Dünən "Qızıl Top" mükafatının qalibi açıqlandı: Usman Dembele — PSJ klubunun və Fransa milli komandasının hücumçusu. Fransanın adı çəkiləndə 10 oktyabrda keçiriləcək oyunu yad etməmək qeyri-mümkündür. Futbol üzrə Azərbaycan milli komandasının dünya çempionatının seçmə mərhələdə növbəti oyununu keçirməyə nə az, nə çox düz 17 gün qalıb. Yığmamızın sükanı arxasında kimin olacağı isə bəlli deyil. Namizədlər siyahısında ilk yerdə olan bir nəfər var. Nəinki AFFA, futbolumuza ümidi olan hamı bu baş məşqçiyə — Ayxan Abbasova zillənib.
17 gün qalıb. Bəlkə də azdır, amma futbolçuları 1 günə meydana çıxarmaqdan, 0:5 hesablı dağıdıcı məğlubiyyətin ardından heç-heçə etməkdən çətin deyil. Daha çətin günlər gəlir, amma Azərbaycan milli komandasının asan günü olubmu? Ayxan Abbasovu tərəddüdündə qınamaq olmaz. Küllər içində bir yığmanı qarşısına qoyublar. Amma onun baş məşqçiliyi altında "Sumqayıt"ın, daha sonra isə "Turan Tovuz"un səliqə-sahmana düşdüyünü gözlərimlə görmüşəm. Bir yaxşı bağban lazımdır ki, o küldən gül düzəldə bilsin. Torpaq ki, bizimdir?! Gerçəkdən də torpağımız futbolçular yetişdirə bilir. Elə isə yadellilərin yandırıb getdiyi o məkanı A.Abbasova həvalə etməkdən daha yaxşı seçim var?
AFFA-ya gəlincə, əminlik verməlidir: Qarşıdan gələn oyunlarda nəticədən asılı olmayaraq, Ayxan Abbasova arxa durmalıdır. Avropa çempionatı, dünya çempionatının əsas mərhələsi istəmirəm, heç birimiz də gözləməli deyilik. İstədiyimiz mübariz bir milli komandadır. Biz çox yandıq. Bundan sonra başqa milli komandalara qalib gəlsək, heç-heçə etsək, uduzsaq da mübarizlik görək. Ukraynaya qarşı oyunda bunu izlədik. Bundan sonrakı matçlarda buna Ayxan Abbasovdan başqa birinin nail olacağına inanmıram.