AZ

Deputat: “Vətəndaşların cibindən ödənişli yol vasitəsilə pul çıxarmaq yoxsulluq səviyyəsini artırmaq deməkdir”

“Görünür, ödənişli yol sistemi hələ dünyanın heç bir inkişaf etmiş ölkəsində olmadığına görə bizdə təklif edilir. Bakının ortasında nə ödənişli yol edəcəksən? Haradan yol icad edəcəksən? Belə bir yol imkanınız varsa, elə ayrıca çəkin, qoyun insanlar rahat hərəkət edə bilsinlər. Dənizdən yol çəkilməsi məsələsi qoyuldu, indi ona imkanlar məhduddur. Amma mövcud yolları da xeyli daraltdılar. Şəhərin yükünün götürülməsi üçün elektrik qatarı və metro stansiyaların sayının artmasında addımlar da gecikdi. Hətta bir sıra vaxtlarda metro tikintisi dayandı. Paytaxtın müəyyən infrastrukturunun bölgələrə köçürülməsi məsələsini də həll edə bilmədik. Paytaxtdan nəinki keçmiş məcburi köçkünlərin, hətta sonradan başqa rayonlardan gəlib burada məskunlaşan insanların belə köçürülməsi strategiyasını hazırlaya bilmədik. Əslində bu vacibdir...”

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin komitə sədri Fazil Mustafa deyib.

 

Deputat bildirib ki, Bakının yolları daralırsa, dörd-beş zolaqlı yol iki zolaqlı yola çevrilirsə, tıxac həmişə olacaq: “Bunun qarşısını almaq mümkün deyil. Binaları söküb təzədən yol açmayaqsan ki... Vaxtında tikintiyə icazə verilməsəydi, indi bunu etmək mümkün idi. Bu məsələdə daha fərqli strategiya izlənməlidir. Bakının yükünün azalması siyasəti həyata keçirilməlidir. Bunun yolları var, sadəcə müzakirəsi aparılmalıdır ki, hansı yolla edilməsi mümkündür. Məsələn, Qarabağda çox böyük quruculuq işləri gedir. Ölkə Prezidenti hazır evləri dövlət hesabına tikdirib, vətəndaşa verir. Amma görürsən ki, bəzi yerlərdə buna nəzarət ciddi olmadığına görə adi yağışda evlər hansı vəziyyətə düşür. Xoşagələn hal deyil. Bu baxımdan hər şeyin ödənişli variantına keçməklə böyük problemlər yaşayırıq. Hava Limanında nəqliyyat məsələsinin həll oluna bilməməsi də problemdir. Təkcə ümid taksiyə idi. İndi taksinin də qiyməti qalxdı 30-40 manata. Naxçıvandan, ya xaricdən gələn adam həm təyyarəyə pul ödəməlidir, həm də taksi tutub, şəhərə gəlməlidir. Elə o adamın imkanı olsa, vaxtaşırı təyyarə ilə gəlib-gedər də. Bu kimi məsələlər düşündürücüdür. Qatar xətti yox, aeroporta metro çəkilməyib. İndi də birdən-birə taksi məsələsi qoyulanda aztəminatlı insanlar əziyyət çəkirlər. Məncə, məsələnin üzərində ciddi düşünülməlidir. Vətəndaşların cibindən hansısa cərimə, rüsum, ödənişli yol vasitəsilə pul çıxarmaq həm də yoxsulluq səviyyəsini artırmaq deməkdir. Çalışmalıyıq ki, yoxsulluq səviyyəsini artırmadan hansısa islahatları həyata keçirməyə nail olaq”.

 

Aytəkin Qardaşova

Tarix: 23 Sentyabr 2025, 11:36   
Seçilən
17
pravda.az

1Mənbələr