AZ

NATO ölkələri Rusiyaya sərt mesaj göndərib: Sizi xəbərdar etdik...

Polşa, İsveç, Litva və Estoniya rəhbərləri Moskvanın hava məkanını pozması halında qətiyyətli cavab veriləcəyini bəyan ediblər…

Poliqon xəbər verir ki, Polşanın xarici işlər naziri Radoslav Sikorski Rusiyanı açıq şəkildə xəbərdar edərək bildirib ki, əgər Moskvanın raketləri və ya hərbi təyyarələri NATO-nun hava məkanına daxil olarsa, onların vurulması qaçılmaz olacaq və bu halda Rusiya BMT-də şikayət etməməlidir.

Rusiyanın hökumətinə yalnız bir xahişim var: əgər bizim hava məkanımıza, bilərəkdən və ya səhvən, daha bir raket və ya təyyarə daxil olarsa və vurularaq qalıqları NATO ərazisinə düşərsə, zəhmət olmasa, gəlib burada şikayət etməyin. Sizi xəbərdar etdik”, deyə Sikorski sərt bəyanatında vurğulayıb.

Polşanın Baş naziri Donald Tusk da mövqeyini açıq şəkildə ifadə edərək qeyd edib ki, ölkə öz hava sərhədlərini pozan istənilən düşmən təyyarəsini tərəddüdsüz məhv edəcək:

“Mən tam aydın olmaq istəyirəm. Polşanın ərazisinə daxil olub üzərimizdən uçan hər bir obyekt müzakirəsiz vurulacaq. Burada mübahisəyə yer yoxdur”, deyə Tusk bəyan edib.

Eyni mövqeni İsveç də ortaya qoyub. Ölkənin müdafiə naziri Pol Yonsson bildirib ki, hökumət artıq ordunu təlimatlandırıb və sərhədləri pozan istənilən hava vasitəsinə qarşı silah tətbiq edilə bilər:

“Hökumət silahlı qüvvələrə göstəriş verib ki, hava sərhədlərini pozan təyyarələrə qarşı, lazım gəldikdə, xəbərdarlıqlı və ya xəbərdarlıqsız silah tətbiq edilsin”, deyə Yonsson açıqlama verib.

Litva prezidenti Gitanas Nauseda isə Rusiyanın NATO-nun şərq cinahını sınağa çəkdiyini vurğulayıb:

Rusiya bizi sınağa çəkir, hazırlığımızı yoxlayır, əks tədbir görmək iradəmizi sınayır… Bu vəziyyətdə həmrəyliyi nümayiş etdirmək çox vacibdir”, deyə dövlət başçısı qeyd edib.

Estoniyanın xarici işlər naziri Marqus Tsaxkna da oxşar mövqe ilə çıxış edərək bildirib ki, Vladimir Putin NATO-nun birliyini test etməyə çalışır:

“Putin odla oynayır və əgər növbəti dəfə ərazimizə və ya bizə qarşı birbaşa təhlükə görsək, vəziyyət tamam başqa ola bilər”, deyə estoniyalı nazir xəbərdarlıq edib.

Poliqon.info

Seçilən
1
poliqon.info

1Mənbələr