AZ

Həmin direktordan bir ay əvvəl də şikayət olunubmuş, BŞTİ araşdırma aparıb…

Səs yazısı yayılan Bakıdakı 308 nömrəli tam orta məktəbin direktoru Təranə Məmmədova ilə bağlı daha bir qalmaqallı məqam üzə çıxıb.
Milli.Az-ın əldə etdiyi məlumata görə, Təranə Məmmədova ilə bağlı bir ay əvvəl də Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) şikayət olunub. İdarə araşdırma apardıqdan sonra isə bildirib ki, 308 nömrəli tam orta məktəbin direktoru və müəllimlərin fəaliyyətində qanun pozuntusu aşkar olunmayıb.
Vətəndaş F.Kərimova bildirib ki, övladı E.Kərimov buraxılış imtahanlarında uğurlu nəticə göstərib və universitetə daxil olub, lakin ixtisas seçimi zamanı problemlə üzləşiblər.
“Övladım 308 nömrəli tam orta məktəbi bitirmişdi. İxtisas seçimi zamanı məlum oldu ki, övladımın attestatı təsdiqlənməyib. Əvvəldən də direktor Təranə Məmmədova yuxarı siniflərin valideynlərindən pul alaraq attestata yüksək qiymət yazırdı, mən isə heç bir ödəniş vermədim. O da bundan hiddətlənib mənim övladıma qayıblar yazıb və yekunda  attestatın verilməsindən imtina edib. Təsəvvür edirsiz, övladım buraxılış imtahanından keçib, amma direktor bu pisliyi etmək üçün ona qayıblar yazdırıb ki, attestat ala bilməsin.
Məsələ ilə bağlı elə həmin vaxt Bakı Şəhəri üzrə Təhsil İdarəsinə rəsmi müraciət etdim. Cavab məktubunda mənə bildirildi ki, direktorun və müəllimlərin fəaliyyətində pozuntu yoxdur. Bir ay keçmədi səs yazısı yayıldı və direktor işdən çıxarıldı. Olan mənim övladıma oldu. övladım buraxılış imtahanından keçsə belə direktorun qanunsuzluğuna görə universitetə daxil ola bilmədi, BŞTİ isə nəyəsə görə mənim şikayətimə obyektiv baxmadı. Necə ola bilərdi ki, direktor əvvəl qanusnsuzluq etməyib, indi birdən-birə pul yığmağa başladı?!”
Qeyd edək ki, BŞTİ tərəfindən yayılan sonuncu məlumatda paytaxtdakı 308 nömrəli tam orta ümumtəhsil məktəbi direktorunun səs yazısı ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən araşdırma aparıldığı və araşdırma nəticəsində məktəbin direktoru Təranə Məmmədova   tutduğu vəzifədən azad olunub və onunla bağlanmış əmək müqaviləsinə xitam verildiyi deyilmişdi.
Bir ay əvvəl isə BŞTİ tərəfindən aparılan araşdırmada direktorun fəaliyyətində pozuntular aşkarlanmayıb.
Seçilən
15
7
tribunainfo.az

8Mənbələr