AZ

Ermənistan 2026 cı il seçkilərinə sülh şüarı ilə gedir ŞƏRH

Sherg.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Natiq Miri: “Kilsə və revanşistlər erməni cəmiyyətini onillərlə aldadıb”

“Paşinyan çirklənmiş erməni şüurunu təmizləməklə davamlı sülhə yol açır”

Ermənistan Baş naziri Nikol Paşinyan sentyabrın 20-də hakim "Vətəndaş Müqaviləsi" Partiyasının qurultayında çıxışı zamanı mühüm mesajlar verib. Baş nazir vurğulayıb ki, bölgədə sülhün təmin edilməsi yolunda Ermənistanda bəziləri onu satqın adlandırırdılar, amma zaman bunun əksini göstərdi. Paşinyan iddia edib ki, erməni xalqı Azərbaycan və Ermənistan arasında sülh prosesinə güclü dəstək verir: "Eşitdiklərim məni şoka salırdı. Onlar yalnız iki şey deyirdilər: 

10 noyabr 2020-ci il tarixli sənədi imzaladığınız və müharibəni dayandırdığınız üçün təşəkkür edirik. Bu, mənim üçün həqiqətən şok oldu. Erməni elitasının əhəmiyyətli hissəsi məni vətənə xəyanətdə ittiham etdi, onlara süd verən analar isə mənə təşəkkür edirdilər, hər ikisi eyni şeyə görə fərqli şeylər söyləyirdilər. Həmin analardan soruşdum ki, nəyə görə mənə təşəkkür edirsiniz? Cavab konkret oldu: on minlərlə əsgərin həyatını xilas etdiyinə və müharibəni dayandırdığına, Ermənistanı xilas etdiyinə görə. Bizə deyirdilər ki, sülhün dalınca gedin, bizə sülh lazımdır, yalnız sülh. Başa düşdüm ki, cəmiyyət, o cümlədən kişilər də belə düşünürlər". Baş naziri Nikol Paşinyan əlavə edib ki, hələ də yadından çıxmır, niyə "Qarabağ Ermənistandır" deyib: "Bu bəyanat üzərində düşünmək üçün çox vaxtım olub. Bəs niyə bu gün sülhə sevinən biri 2019-cu ildə o bəyanatı vermişdi? Bunun çox konkret səbəbi və izahı olmalıdır. İzahat həqiqətən çox konkretdir. Mən bu bəyanatı sadə səbəbə görə vermişdim - "vətənpərvər" idim. Sual yaranır: indi nə oldu, mən "vətənpərvər" deyiləm? Bu aşkar ziddiyyətin səbəbi nədir? İndi mən Ermənistanın analarının müəyyən etdiyi vətənpərvərlik modeli ilə vətənpərvərəm. 2019-cu ildə, o dövrdə Ermənistanda mövcud olan "yeganə vətənpərvərlik modeli" ilə (qonşu ölkələrə qarşı ərazi iddiaları ilə) vətənpərvər idim. Bəs o vətənpərvərlik modelini kim müəyyən etmişdi, o model necə formalaşmışdı? Həmin model sovet imperiyasının, daha dəqiq desək, həmin imperiyanın rəhbərləri Stalin, Xruşşov, Brejnev tərəfindən verilən vətənpərvərlik modeli idi". Paşinyan bildirib ki, münaqişə kontekstində olan ölkə real müstəqillik qura bilməz. Baş nazir Qarabağdan könüllü getmiş ermənilər barədə də açıqlama verib: "Qarabağdan ölkəmizə gələn ermənilər burada Ermənistan vətəndaşı kimi yaşayacaqlar. Onlar Ermənistanın qürurlu vətəndaşlığını alacaqlar".

Politoloq Natiq Miri Sherg.az-a açıqlamasında deyib ki, Nikol Paşinyanın açıqlamaları tamamilə reallığı əks etdirir. Analitik xatırladıb ki, 10 noyabr bəyannaməsi imzalandıqdan 1 il sonra Ermənistanda növbədənkənar parlament seçkisi keçirildi və Paşinyan həmin seçkidə əhalinin 67 faiz səsini qazandı:

 "Seçicilər müxalifətin "xəyanətkar", "satqın" adlandırdığı Paşinyana hökuməti təkbaşına qurmaq səlahiyyəti verdilər. Paşinyana bu səsi qazandıran məqamlar müharibəni dayandırması və Ermənistana sülh vəd etməsi idi. İndi də Ermənistanın baş naziri 2026-cı ilə yönəlik vədləri ilə parlament seçkilərinə getməyi düşünür. Paşinyan ermənilərə sülh, əmin-amanlıq, təhlükəsizlik sözü vermişdi və bu istiqamətdə addımlar atır. Hazırda müharibədən söhbət getmir, sülh danışıqları son mərhələsindədir, kommunikasiyaların açılması, qonşularla əməkdaşlıq müzakirə olunur. Bu, illərdir təcrid olunmuş şəraitdə yaşayan ermənilər üçün çox böyük imkanlar, dünya bazarına açılmaq deməkdir. Görünən odur ki, Ermənistan cəmiyyətinin böyük qismi də bunu istəyir. 2026-cı ildə keçiriləcək parlament seçkilərində sadəcə bir sual gündəmdə olacaq - ermənilər sülh istəyir, yoxsa müharibə?".

N.Miri əlavə edib ki, erməni toplumu yaxşı anlayır ki, 2020-ci ildəki müharibəni davam etdirmək Ermənstan üçün intihar demək idi: 

"Qüvvələr və imkanlar qeyri-bərabərdir. Paşinyan özü də etiraf edir ki, erməni ordusu heç vaxt Azərbaycan Ordusu səviyyəsinə çata bilməz. Əgər ermənilər müharibə istəsəydi, 11 min fərariləri olmazdı. Baş nazir orduların yarışdırılmasının əleyhinə olduğunu söyləyir və regionda sülhə ehtiyac olduğunu söyləyir. Ona görə əsgər anaları Paşinyana təşəkkür edirlər ki, onların övladlarını real ölümdən xilas etdi. Baş nazir çox ağıllı addımlar atır. Kilsənin, erməni lobbisinin, revanşistlərin "böyük Ermənistan" xülyasını ifşa etməklə cəmiyyətə göstərir ki, onları onillər boyu kimlər, necə aldadıb. Baş nazirin mütəmadi bu məsələləri gündəmə gətirməsi, təbliğatı təsadüfi deyil. Paşinyan çox gözəl anlayır ki, davamlı sülh üçün çirklənmiş erməni şüurunun təmizlənməsi labüddür. Əks halda Ermənistanın gələcək perspektivi sual altında qalacaq".

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
4
1
sherg.az

2Mənbələr