AZ

Azərbaycanı Avroviziyada o təmsil edəcək - YENİLƏNDİ

Azərbaycanı Gürcüstanın paytaxtı Tbilisidə keçiriləcək “Uşaq Avroviziya 2025” mahnı müsabiqəsində 12 yaşlı istedadlı ifaçı Yağmur təmsil edəcək.

News24.az xəbər verir ki, məlumat Avroviziya yayımçısı olan İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən bu gün keçirilən mətbuat konfransında açıqlanıb.

Avroviziyada ölkəmizi təmsil edən nümayəndə heyətinin bildirdiyinə görə, iki mərhələli seçim prosesinin nəticəsinə əsasən Yağmurun təmsilçi olması qərara alınıb. İlkin mərhələdə 60-dan çox müraciət arasından 15 iştirakçı seçilərək canlı dinləmə turuna dəvət olunub. Bu mərhələdə iştirakçıların çıxışları peşəkar münsiflər heyəti tərəfindən qiymətləndirilib.

Münsiflərin qərarına əsasən, Yağmur yekun nəticədə böyük üstünlüklə qalib gəlib. Üç münsif onun ifasını birinci yerə, biri ikinci yerə, digəri isə ilk beşliyə layiq görüb. Münsiflər heyəti ölkənin tanınmış mədəniyyət və incəsənət xadimlərindən ibarətdir:

-         Siyavuş Kərimi – Xalq artisti, bəstəkar

-         Gövhər Həsənzadə – Əməkdar artist, bəstəkar

-         Vüqar Camalzadə – Əməkdar artist, bəstəkar

-         Samirə Əfəndi – müğənni, Azərbaycanın “Avroviziya 2020–2021” təmsilçisi

-         Yaşar Baxış – bəstəkar və aranjemançı

-         Cavid İmamverdiyev – baş rejissor, Azərbaycan Dövlət Akademik Musiqili Teatrı

Azərbaycanı təmsil edəcək Yağmur 27 iyul 2013-cü ildə anadan olub. O, 8 yaşından musiqi ilə məşğuldur və hazırda 5 nömrəli Uşaq İncəsənət Məktəbinin 3-cü sinfində təhsil alır. Estrada, pop və klassik janrlara xüsusi maraq göstərən Yağmurun sevimli sənətçiləri arasında Michael Jackson, Billie Eilish, Jennie (Blackpink), Aygün Kazımova və Aybəniz Haşımova var.

Yağmur təmsilçi seçildikdən sonra ilk təəssüratlarını belə bölüşüb:

“Mən çox xoşbəxtəm ki, Azərbaycanı Tbilisidə təmsil edəcəyəm. Bu, mənim üçün inanılmaz bir təcrübə olacaq.”

Onun anası da qızının uğurunu böyük qürurla qarşılayıb:

“Musiqiyə olan sevgim həmişə Yağmura motivasiya verib. İndi isə onun arzularının reallaşdığını görmək ailəmiz üçün böyük fəxrdir.”

Qeyd edək ki, “Uşaq Avroviziya 2025” mahnı müsabiqəsi 13 dekabrda Tbilisidə keçiriləcək. Bu yarışma Avropanın ən istedadlı uşaqlarını bir araya gətirərək mədəniyyətlərarası dialoqu möhkəmləndirir və yeni istedadların beynəlxalq səviyyədə tanınmasına imkan yaradır. Azərbaycanın iştirakının gənc ifaçılarımıza beynəlxalq təcrübə qazandıracağı və milli musiqi irsimizin dünyada təbliğinə mühüm töhfə verəcəyi gözlənilir.

Xeyrənsə Piriyeva


***

11:40

Azərbaycanı Avroviziya Uşaq Mahnı Müsabiqəsində təmsil edəcək iştirakçının adı açıqlanıb. 

News24.az xəbər verir ki, təmsilçinin adı bununla bağlı təşkil olunmuş mətbuat konfransında açıqlanıb.

Bildirilib ki, Azərbaycanı Avroviziya Uşaq Mahnı Müsabiqəsində Yağmur Nəsrullayeva təmsil edəcək.

Onun ifa edəcəyi mahnı isə hələlik ictimaiyyətə təqdim olunmayıb.

Xeyrənsə Piriyeva 


Seçilən
50
9
news24.az

10Mənbələr