AZ

Jurnalist araşdırması: Ölkəmizin adını daşımış Qazaxıstan rejissoru VİDEO

Bakı, 23 sentyabr, AZƏRTAC

Astanada keçirilən beynəlxalq tədbirdə bizə görüşün keçiriləcəyi məkanın - Azerbayjan Mambetov Teatrının adını deyəndə, bu təsadüfün iki xalq arasında mədəniyyət körpüsünə çevrilmiş bir insanın taleyi ilə bağlı maraqlı araşdırmanın başlanğıcı olacağını təsəvvür edə bilməzdim.

Adı mənim ölkəmlə demək olar ki, eyni olan bir qazax rejissoru. Rusca transkripsiyada fərq yalnız bir hərfdir – “d”. Bu sadə görünən təsadüf məni heyrətamiz kəşflərə apardı. Bu adın mənşəyini axtarıb tapmaq istədim.

İnternetdə uzun müddət axtarış aparmağa ehtiyac duymadım, Astanada təkcə teatrın deyil, həm də bir küçənin adını daşıyan qazax rejissoru Azerbayjan Madieviç Mambetov haqqında məlumatı asanlıqla tapdım.

Jurnalist dostum vasitəsilə 2009-cu ildə dünyasını dəyişən rejissorun həyat yoldaşının telefon nömrəsini tapdım və ona zəng etdim.

Həmsöhbətim cavab verdi ki, o, indi dərsdədir, amma həmin axşam mənim sualımla bağlı ətraflı danışa bilər. Onunla elə oradaca - teatrda görüşməyə razılaşdıq.

Teatr müasir, gözəl, əsl mədəniyyət mərkəzinin xüsusi ab-havası olan bir mədəniyyət ocağıdır. Bu binada mən mərhum Azerbayjan Mambetovun həyat yoldaşı, tanınmış qazax opera müğənnisi Korlan İhsankızı ilə görüşdüm. Teatra gəlişi münasibətilə ona gül-çiçək də təqdim olundu.

Birinci həyat yoldaşının vəfatından illər sonra rejissor həyatının sonuna qədər - 15 il birlikdə yaşadığı Korlan İhsankızı ilə ailə qurub.

Bu xanımla söhbət əsnasında onun yaradıcı ruhu, enerjisi və xarizması hiss olunurdu. O, mərhum ərinin həyatı, Qazaxıstan teatrı və kinosunun inkişafına verdiyi töhfələr haqqında çoxlu maraqlı hekayələr paylaşırdı.

Çox keçmədi ki, ona əsas sualımı verdim: Mambetov belə qeyri-adi adı haradan alıb?

Rejissorun həyat yoldaşının sözlərinə görə, onun mənşəyi ilə bağlı iki versiya var. Birincisi odur ki, məşhur akın (şair) Azerbayev vaxtilə Qazaxıstanda yaşayıb, qəhrəmanımız onun ismini daşıyıb və sonralar bu ada həmin “jan” sonluğunu əlavə edilib.

İkinci variant daha şəxsi xarakter daşıyır: gələcək rejissorun atası azərbaycanlı ilə dost olub və güclü məhəbbət əlaməti olaraq oğluna dostunun və onun xalqının adını qoymağa qərar verib.

İndi hansı versiyanın daha doğru olduğunu uzun illərdən sonra müəyyən etmək çətindir.

Korlan İhsankızı daha bir maraqlı əhvalatı danışdı. 1997-ci ildə rejissor Mambetov Bakıda Qazaxıstan nümayəndə heyətinə başçılıq edib. Qonaqları təqdim edəndə və növbə ona çatıb. Rejissorun adını eşidən kimi, hamı dərhal ayağa qalxıb və onu gurultulu alqışlarla qarşılayıb.

Bu maraqlı hadisə Kumısbala Moltobarovanın “Rejissor Azerbayjan Mambetov fenomeni” kitabında nəql olunur.

Əsl araşdırma obyektinə çevrilən Azerbayjan Mambetov Teatrını ziyarətim bununla başa çatdı. Mən nəinki canlı sənətin şahidi oldum, həm də bir insanın taleyinin iki xalq arasında mədəni körpüyə çevrildiyini hiss etdim. Onun adı ilə bağlı həqiqət əbədi olaraq sirr kimi qala bilər, lakin hekayənin özü artıq Qazaxıstan və Azərbaycanı birləşdirən böyük bir mirasdır.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Seçilən
49
2
azertag.az

3Mənbələr