TBİLİSİ, 23 sentyabr. TELEQRAF
Gürcüstanda oktyabrın 4-də keçiriləcək yerli seçkilər üçün bülletenlərin çap prosesi davam etdirilir.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Mərkəzi Seçki Komissiyasından (MSK) bildirilib.
Bülletenlərin çapı Tbilisidəki dörd mətbəədə həyata keçirilir və prosesi MSK ilə yanaşı müşahidə təşkilatlarının nümayəndələri də daimi olaraq izləyirlər. MSK sədri Giorgi Kalandarişvili mətbəələrin birində çap prosesinin gedişi ilə tanış olub.
Hazırda 3 897 500 bülleten çap edilir. Etnik azlıqların yaşadıqları bölgələr üçün gürcü-Azərbaycan dilində 295 100, gürcü-erməni dilində 103 200 bülletenin çapı nəzərdə tutulub.
Sentyabrın 21-dən başlayan çap işləri bir neçə gün davam edəcək. Proses başa çatandan sonra bülletenlər qanunla müəyyən edilmiş müddətdə dairə seçki komissiyalarına, daha sonra isə məntəqə seçki komissiyalarına təhvil veriləcək.