AZ

Bir daha Himnimiz haqqında

No

Kamil Şahverdi

II yazı

Azərbaycan Respublikası XX əsrdə ikinci dəfə müstəqilliyini elan etdi.

1991-ci il avqustun 30-da Ali Sovetin növbədənkənar sessiyasında gərgin müzakirələrdən sonra “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Bəyannamə qəbul olundu. Bəyannamədə Azərbaycan Respublikasının 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu qeyd olunmuşdu.
Ali Sovetin “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Bəyannaməsi tezliklə reallaşacaq tarixi bir hadisənin-müstəqilliyimizin sübutu idi. Yaxın zamanda Azərbaycanın müstəqilliyinə qovuşacağına heç kimdə şübhə yeri qalmamışdı. Müstəqillik haqqında Bəyannamədə Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olması haqqında müddəa əksəriyyətdə əminlik yaratmışdı ki, dövlət atributlarının qəbulunda da varisliyə əməl olunacaq. Artıq üçrəngli bayrağımız qürurla hər yerdə dalğalanırdı. Lakin Ali Sovetin komissiyası ADR Dövlət himninin təsdiqi haqqında heç bir sənədin olmaması səbəbindən “Azərbaycan marşı” ilə bağlı yekdil rəyə gələ bilmirdi. Ona görə də Azərbaycan sovet himninin ən yaxşı mətni üçün müzakirələr davam edirdi. Demək olar ki, hər həftə, bəzən həftədə iki-üç dəfə komissiya üzvləri yığışaraq gah bəstəkarlarla, gah şairlərlə, gah da rəssamlarla müzakirələr aparırdı. Çünki Azərbaycan Respublikası Ali Sovetinin Rəyasət Heyəti “Azərbaycan Respublikasının Dövlət Himninin ən yaxşı mətni və Dövlət Gerbinin ən yaxşı eskizi üçün” komissiya yaratmışdı. Komissiyanın sədri Fazıl Muradəliyev Üzeyir bəy Hacıbəylinin “Azərbaycan marşı”nın Dövlət Himni kimi qəbul olunmasının tərəfdarı idi. Bu barədə o həm komissiyanın iclaslarında, həm də şəxsi söhbətlər zamanı dəfələrlə fikrini bildirmişdi. Ancaq mövcud komissiya Azərbaycan sovet himninə ən yaxşı mətn seçmək üçün yaradıldığına görə bir çox prosedur çətinliklər yaranmışdı. Fazil Muradəliyev komissiyanın mahiyyətində dəyişikliklər etmək üçün dəfələrlə Ali Sovetin rəhbərliyinə müraciət etmişdi. Lakin bu müraciətlər heç bir nəticə verməmişdi.
Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsindən sonra ölkədə siyasi-ictimai durum çox gərgin idi. Ölkənin taleyini düşünən hər kəs yaxşı anlayırdı ki, şimaldan ciddi təzyiqlər durmadan artır. Hər an təxribatlar törədilə bilər. Qarabağda məkrli planlar işə salınır, Azərbaycanın müstəqilliyinə gedən yoluna maneələr yaradılmasına ciddi cəhdlər göstərilirdi. Şimal qonşumuz Bakıda və bölgələrdə tərəfdarlarını səfərbər etmək üçün addımlar atırdı. Hakimiyyətdə olanların çoxu mövqelərini, vəzifələrini itirməmək üçün müstəqilliyin qazanılmasına ciddi müqavimət göstərirdi. Siyasi vəziyyətin gərginliyini bərdad hala düşmüş iqtisadi durum daha da artırırdı. İqtisadi əlaqələr tamamilə dağılmış, məhv olmuşdu. Fabriklər, zavodlar, iri müəssisələr fəaliyyətini dayandırmaq məcburiyyətində idi. İnsanlar iş yerlərini itirirdilər. Ancaq bütün bu çətinliklərə baxmayaraq, Azərbaycan xalqı müstəqilliyinə qovuşmaq kimi müqəddəs arzusunun reallaşacağı günü səbirsizliklə gözləyirdi və bu yolda hər cür çətinliyə dözməyə hazır idi. O tarixi günün lap yaxında olduğunu hər kəs hiss edirdi.
1991-ci il oktyabrın 8-də Ali Sovetin növbədənkənar sessiyası işinə başladı. Dörd gün ərzində gərgin müzakirələr aparıldı. Nəhayət, “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpası haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsini əsas götürərək, 1991-ci il 18 oktyabrda “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul edildi.

