AZ

Daşkəsən dəmir filizi yataqlarının işlənməsi böyük iqtisadi səmərə vəd edir

Daşkəsən dəmir filizi yataqlarının işlənməsi ölkəmiz üçün böyük iqtisadi səmərələr vəd edən irimiqyaslı layihədir.

Bunu Bakıda keçirilən Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "Daşkəsən Dəmir Filiz" MMC ilə "Fonte GreenMet Investments Fund" arasında yüksək dəmir tərkibli isti briketləşdirilmiş dəmir (HBI) istehsalı üzrə birgə müəssisənin yaradılmasına dair müqavilənin imzalanmasına həsrolunmuş brifinqdə “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov deyib.

Onun sözlərinə görə, bununla belə, yataqlardakı filizlərin dəmir tərkibinin ortalama40 faizə yaxın təşkil etməsi, üstəlik filizlərin yerin daha dərin qatlarında yerləşməsi, eləcə də ölkəmizin beynəlxalq sulara birbaşa çıxışının olmaması layihənin əməliyyat və logistika xərclərinin ciddi şəkildə artmasına səbəb olur.

"Bu amillər isə öz növbəsində, əlavə dəyər qazandıran məhsulların istehsalı zərurətini ortaya çıxarır. Bütün bunları nəzərə alaraq, layihənin effektiv icrasını təmin etmək məqsədilə beynəlxalq nüfuzlu məsləhətçi şirkətlərin iştirakı ilə optimal texnoloji həll yolu müəyyən edildi. Bu yanaşma, üç mərhələli istehsal zəncirini - > 67% dəmir tərkibli daha keyfiyyətli konsentratın, pellet və isti briketlənmiş dəmirin (İBD) istehsalını əhatə edir",- Z.İbrahimov qeyd edib.

Əlavə olaraq bildirilib ki, sözügedən dəyər zəncirinin qurulması üçün tələb olunan təqribi investisiya həcmi 1,2 milyard ABŞ dolları təşkil edir. Layihənin icrası paralel şəkildə iki əsas hissədən ibarət olaraq nəzərdə tutulur:

1-ci hissə: Zənginləşdirmə və pellet istehsalı

Həyata keçirilmiş ilkin qiymətləndirmə çərçivəsində aparılan geoloji tədqiqatlar nəticəsində yataqlar üzrə 70 milyon ton artım qeydə alınıb, ümumilikdə isə yerin təkində 187,3 milyon ton dəmir filizi ehtiyatı təsdiqlənib. Bu həcm potensial olaraq gələcəkdə yataqların 15 il əlavə istismarı deməkdir. Hazırda bu mərhələ üzrə yekun bank təyinatlı Texniki-İqtisadi Qiymətləndirmə prosesi həyata keçirilir. Proses çərçivəsində geoloji, metallurji, texniki və iqtisadi təhlillər tamamlandıqdan sonra layihənin bu hissəsi üzrə tikinti-quruculuq işlərinə başlanılacaq.

2-ci hissə: İBD zavodunun yaradılması

Layihənin ikinci mərhələsiillik 2 milyon ton istehsal gücünə malik İBD zavodunun qurulmasını əhatə edir. Bu mərhələ layihənin əsas kapital yüklü komponentidir. Ümumi investisiya dəyəri təqribən 700 milyon ABŞ dolları təşkil edir.Məhz bu mərhələnin icrası məqsədilə Qazaxıstanın investisiya şirkəti“Fonte GreenMet Investments Fund” ilə strateji əməkdaşlıq qurulub. Bu əməkdaşlığın nəticəsi olaraq, “Daşkəsən Dəmir Filiz” MMC və “Fonte GreenMet Investments Fund” tərəfindən birgə müəssisə - “Azerbaijan Metal Company” MMC təsis edilib.

Z.İbrahimovun sözlərinə görə, bu təşəbbüs ölkəmizdə ilk dəfə olaraq birbaşa reduksiya texnologiyası əsasında irihəcmli istehsalat kompleksinin yaradılmasına imkan verəcək. Azərbaycanın sənaye və mədən sektorunun inkişafına, ixrac potensialının artırılmasına, həmçinin müasir texnologiyaların tətbiqi və beynəlxalq təcrübənin yerli istehsalata inteqrasiyasına xidmət edəcək. Strateji layihə ölkəmizin ÜDM-nə ildə təxminən 694 milyon ABŞ dolları həcmində töhfə verəcək, regionda məşğulluğu böyük ölçüdə artıraraq, 1600 nəfərə qədər yerli mütəxəssisin işlə təminatına imkan yaradacaq.

"Daşkəsən Dəmir Filiz" MMC-nin baş direktoru Ceyhun Əliyev isə deyib ki, zavod Şəmkir rayonunda inşa ediləcək: "Zavodun 2029-cu ilin əvvəlində istismara verilməsi planlaşdırılır. İstehsal prosesində müasir texnologiyalar, ekoloji baxımdan təhlükəsiz və dayanıqlı üsullar tətbiq olunacaq. Bizim üçün prioritet yalnız iqtisadi töhfə deyil, həm də ekoloji məsuliyyətdir: ətraf mühitə zərərlitəsirlərin minimuma endirilməsi və müasir, təhlükəsiz texnologiyaların tətbiqi DDF-in əsas iş prinsiplərindəndir".

Seçilən
16
vergiler.az

1Mənbələr