəmiyyətlidir. Bu tədbirdə Azərbaycanın potensialı və investisiya mühiti təqdim olunur ki, bundan da xarici investorlar faydalana bilir.

İqtisad elmləri doktoru, professor Fikrət Yusifov "Sherg.az"a açıqlamasında deyib ki, Azərbaycan hər fürsətdən istifadə edərək ölkəyə xarici kapitalın axınına çalışmalıdır:

 "Bu mənada Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu münasib platforma hesab edilməlidir. Bütün bunlar tədqirəlayiq addımlardır. Lakin eyni zamanda unutmamalıyıq ki, hər hansı bir ölkəyə investisiyaların axınının yazılmamış qaydaları mövcuddur. Bu sırada əsas məsələlərdən biri investorun investisiya etdiyi ölkədə yatrımlarının tam sığorta olunduğuna inanmasıdır. Ona görə də biz ölkə iqtisadiyyatına və onun real sektoruna daha çox investisiyalar cəlb etmək üçün ölkəmizdə yaratdığımız investisiya mühitinə əngəl yaradan məqamların aradan qaldırılmasına nail olmalıyıq. İlk öncə ölkədə “Rəqabət Məcəlləsinin” real işləməsini təmin etməliyik. İnvestor öz hüquqlarını qoruya biləcəyinə tam əmin olmalıdır – deməli hüquqi müstəvidə ciddi islahatlar aparmalıyıq. Biznesə kənar müdaxilələr tam aradan qaldırılmalıdır. Bu sırada heç də az əhəmiyyət kəsb etməyən məsələlərdən biri də kiçik və orta biznes müəssisələrinin vergi yükünün azaldılmasıdır. Bütün bunlar olduqda, kapital özünün yazılmamış qaydalarına uyğun olaraq axıb ölkəmizə gələcəkdir. Dünyada bu yolu keçmiş ölkələrin çox yaxşı nümunələri var".
Seçilən
24
sherg.az

1Mənbələr