AZ

Dünyanın ən böyük almazı üçün qiymət müəyyənləşdirilir

Dünyanın ən böyük almazı üçün qiymət müəyyənləşdirilir

Botsvanada ötən il tapılan 2.488 karatlıq nəhəng almaz muzeyə və ya xüsusi kolleksiyaya daxil olmadan əvvəl dəyərinin müəyyən edilməsini gözləyir. “Motswedi” adlandırılan daş hazırda Belçikanın Anvers şəhərində fəaliyyət göstərən HB Antwerp şirkəti tərəfindən araşdırılır.

Təxminən yarım kiloqram ağırlığında olan "Motswedi" ölkənin şimal-şərqindəki Karove mədənində kəşf edilib.

Afrikanın ən böyük almaz istehsalçısı olan Botsvanadakı bu mədən Kanadanın Lucara Diamond şirkətinə məxsusdur. Lucara 10,8 karatdan böyük daşların emalı və satışı üçün HB Antwerp ilə əməkdaşlıq edir.

HB Antwerp sözçüsü Marqo Donkyer bildirib ki, daşın qiyməti əvvəlcə kəsimdən sonra əldə ediləcək nəticələrə görə müəyyən olunacaq. Bununla belə şirkətin əlində "Motswedi" də daxil olmaqla dörd böyük daş var. Onların ümumi dəyərinin ən az 100 milyon dollar olacağı gözlənilir.

Donkyer qeyd edib ki, bu qədər böyük daşlar olduqca nadirdir və buna görə muzeylərdə nümayiş etdirilə və ya kolleksiyasına əlavə etmək istəyən zəngin alıcıların diqqətini cəlb edə bilər. "Motswedi" üçün artıq dünyanın müxtəlif ölkələrindən tələb var.

"Motswedi"dən əvvəl Botsvanada tapılan ən böyük daş 2019-cu ildə eyni Karove mədənində çıxarılan və 1.758 karat ağırlığında olan “Sewelo” idi. Tarixdə tapılan ən böyük almaz isə 1905-ci ildə Cənubi Afrikada kəşf edilən 3.106 karatlıq "Cullinan" olub.

"Cullinan"dan kəsilən daşlardan biri “Afrika Ulduzu” adı ilə London qülləsində sərgilənən Böyük Britaniya krallığı zərgərlik kolleksiyasında yer alır.

Seçilən
12
2
afn.az

3Mənbələr