AZ

Kənd təsərrüfatında gerilməsinin səbəbləri və çıxış yolları - TƏKLİF

Azərbaycanda bu ilin yanvar-avqust aylarında 9 milyard 424 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,8 % azdır. Kənd təsərrüfatı naziri Məcnun Məmmədov bu geriləmənin iqlim dəyişiklikləri ilə bağlı olduğunu bildirib.

"Bizim son bir neçə ildə apardığımız siyasət daha çox dəyər yaradan meyvəçiliyə fokuslanıb və bu il meyvə ixracı 40 %-dən çox artıb. Yəni, aqrar sektorda azalma zamanla düzələcək, sadəcə periodik keçidə ehtiyac var", - deyə o qeyd edib.                                                                                                                                                   

Nazirim kənd təsərrüfatındakı geriləməni yalnız iqlim dəyişikliyi ilə əlaqələndirməsi diqqət çəkib. Bəzi ekspertlər düşünür ki, problem heç də təkcə iqlim dəyişiklikləri ilə bağlı deyil. 

Modern.az-a açıqlamasında Liberal İqtisadçılar Birliyinin sədri Akif Nəsirli bildirib ki, Azərbaycanın kənd təsərrüfatında fundamental çatışmazlıqlar var:

"Doğrudan da, iqlim dəyişikliklərinin fəsadları var. Artıq iki ildir, Azərbaycanda yaz aylarında qeyri-sabit dəyişkən hava şəraiti keçir. Bu da məhsulun həm keyfiyyətinə, həm də məhsuldarlığına ciddi zərər vurur. Bu, danılmaz faktdır. Məsələ burasındadır ki, suvarma, fermerlərin kreditlərə əlçatanlığının aşağı olması, məshulun maya dəyərinin baha başa gəlməsi kimi problemlər var. Azərbaycanda dizel yanacağının litri 1 manata satılır. Bu da olduqca baha qiymətdir. Məsələn, qonşu İranda dizelin 1 litri bizimki ilə müqayisə 50 dəfə ucuzdur. Bəzən soruşurlar ki, niyə yağ İranda 7-8 manata, Azərbaycanda isə 30 manata başa gəlir? 

Subsidiyaların verilmə metodolgiyasında da ciddi problemlər mövcuddur. Məsələn subsidiyanın 25%-i ilə vasitələr almalı olurlar. Bu da Kənd Təsərrüfatı Nazirliyinin seçdiyi bəlli şirkətlər tərəfindən realizasiya olunur. Yəni kəndli, fermer bir növ həmin şirkətlərə təhkim olunur. Həmin şirkətlər də bundan istifadə edib ən keyfiyyətsiz məhsulları baha qiymətlərlə satırlar. Keyfiyyətsiz vasitələrlə yüksəksəviyyəli məhsuldarlıq mümkün deyil. Torpaqların ildən-ilə şoranlaşması baş verir. Bəzi torpaqlarda su çatışmazlığı olduğu halda, digər hissələrdə daha çox sudan istifadə olunur. Su resursları demək olar ki, idarə olunmur. Bir yandan şoranlaşma, digər yandan da su çatışmazlığı ucbatından səhralaşmaya görə məhsuldarlıq aşağı düşür. Bu, bir-iki ilin problemi deyil. Artıq 10 ildir ki, kənd təsərrüfatı məhsullarının istehsalı azalır. İdxal artıq 10 ildir ki, ildən-ilə artır". 

İqtisadçı mövcud vəziyyətdən çıxış yolu ilə bağlı da danışıb:

"Çıxış yolu, birincisi su resursları ciddi şəkildə idarə olunmalı, fermerlərə subsidiyaların verilməsi metodoligiyası dəyişilməli və onun həcmi artırılmalıdı. Torpaqların şoranlaşmasının qarşısı alınmalı, suvarma suyunun innovativ üsullarla, yəni yağış suyu və damcı üsuluyla suvarılması genişlənməlidir. Fermerlerin həm resurslara, həm də bazara əlçtanalığı təmin olunmalıdır".

Seçilən
4
modern.az

1Mənbələr