AZ

Tramp müəmması: Azərbaycan və Ermənistanın adını niyə “dəyişir”?

ain.az bildirir, GlobalInfo portalına istinadən.

ABŞ Prezidenti Donald Trampın Ermənistanı “Albaniya”, Azərbaycanı “Kamboca” adlandırması birmənalı qarşılanmayıb. Ekspertlər hesab edir ki, bu tip səhvlər həm gərgin iş rejiminin, həm də diqqət dağınıqlığının nəticəsi ola bilər. Cons Hopkins Universitetinin keçmiş professoru doktor Con Qartner isə deyib ki, Trampda demans əlamətləri aşkarlanıb.

Trampın Azərbaycan və Ermənistanın adını səhv deməsi nə ilə bağlı ola bilər?

Globalinfo.az-a danışan beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli deyib ki, əslində bunun xüsusi bir səbəbi yoxdur:

“Ola bilsin ki, Tramp da eks-prezident Co Baydenin xəstəliyinə tutulub və buna görə ölkələrin adlarını yanlış deyir. Digər tərəfdən, görünən odur ki, dövlət idarəçiliyindən gəlməyən şəxslər üçün bu cür məsələlər o qədər də əhəmiyyət daşımır. Lakin bütövlükdə bir protokol xətası, xüsusilə də dövlət rəhbərinin və ya onun simvolunun bu qədər yanlışa yol verməsi skrelozdur.

Əziz Əlibəyli

Təəssüf ki, bu gün dünyada belə skreloz liderlər hökm sürür. Bunu yalnız Trampın timsalında demirəm, hazırda belə tiplər kifayət qədərdir. Belə fiqurlar qlobal proseslərə təsir göstərirlər”.

Nevroloq Rəna Abbasova bildirib ki, yaddaşla bağlı problem yarandıqda bir sıra amillər nəzərə alınmalıdır:

“Əvvəlcə yaddaş pozulmasının səbəbi müəyyən edilməlidir. Bu, həm fizioloji, həm də patoloji səbəblərlə bağlı ola bilər: stress, yuxusuzluq, somatik xəstəliklər, qanazlığı və s. hallarda yaddaş zəifləməsi müşahidə olunur. Proses professional və məişət yaddaşı adlandırılan iki növ üzrə cərəyan edir. Bəzən pasiyentlər iş və ya dərslə bağlı heç nəyi unutmasa da, gündəlik həyatda yaddaş zəifliyi hiss edirlər. Bu, əsasən diqqət çatışmazlığı ilə bağlıdır. İnsan önəmli hesab etmədiyi məlumatı yadda saxlamağa çalışmır, lakin peşə fəaliyyətində problem yaşanır”.

Rəna Abbasova

Nevroloq qeyd edib ki, yaddaş problemində yaş da mühüm rol oynayır:

“Xüsusilə yuxunun keyfiyyətsizliyi yaddaş zəifləməsinə gətirib çıxara bilər. Yaşlılarda, əsasən 60 yaşdan yuxarı şəxslərdə yaxın adamların adlarını, məkan və ya yer adlarını unutmaq demans və digər ciddi xəstəliklərin əlaməti ola bilər. Bu halda mütləq həkimə müraciət edilməli, xüsusi test və müayinələr aparılmalıdır. Stress də yaddaş zəifləməsi təəssüratı yarada bilər. Bu, “yalançı unutqanlıq” adlanır və stress aradan qalxdıqda yaddaşın normal olduğu üzə çıxır. Ciddi yaddaş pozuntusu müşahidə edilərsə, həkim müayinəsi vacibdir. Bu zaman vitamin çatışmazlığı, dərman qəbulu, həyat və iş rejimi də araşdırılır, səbəb müəyyən edildikdən sonra müvafiq müalicə təyin olunur”.

Ləman İmran

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
17
1
globalinfo.az

2Mənbələr