Konstitusiya Aktının lehinə Ali Sovetin 360 deputatından 231 nəfər səs verdi. Qalan deputatlar ya bu tarixi sessiyaya qatılmadı, ya da müstəqilliyimizin əleyhinə səs verdi.
Qəbul olunan Konstitusiya Aktının 2-ci maddəsində deyilir:
“Azərbaycan Respublikası 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-dək mövcud olmuş Azərbaycan Demokratik Respublikasının varisidir”.
Beləliklə, XX əsrdə Azərbaycan xalqı ikinci dəfə müstəqilliyini qazandı. Qürur və fərəh hissiylə, sevinclə vətəndaşlarımız bir-birini təbrik edirdi. Bu tarixi anın xoşbəxtliyini yaşamaq, həqiqətən də, hər kəsin həyatında ən şərəfli gün kimi yaddaşlara həkk olundu.
1991-ci il dekabrın 29-da ümumxalq referendumunda əhalinin 95%-i səsvermədə iştirak edərək ölkənin müstəqilliyinə, suverenliyinə və istiqlaliyyətinə səs verdi.

Milli Şuranın yaranışı zərurət idi

Azərbaycan müstəqilliyini elan etdikdən sonra Rusiya artıq düşmən mövqeyini gizlətmədən ölkəmizə qarşı açıq-aşkar siyasi, iqtisadi təzyiqlərini artırırdı. Qarabağda erməni separatçılarına hər cür dəstək göstərməklə ərazilərimizin işğalı planını gerçəkləşdirirdi. İqtisadi böhran yaratmaqla ölkəmizi xaosa sürükləyirdi. Belə bir gərgin vəziyyətdə qanunvericilik orqanında vacib qanunların qəbulunu tezləşdirmək üçün ölkə hakimiyyəti və müxalif qüvvələr Milli Şura yaradılması haqqında razılıq əldə etdilər. Bununla bağlı Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası haqqında Konstitusiya Qanunu qəbul edildi. Bu Konstitusiya Qanunu 30 oktyabr 1991-ci ildə o dövrdə Prezident Ayaz Mütəllibovun imzası ilə qüvvəyə mindi.
1991-ci il noyabrın 26-da Azərbaycan Respublikası Ali Soveti “Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının təşkil edilməsi haqqında” qərar qəbul etdi. Qərarı Ali Sovetin sədrinin birinci müavini Ziyad Səmədzadə imzaladı.
XII çağırış Azərbaycan Ali Sovetinin 360 xalq deputatından 50 deputat paritet əsaslarla Ali Sovetin Milli Şurasının üzvü seçildi. 50 xalq deputatından 25-i kommunistlərdən ibarət, yəni hakimiyyət nümayəndələri olan “Kommunist bloku”nun (komblok), 25-i isə “Müstəqil Azərbaycan” Demokratik blokunun (demblok) nümayəndəsi idi.
“Komblok”dan olan deputatlar:
1. Afiyyədin Cəlil oğlu Cəlilov
2. Arif Qafar oğlu Rəhimzadə
3. Elmira Mikayıl qızı Qafarova
4. Fərrux Məmmədnəbi oğlu Zeynalov
5. Hicran Vasif oğlu Kərimli
6. İnqilab Adil oğlu Nadirov
7. İsmayıl Qəhrəman oğlu Şıxlı
8. Kamran Həbib oğlu Rəhimov
9. Mürvət Nurəli oğlu Əliyev
10. Nadir Xudaverdi oğlu Mehdiyev
11. Rauf Əbdüləli oğlu İsmayılov
12. Səlvər Rza oğlu Aslanov
13. Sultan İsrafil oğlu Məmmədov
14. Şaitdin Sərdar oğlu Əliyev
15. Şirin Qasım oğlu Hacı Kərimov
16. Tapdıq Cəlal oğlu Kamalov
17. Telman Fərzəli oğlu Əliyev
18. Tofiq Müseyib oğlu Əzizov
19. Tofiq Qasım oğlu Köçərli
20. Tofiq Tağı oğlu Qasımov
21. Vahid Qazıməmməd oğlu Əhmədov
22. Vladimir Vasili oğlu Timoşenko
23. Xanlar Əliş oğlu Məmmədov
24. Xeyrulla Salman oğlu Əliyev
25. Ziyad Əliabbas oğlu Səmədzadə
“Demblok”dan olan deputatlar:
1. Arif Mustafa oğlu Hacıyev
2. Bəxtiyar Mahmud oğlu Vahabzadə
3. Cümşüd Qurban oğlu Nuriyev
4. Etibar Səlidar oğlu Məmmədov
5. Ədalət Vilayət oğlu Rəhimov
6. Firudin Ağası oğlu Cəlilov
7. Füzuli Məmməd oğlu Axundov
8. Hacıbaba Sadiq oğlu Əzimov
9. İbrahim Məşədi Hilal oğlu İbrahimov
10. İsa Yunis oğlu Qəmbərov
11. İxtiyar Əlibaba oğlu Şirinov
12. Məryəm Daməd qızı Həsənova
13. Mətləb Əzizulla oğlu Mütəllimov
14. Mirmahmud Mirəli oğlu Fəttayev
15. Mürşüd Əsəd oğlu Məmmədov
16. Nəcəf Adil oğlu Nəcəfov
17. Ramiz Məmmədəli oğlu Fətəliyev
18. Rəhim Həsən oğlu Qazıyev
19. Sabir Xudu oğlu Rüstəmxanlı
20. Sülhəddin Bayram oğlu Əkbərov
21. Şadman Bəhlul oğlu Hüseynov
22. Tahir Yunis oğlu Əliyev
23. Tamerlan Yelmar oğlu Qarayev
24. Tofiq Məsim oğlu Qasımov
25. Yusif Səməd oğlu Vəkilov

