AZ

Ukrayna müharibəsi geosiyasəti alt-üst edir: Rusiyanın itirdiyi imkanlar

Ukrayna müharibəsi yalnız iki ölkənin deyil, qlobal geosiyasi balansın da dönüş nöqtəsinə çevrilib. Ekspertlər bildirir ki, müharibə Rusiya üçün həm daxili, həm də xarici siyasətdə ciddi sınaqlar yaradıb, digər regionlarda nüfuzunun zəifləməsinə səbəb olub. Artıq dünya səhnəsində yeni münasibətlər və təsir bölgüləri formalaşır.

Mövzu ilə bağlı siyasi analitik Aydın Quliyev Editor.az-a bildirib ki, Ukraynada baş verən müharibə dünya geosiyasi konfiqurasiyalarında ciddi dəyişikliklərə səbəb olub və yeni münasibətlər sisteminin formalaşmasına yol açıb.

Onun sözlərinə görə, Ukrayna müharibəsindən sonra dünyadakı geosiyasi reallıqlar tamamilə dəyişəcək.

Quliyev vurğulayır ki, Rusiyanın Ukraynada uzun müddət gecikməsi onun digər regionlarda siyasi nüfuzunu və himayəçilik imkanlarını xeyli zəiflədir. “Faktdır ki, Rusiya artıq nə Avropada, nə Yaxın və Orta Şərqdə, nə Cənubi Qafqazda, nə də Mərkəzi Asiyada fəal siyasət apara bilmir. Müharibənin hansı mərhələdə olduğunu dəqiq demək çətin olsa da, onun gətirəcəyi dəyişikliklər aydın görünür”, – deyə Quliyev bildirib.

Analitik hesab edir ki, hazırda Rusiya həm Ukraynada bəzi mövqelərini itirə, həm də digər geosiyasi məkanlarda əvvəlki təsir imkanlarını bərpa etməkdə çətinlik çəkir: “İddia etmək olmaz ki, Rusiya Ukrayna müharibəsində tam qalib gələrək öz imkanlarını bərpa edəcək. Müharibə dərinləşdikcə onun Avropada, Yaxın və Orta Şərqdə, eləcə də Qafqazda mövqelərini itirmə ehtimalı daha da artır”.

O, xüsusilə Azərbaycan-Ermənistan normallaşma prosesinə diqqət çəkir: “Bu ilin yayına qədər ABŞ təsiri güclənənədək Rusiya normallaşma prosesində tormozlayıcı rol oynayırdı. Lakin Ukrayna müharibəsi dərinləşdikcə Rusiyanın bu proseslərə təsir imkanları daha da zəifləyəcək”.

//Gülnarə Abasova, Editor.az

Seçilən
19
editor.az

1Mənbələr