AZ

Qlobal təhlükəsizlik gündəmində Azərbaycanın rolu

Müasir dövrdə təhlükəsizlik anlayışı yalnız dövlət sərhədlərinin qorunması ilə məhdudlaşmır.

Hərbi qüvvələr, sərhəd məftilləri və fiziki baryerlər artıq heç bir xalqın milli təhlükəsizliyini tam şəkildə təmin etmir. Hibrid savaşlar, rəngli inqilablar, terror hücumları, kiberhücumlar, müxtəlif xarakterli silahlı münaqişələr, humanitar böhranlar və texnogen fəlakətlər qlobal miqyasda ciddi təhdidlərə çevrilməkdədir. Belə bir şəraitdə təhlükəsizlik dövlətlərin iradəsinin, xalqların həmrəyliyinin və beynəlxalq əməkdaşlığın ortaq sinergetikası ilə formalaşır.

Çağdaş dövrümüzün ortaya çıxardığı bu çağırışları müzakirə etmək üçün 21 sentyabr 2025-ci ildə Bakı Təhlükəsizlik Forumu keçirildi. 90-a yaxın ölkədən gəlmiş xüsusi xidmət orqanları rəhbərlərinin iştirakı ilə gerçəkləşən III Bakı Təhlükəsizlik Forumunda terrorizm, silahlı münaqişələr, texnogen və ekoloji fəlakətlərin qarşısının alınmasında xüsusi xidmət orqanlarının müstəsna rolu geniş müzakirə edildi. Erkən xəbərdarlıq mexanizmləri, kəşfiyyat məlumatlarının mübadiləsi, strateji planlaşdırma və humanitar strukturlarla koordinasiya əsas müzakirə mövzuları oldu.

Forumun diqqət mərkəzində olan müzakirə mövzularından biri də Azərbaycanın uğurlu antiterror təcrübəsi oldu. 2023-cü ilin sentyabrında həyata keçirilən qısa müddətli, lokal və yüksək dəqiqliklə icra olunmuş antiterror əməliyyatları nəticəsində uzun illər ərzində Azərbaycan ərazisində kök salmış terrorçu qruplaşmaların fəaliyyəti dayandırılmışdır. Bu təcrübə yalnız Azərbaycan üçün deyil, digər dövlətlər üçün də uğurlu bir presedent yaradır və bir çox ölkələr bu modelin öyrənilməsi və tətbiqinə maraq göstərirlər.

Prezident İlham Əliyevin Forum iştirakçılarına müraciəti səsləndirildi, mövzu ilə bağlı təqdimatlar olundu və Forumun sonunda Bəyannamə və Əsasnamə qəbul edildi.

Prezident İlham Əliyevin müraciətində deyilir: “Biz inanırıq ki, sabitliyə və firavanlığa yalnız dialoq və tərəfdaşlıq yolu ilə nail olmaq mümkündür”.

Dövlət başçısının qeyd etdiyi kimi, təhlükəsizlik yalnız fövqəladə hallara müdaxilə və qarşılıqlı dəstək mexanizmlərinin qurulması ilə məhdudlaşmır, bu həm də dövlətlərin rifahı və uzunmüddətli sabitliyi ilə sıx bağlıdır. Hazırda terrorizm, dini ekstremizm, kibertəhdidlər, transmilli cinayətkarlıq və qanunsuz miqrasiya kimi çağırışlar qlobal miqyasda ciddi narahatlıqlar doğurur. Bakı Təhlükəsizlik Forumu bu çağırışların neytrallaşdırılması, qarşılıqlı etimad və əməkdaşlıq mühitinin gücləndirilməsi baxımından əhəmiyyətli bir platformadır. Forumun ildən-ilə daha çox dövlətin marağını cəlb etməsi, müzakirə edilən mövzuların əhəmiyyətini və bu istiqamətdə Azərbaycanın təşəbbüskarlığının beynəlxalq səviyyədə dəstəkləndiyini göstərir.

Bütün bunlar göstərir ki, Bakı Təhlükəsizlik Forumu yalnız regional əməkdaşlıq meydanı deyil, qlobal təhlükəsizlik gündəmini müəyyən edən, dövlətlər arasında etimadı gücləndirən və birgə fəaliyyət imkanları yaradan beynəlxalq platformadır. Azərbaycan bu platformanı yaratmaqla yalnız milli maraqlarını qorumur, eyni zamanda beynəlxalq ictimaiyyətin ümumi təhlükəsizlik maraqlarına xidmət edir. Bakının ev sahibliyi etdiyi Forum müasir beynəlxalq münasibətlər sistemində yeni model kimi çıxış edir və göstərir ki, qlobal təhlükəsizlik yalnız dialoq və qarşılıqlı etimad mühiti üzərində qurula bilər.

Prezident İlham Əliyevin müraciətində bu müzakirələrin səmərəli olacağına və konfransda aparılacaq təhlillərin və veriləcək tövsiyələrin daha təhlükəsiz bir gələcəyin formalaşmasına əhəmiyyətli töhfələr verəcəyinə inam ifadə olunur. Dövlət başçısı öz müraciətində vurğulayır ki, Bakı Təhlükəsizlik Forumu dünya ölkələrinə ümumi təhdidlərə qarşı vahid mövqedən çıxış etmək, təcrübə mübadiləsi aparmaq və birgə fəaliyyət planları hazırlamaq imkanı verir.

Forum qlobal təhlükəsizlik siyasətində Azərbaycanın strateji mövqeyini gücləndirən, beynəlxalq əməkdaşlığı təşviq edən, həm region, həm də dünya miqyasında etimad və nüfuz yaradan bir platformadır. Bu Forum Azərbaycanın beynəlxalq imicinə əlavə dəyər qatmaqla yanaşı, dövlətimizin sülh, sabitlik və təhlükəsizlik mərkəzi kimi beynəlxalq rolunu möhkəmləndirir. Azərbaycan təkcə regional deyil, həm də qlobal təhlükəsizlik gündəmini formalaşdıran əsas aktorlardan biri kimi çıxış edir. Onlarla ölkənin xüsusi xidmət orqanları rəhbərlərinin və təhlükəsizlik ekspertlərinin hər il Bakıda toplanması ölkəmizin beynəlxalq münasibətlərdə qazandığı müstəsna rolun və strateji nüfuzun daha bir ifadəsidir.

Cavanşir Feyziyev

Milli Məclisin deputatı

Seçilən
15
6
moderator.az

7Mənbələr