AZ

Adnan Əhmədzadəni müdafiə edən vəkil nazirlikdə departament müdiridir? – Foto


Adnan Əhmədzadənin vəkili Şaiq Mirzəyevin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” publik hüquqi şəxsin Hüquq, kadrlar və sənədlərlə iş departamentinin müdiri olduğu bildirilir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə tanınmış hüquqşünas Əkrəm Həsənov sosial şəbəkə hesabında məlumat dərc edib.
Əkrəm Həsənov bildirib ki, “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunun 9.3.1-ci maddəsinə əsasən, vəzifəli şəxsin xidməti vəzifəsini icra etdiyi dövrdə elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, digər ödənişli vəzifələri tutması və ya fəaliyyət növü ilə məşğul olması korrupsiyaya şərait yaradan hüquqpozma sayılır:
“Problem Mirzəyevin vəkil olmasında deyil. Vəkil ola bilər. Amma işəgötürəndən başqa kimsəyə ödənişli əsasla xidmət göstərə bilməz. Mirzəyev dünən özü bildirib ki, Əhmədzadənin istəyi ilə onu müdafiə edir. Deməli, ödənişli əsaslarla. Bu isə korrupsiyaya şərait yaradan hüquqpozma sayıla bilər. Məsələyə qiymət verilməsi və tədbir görülməsi üçün Baş prokurora, DİN-ə, DTX-yə və əmək və əhalinin sosial müdafiəsi nazirinə məktubla müraciət etmişəm.
Məsələnin digər tərəfi də var. “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi strukturunda çalışan dövlət qulluqçusu olmayan əməkdaşlar üçün etik davranış Qaydaları”nın 7-ci bəndinə əsasən, əməkdaş elmi və yaradıcılıq fəaliyyəti istisna olmaqla, çalışdığı qurumun rəhbərinin icazəsi olmadan pedaqoji fəaliyyətlə məşğul ola bilməz. Həmçinin əməkdaş əmək fəaliyyətinə və iş qabiliyyətinə mənfi təsir göstərən kənar fəaliyyətdən çəkinməlidir. Yəni bu norma da pozulub.
Nəhayət, sağlam məntiq baxımdan həftədə azı bir neçə dəfə nəinki Bakıda, həmçinin regionlarda vəkillik fəaliyyəti göstərən şəxs “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” publik hüquqi şəxsinin Hüquq, kadrlar və sənədlərlə iş departamentinə necə müdirlik edir görəsən? İşlədiyi qurumda qanunçuluğu təmin etməli olduğu halda qanunu pozur? Kadrların iş vaxtının uçotuna nəzarət etməli olduğu halda özü iş yerində olmur? Axı dövlətdən, yəni bizim hesabımıza əmək haqqı alır. Niyə?”

Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın mətbuat katibi Fidan Seyidşahqızı isə Şaiq Mirzəyevin hazırda qurumun əməkdaşı olmadığını bildirib:
“Onunla əmək müqaviləsinə xitam verilib”.
Lakin o, müqaviləyə nə zaman xitam verildiyini açıqlamayıb. Ə. Həsənov isə bildirib ki, o bu barədə öz sosial şəbəkə hesabında məlumat dərc edərkən qurumun rəsmi saytında Ş. Mirəzyev həmin vəzifədə göstərilib.

Murad Məmmədov
Seçilən
22
17
yeniavaz.com

10Mənbələr