AZ

"Qızılın qiyməti 2028-ci ilin sonuna qədər kəskin bahalaşacaq"

"Bu gedişlə qızılın qiyməti 2028-ci ilin sonuna qədər kəskin bahalaşacaqdır. Əsaslandırmaq çətin deyil. 2025-ci ilin yanvarından sentyabrına qədər qızılın 1 unsiyası 2,720 dollardan 3,700 dollara yüksəlib. Yəni 9 ayda 35,7% artım baş verib. Bu dinamika ilə davam edərsə, qarşıdakı 3 ildən bir az artıq müddətdə qiymətin iki dəfə yüksəlməsi ehtimalı vardır".

Ölkə.az xəbər verir ki, bu sözləri iqtisadçı Eldəniz Əmirov deyib.

Onun sözlərinə görə, başqa sözlə, ABŞ höküməti hazırkı iqtisadi kursu dəyişmədən daha da gücləndirərsə, qızıl 6000 dolları keçə bilər:

"Bu mütləq rəqəm deyil, amma sükan arxasında Donald Tramp əyləşdiyi üçün ehtimal yüksəkdir. Əslində, tarixi təcrübə də bunu təsdiqləyir. 2017-ci ildə Donald Tramp hakimiyyətə gələndə qızılın qiyməti təxminən 1200 dollar idi. Onun hakimiyyətinin son günündə, 2021-ci ilin yanvarında isə qiymət 1840 dollar olmuşdu. Yəni Tramp dövründə qızıl 52–53% bahalaşdı.

İndi də Tramp hakimiyətdədir və qızıl durmadan bahalaşır. Sual yaranır ki, niyə Tramp dövründə qızıl qalxır? Tramp ucuz dolların tərəfdarıdır. Dollar ucuzlaşanda Amerika ixrac malları xarici bazarlarda daha ucuz görünür və rəqabət qabiliyyəti artır. Tramp bu məqsədlə dəfələrlə FES rəhbərliyi ilə mübahisə edirdi. O, yüksək faiz dərəcələrinə qarşı çıxırdı, çünki yüksək faizlər dolları gücləndirir. Dollar gücləndikcə ABŞ-nin ixracı çətinləşir, istehsalçıları rəqiblərə rəqabətdə uduzur.

Amma dolların ucuzlaşmasının başqa bir təsiri də var və qızıl bahalaşmasıdır. Çünki qızıl dollarla qiymətləndirilir. Dollar zəifləyəndə dünya bazarında qızıl daha cəlbedici olur, tələb artır, qiymət qalxır. Bundan başqa, zəif dollar dövründə investorlar risklərdən sığortalanmaq üçün qızıla üstünlük verirlər.

Beləliklə, həm iqtisadi siyasət, həm də investor davranışları qızılı daim təhlükəsiz investisiya alətinə çevirir. Və bu gün də oxşar dinamika müşahidə olunur. Dolların dəyərsizləşdirilməsi siyasəti və qlobal risklər fonunda qızılın qiymətinin artımı davam edir".

Həmidə İbrahimova

Seçilən
13
12
olke.az

10Mənbələr