AZ

"Şərait olmadığından Gürcüstanda məşq edirik" – Federasiya prezidentinin İDMAN.BİZ-ə MÜSAHİBƏSİ

Heç kimə sirr deyil ki, Azərbaycanda təkcə olimpiya deyil, həm də qeyri-olimpiya idman növləri inkişaf edir. Gənclər və İdman Nazirliyi bu federasiyalara heç bir fərq qoymadan dəstək göstərir. Həmin federasiyalardan biri də Azərbaycan Motosiklet İdmanı Federasiyası, daha sadə desək, motoidman federasiyasıdır.

İdman.biz yaxın vaxtlarda adıçəkilən federasiyaya rəhbər təyin olunan Fuad Bağırovla müsahibəni təqdim edir:

- Federasiyaya rəhbərliyinizin üzərindən 100 gündən bir qədər artıq vaxt keçib. Adətən siyasətdə bu müddət hesabat dövrü kimi qəbul olunur. Maraqlıdır, sizdə vəziyyət necədir? Fəxr edə biləcəyiniz məqamlar varmı?

- Açığı, mənə bir az da vaxt versəydiniz, daha yaxşı olardı (gülür). Sadəcə, yaxın aylarda həyata keçirməyi düşündüyümüz bir neçə ideya var. Amma hələ onlar yalnız kağız üzərində olduğu üçün indidən açıqlamağa risk etmirəm. Bununla belə, fəxr etməyə əsas var. Bu il mayın 30-da bu vəzifəyə təsdiqləndikdən sonra mənim əsas məqsədim Azərbaycanda bu idman növünü yenidən dirçəltmək oldu. Çünki artıq iyirmi ildən çoxdur ki, federasiya demək olar fəaliyyət göstərmirdi. Biz isə, necə deyərlər, qollarımızı çırmayıb işə başladıq.

- Hazırda işləriniz necə gedir?

- Hazırda bizim üç idmançımız var ki, onlar beynəlxalq yarışlarda tam rəqabət apara biləcək səviyyədədirlər. Onlardan biri Anar Məmmədov Gürcüstanda keçirilən yarışlarda iki medal qazanıb: sportbayk (idman motosikleti) üzrə gümüş və qızıl medal. Bundan başqa, ondan artıq gənc idmançımız var ki, onları, belə desək, sınayırıq, hazırlayırıq.

- Bəs qadınlardan ibarət komanda?

- Hələ yoxdur.

- Bəs məşqlər üçün yeriniz varmı? Axı, bizim yeganə motodromumuz artıq uzun illərdir fəaliyyət göstərmir.

- Motokros üzrə idmançılarımız Badamdarda məşq edirlər. Mototreklə bağlı isə ölkəmizdə belə şəraitin tam olmaması səbəbindən Gürcüstanın Rustavi şəhərinə üz tutmuşuq. Orada yaxşı bir mototrek var. Bizim üçün ən yaxın yer elə oradır.

Vüqar Vüqarlı
İdman.biz

Seçilən
0
idman.biz

1Mənbələr