AZ

Demokratlar narahatdır: Çarli Kirkin arvadı növbəti seçkilərin taleyini həll edə bilər

Qaynarinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

ABŞ-da respublikaçılar Çarli Kirkin dul arvadı Erika Kirki öz hərəkatlarının yeni siması kimi görürlər. 

Qaynarinfo xəbər verir ki, ərinin qətli ilə bağlı sarsıdıcı faciədən sonra o, "Turning Point USA" adlı mühafizəkar təşkilatın mərkəzinə düşüb. İndi respublikaçılar hesab edirlər ki, Erika Kirk gənc qadın seçiciləri cəlb edə bilər. Bu seçici qrupu indiyədək əsasən demokratlara səs verib.

Ərinin xatirəsinə keçirilən vida mərasimində Erika Kirk emosional nitqi ilə geniş rezonans doğurub. O, qatil barədə belə deyib: "Mən onu bağışlayıram, çünki İsa Məsih belə edərdi. Çarli də belə edəcəkdi".

Bu sözlər qısa zamanda sosial şəbəkələrdə yayılıb və milyonlarla insanı təsirləndirib. Respublikaçılar üçün aydın olub ki, Kirkin şəxsiyyəti və çıxış tərzi ənənəvi bazadan kənarda da insanları özünə cəlb edə bilər.

"Washington Examiner"in məlumatına görə, 2024-cü il seçkilərində gənc kişilərin əksəriyyəti Donald Trampa səs verərək onun Ağ Evə qayıdışına dəstək olmuşdu. Lakin gənc qadınların təxminən 2/3-si Kamala Harrisi dəstəkləmişdi. Respublikaçılar indi həmin seçici qrupunu Erika Kirk vasitəsilə qazanmaq ümidindədirlər.

"Wall Street Journal" yazır ki, nadir hallarda siyasi açıqlamalar versə də, Erika Kirkin "Turning Point USA"nı davam etdirməsi gözlənilir. Onun üslubu mərhum həyat yoldaşının sərt tərzindən fərqlənir, lakin eyni dərəcədə inandırıcıdır. Respublikaçılar hesab edirlər ki, bu yumşaq, amma təsirli yanaşma gənc qadınlar üçün daha cəlbedici ola bilər.

Proqressiv gənclər təşkilatının rəhbəri Amanda Litman isə X platformasında yazıb: "Erika Kirk sağçıların gənc qadınları cəlb etmə səylərini xeyli gücləndirəcək. Bizim tərəf buna hazır deyil".

Qeyd edək ki, Çarli Kirk tərəfindən 2012-ci ildə yaradılan "Turning Point USA" bu gün ABŞ-ın ən nüfuzlu mühafizəkar təşkilatlarından biri hesab olunur. O, 3500 məktəb və universitetdə fəaliyyət göstərir, güclü media şəbəkəsinə və geniş seçici proqramına sahibdir. Çarli Kirkin ölümündən sonra təşkilatın nümayəndəsinin bildirdiyinə görə, artıq 62 min nəfər bu hərəkatın üzvü olmaq və ya yeni qollarını yaratmaq üçün müraciət edib.

Aydın

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
25
qaynarinfo.az

1Mənbələr