AZ

Bu sahədə istehsal azalıb - Səbəb nədir?

“Nəzərə alsaq ki, dövlətin milli prioritetlərindən biri qeyri-neft sektorunun sürətli inkişafını təmin etməkdir, bu halda ərzaq məhsullarında 74 faiz idxaldan asılılıq faciədir. 

BMT-nin ərzaq təhlükəsizliyi dinamikasına diqqət yetirsək, son 15 ildə ərzaq məhsullarının qiyməti bahalaşıb. Bu o deməkdir ki, biz inflyasiyanı idxal edirik”.

Bu sözləri iqtisadçı Fuad İbrahimov deyib. 

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov isə bildirib  ki, ərzaq məhsullarında idxaldan kəskin asılılığın müxtəlif səbəbləri var:

“Bu ilin yanvar-avqust aylarının yekununda Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsullarının dəyərinin ötən ilin eyni dövrü ilə müqayisədə az olması iqlim dəyişiklikləri ilə bağlıdır.

Bizim son bir neçə ildə apardığımız siyasət daha çox dəyər yaradan meyvəçiliyə fokuslanıb və bu il meyvə ixracı 40 %-dən çox artıb. Yəni aqrar sektorda azalma zamanla düzələcək, sadəcə periodik keçidə ehtiyac var". 

Nazir əlavə edib ki, buğda istehsalında məhsuldarlıq ciddi şəkildə artıb:

"Biz bunu rəqəmlərdə görürük".

Xatırladaq ki, bu ilin yanvar-avqust aylarında 9 milyard 424 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,8 % azdır.

Son 1 ildə ölkədə istehsal olunmuş bitkiçilik məhsullarının dəyəri 2,5 % azalaraq 4 milyard 776 milyon manata düşüb.Maraqlıdır, doğurdanmı bu gün ölkədə kənd təərrüfatı məhsullarının istehsalının azalması yalnız iqlim dəyişiklikləri ilə bağlıdır?

Məsələ ilə bağlı iqtisadçı-ekspert Akif Nəsirli “Cebheinfo.az”-a bildirib ki, son iki ildə doğurdan da Azərbaycanda iqlim şəraiti kənd təsərrüfatı üçün əlverişsiz olub:

“Yəni ötən ildə olduğu kimi, bu ildə də vəziyyət o qədər ürəkaçan olmayıb. Yazda yağışlar yağdı, dolu düşdü və bu fakt var. Kənd təsərrüfatı məhsulları ilə bağlı idxaldan asılı olmağımız, ölkənin daxili tələbatının 74 faiz asılı olmağını yalnız iqlim şəraiti ilə bağlaya bilmərik.  Azərbaycanda kənd təsərrüfatı sahəsində vəziyyət çox gərgindir. Bir tərəfdən ölkə daxilində suvarma sistemi tələblərə cavab vermir. Digər tərəfədən torpaqların ildən-ilə şoranlaşması və səhralaşması prosesi gedir.

Hər il məhsuldarlıq aşağı düşür. Bu istiqamətdə səmərəsiz idarəetmə müşahidə edilir. Bütün bunlar yerli kənd təsərrüfatı məhsullarının inkişaf etməsinə və məhsuldarlığın genişlənməsinə mənfi təsir göstərir. Eyni zamanda, Azərbaycan hökuməti kənd təsərrüfatına subsidiyalar verir. Bu subsidiyaların verilmə qaydası səmərəsizdir və məbləği çox aşağıdır. Eləcə də, fermerlərin kreditlərə çıxış imkanları zəifdir.

Həmçinin, fermerlərin bazara çıxışı, məhsulların realizasiyası, məhsulların anbarlaşdırılması, saxlanması, müasir suvarma sisteminin olmaması ölkədə kənd təsərrüfatı məhsullarının istehsalının həcminin azalmasınaa vəsilə olan amillərdəndir. Doğrudur, son iki ildə iqlim şəraitinin təsiri qaçılmazdır. Ancaq bu bir amildir. Ölkədə isə 20 ilə yaxındır ki, kənd təsərrüfatı tənəzzül yaşayır”.

Seçilən
12
1
cebheinfo.az

2Mənbələr