Azərbaycan Respublikasının dövlətçilik fəlsəfəsi və xarici siyasət kursu beynəlxalq hüququn prinsiplərinə əsaslanır. Ölkəmiz həmişə regional və qlobal təhlükəsizliyin təmin edilməsində, dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə hörmət edilməsində qətiyyətli mövqeyini ortaya qoymuşdur. Xüsusilə Dağlıq Qarabağ münaqişəsi boyunca Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə sadiqliyini nümayiş etdirərək, münaqişənin yalnız sülh yolu ilə həllini dəfələrlə ön plana çıxarmışdır.
Münaqişənin ilk illərindən etibarən Azərbaycan beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələrə və qərarlara əsaslanaraq danışıqlar prosesinə sadiq qalmışdır. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnaməsi Azərbaycanın mövqeyini tam dəstəkləyirdi. Lakin Ermənistan tərəfinin destruktiv siyasəti nəticəsində bu qətnamələr uzun illər icra edilmədi. Buna baxmayaraq, Azərbaycan tərəfi müxtəlif beynəlxalq platformalarda dialoqa hazır olduğunu və kompromisə getmək istədiyini nümayiş etdirdi.
Ölkəmizin diplomatik səyləri ATƏT-in Minsk qrupu çərçivəsində də özünü göstərmişdir. Azərbaycan həmsədrlərlə birgə keçirilən müzakirələrdə daim konstruktiv yanaşma nümayiş etdirmiş və münaqişənin sülh yolu ilə nizamlanmasına ümid etmişdir. Lakin Ermənistanın qeyri-konstruktiv mövqeyi, status-kvonun və hərbi təxribatların davam etdirilməsi siyasəti danışıqların nəticəsiz qalmasına səbəb olmuşdur.
Bütün bunlara baxmayaraq, Azərbaycan uzun illər ərzində təmkinli siyasət yürüdərək, müharibədən yayınmağa çalışmışdır. Lakin 2020-ci ilin sentyabrında Ermənistanın növbəti genişmiqyaslı hücumu nəticəsində ölkəmiz hərbi əməliyyatlara başlamağa məcbur oldu. Azərbaycan Ordusunun qətiyyətli zəfəri ilə münaqişəyə son qoyuldu və ölkəmzin ərazi bütövlüyü təmin edildi.
Azərbaycanın mövqeyi göstərir ki, dövlətimiz beynəlxalq hüquqa sadiqliyini hər zaman əməli addımlarla sübuta yetirmiş, münaqişəni sülh yolu ilə həll etmək üçün bütün imkanlardan istifadə etmişdir. Lakin beynəlxalq hüququn normaları Ermənistan tərəfindən pozulduqda Azərbaycan öz haqlarını təmin etmək üçün güc tətbiq etməyə məcbur qaldı. Bu, ədalətin bərpası və beynəlxalq hüququn aliliyinin təsdiqi kimi dəyərləndirilməlidir. Azərbaycanın nümunəsi bir daha göstərdi ki, sülhə sadiqlik güc və qətiyyətlə tamamlandıqda daha möhkəm və davamlı nəticələr əldə etmək mümkündür.
Rəvanə Kərimova, Nəsimi rayon gənci