ain.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Birinci Qarabağ müharibəsi qazisi Yaqubov Ramiz Lətif oğlunun həyat yoldaşı İsmayılova Telli Həsən qızı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevayaya müraciət edib.
"Unikal" xəbər verir ki, müraciətdə deyilir:
"Mən İsmayılova Telli Həsən qızı 1981-ci il oktyabr ayının 1-dən etibarən 3 sentyabr 2025-ci il tarixə qədər Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Nərimanov rayon şöbəsində Bakterioloji laboratoriyasında feldşer-laborant vəzifəsində işləmişəm. İşlədiyim müddətdə məndən heç vaxt narazılıq olmayıb, öz işimin öhdəsində vicdanla gəlmişəm.
3 sentyabr 2025-ci il tarixində 65 yaşım tamam olduğu üçün işdən azad olunmağımla bağlı qərar verilib. Qeyd edim ki, həyat yoldaşım Yaqubov Ramiz Lətif oğlu Birinci Qarabağ müharibəsinin veteranıdır. 1992-ci ildə Ağdərə uğrunda gedən döyüşlərdə ağır yaralanıb və əmək qabiliyyətini itirib. Aşağı və yuxarı ətrafin iflici diaqnozu ilə 1-ci qrup əlildir. Vurğulamaq istərdim ki, həyat yoldaşım ali təhsilli həkimdir və o zaman müharibəyə könüllü şəkildə gedib. İndiyə qədər ailəmizdə yeganə işləyən mən olmuşam.
Mənə müəyyən olunan pensiyanın məbləği isə 381 manatdır. Yoldaşımın müalicə və dərman xərclərini nəzərə alsaq, vəziyyətimizin nə qədər ağır olduğu görünür. Mən müqavilənin müddətinin uzadılması ilə bağlı öncə Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin rəhbərliyinə müraciət etdim. Ondan imtina cavabı aldıqdan sonra, səhiyyə naziri Teymur Musayevə 31 avqust 2025-ci il tarixdə onlayn müraciət etdim. Nazirdən heç bir cavab gəlməyib. Onun qəbuluna yazılmaq istədim, amma yazmadılar. Məsələ ondadır ki, həm məndən əvvəl, həm də məndən sonra, məndən yaşlı və həm də imtiyazı olmayan şəxsləri işdə saxlayıblar, onların müqavilələrini dəfələrlə uzadıblar.
Mənim isə işdə qalmağıma razılıq vermirlər. Maddi vəziyyətimizin ağır olduğunu nəzərə alaraq, Sizdən işdə qalmağıma köməklik göstərməyinizi xahiş edirəm".
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.