AZ

Azərbaycanda yeni zavodun tikiləcəyi yer və istifadəyə veriləcəyi tarix bəlli oldu

"Qazaxıstanın "Fonte GreenMet Investments Fund" şirkəti ilə imzaladığımız müqavilə çərçivəsində illik iki milyon ton istehsal gücünə malik isti briketlənmiş dəmir (HBI) zavodunun layihələndirilməsi, maliyyələşdirilməsi, qurulması və idarəedilməsi təmin olunacaq".

FED.az xəbər verir ki, bunu "Daşkəsən Dəmir Filiz" MMC-nin baş direktoru Ceyhun Əliyev bu gün Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun ikinci günü çərçivəsində təşkil edilən brifinqdə bildirib.

O bildirib ki, zavod Şəmkir rayonunda inşa ediləcək:

"Zavodun 2029-cu ilin əvvəlində istismara verilməsi planlaşdırılır. İstehsal prosesində müasir texnologiyalar, ekoloji baxımdan təhlükəsiz və dayanıqlı üsullar tətbiq olunacaq. Bizim üçün prioritet yalnız iqtisadi töhfə deyil, həm də ekoloji məsuliyyətdir: ətraf mühitə zərərli təsirlərin minimuma endirilməsi və müasir, təhlükəsiz texnologiyaların tətbiqi DDF-in əsas iş prinsiplərindəndir".

"Qeyd edim ki, HBI zavodunun birbaşa reduksiya (DRI-direct reduced iron) texnologiyası əsasında fəaliyyət göstərməsi planlaşdırılır. Bu texnologiya - ənənəvi domna sobalarından fərqli olaraq karbon emissiyalarının 60%-dək azaldılmasını mümkün edir. Belə ki, kömürdən istifadə edilən domna sobaları ilə müqayisədə burada təbii qazdan istifadə edilir. Həmçinin bu növ zavodlar gələcəkdə sıfır karbon emissiyasına nail olmaq üçün istehsalatda təbii qaz əvəzinə hidrogenə keçid etməyə imkan yaradır. Bu səbəbdən, sözügedən texnologiya müasir dövrün tendensiyaları ilə tam ayaqlaşır.

Bu strateji əməkdaşlıq Azərbaycan-Qazaxıstan münasibətlərinin metallurji sənaye sahəsində yeni səhifəsidir. Bu addım yalnız iki ölkə arasında iqtisadi bağları gücləndirmir, həm də regionun metallurgiya və mədən sənayesinə yeni nəfəs gətirir. "Daşkəsən Dəmir Filiz" MMC adından bildirirəm ki, biz bu layihəni ən yüksək standartlarla həyata keçirmək, Azərbaycanın sənaye gücünü və ixrac potensialını daha da artırmaq əzmindəyik", - deyə baş direktor fikirlərini sonlandırıb. (Oxu.az)

Seçilən
34
3
fed.az

4Mənbələr