Mili Şura yeni komissiya yaratdı
Milli Şura 1991-ci il noyabrın 29-da ilk iclasını keçirməklə fəaliyyətə başladı. Növbəti iclaslarda, daha dəqiq desək, 6 dekabr 1991-ci ildə Milli Şuranın daimi komissiyaları, o cümlədən Təhsil, elm, mədəniyyət və din məsələləri komissiyası formalaşdırıldı. Təhsil, elm, mədəniyyət və din məsələləri daimi komissiyasının sədri Firudin Cəlilov seçildi.
Yeni yaradılmış komissiya müstəqilliyini elan etmiş Azərbaycan Respublikasının dövlət atributlarının-himnin və gerbin (üçrəngli bayrağımız 5 fevral 1991-ci ildə Dövlət Bayrağı kimi rəsmən təsdiq edilmişdi) təsdiq olunması üçün müzakirələri yekunlaşdıraraq komissiyanın qərarını parlamentdə səsverməyə çıxarmağı prioritet məsələ kimi qarşıya qoymuşdu. Müzakirəsinə bir müddət fasilə verilmiş himn məsələsi yenidən gündəmə gəldi. Yeni komissiya ilk olaraq 28 mart 1991-ci ildə Ali Sovetin Rəyasət Heyətinin qərarı ilə yaradılmış Dövlət Himninin ən yaxşı mətni və Dövlət Gerbinin ən yaxşı eskizi üçün yaradılmış komissiyanın gördüyü işlərlə və gəldiyi nəticələrlə yaxından tanış oldu. Həmin komissiyanın sədri Fazil Muradəliyev yeni yaradılmış komissiyaya görülən işlər haqqında ətraflı məlumat verdi. Bəstəkarlar, şairlər və rəssamlarla görüşlərin, müzakirələrin aparılması üçün vaxt təyin olundu. Komissiya 28 may 1992-ci il tarixinə qədər işləri yekunlaşdırmağı və dövlət atributlarının səsverməyə çıxarılaraq təsdiq edilməsini təmin etməyi planlaşdırmışdı.

“Koroğlu” operasının uvertürası himn ola bilərdi
Bu ərəfədə məlum oldu ki, Xalq Cəbhəsinin sədri Əbülfəz Elçibəy Üzeyir bəy Hacıbəylinin “Koroğlu” operasının uvertürasının himn kimi təsdiq olunmasını təklif etməyi planlaşdırır. Məlum məsələdir ki, o dövrdə Xalq Cəbhəsi istənilən məsələyə müdaxilə etmək, qərar və qanunların qəbuluna təsir etmək imkanlarına malik idi. Əbülfəz Elçibəy belə bir təklif irəli sürərsə, bu təklifin reallaşması heç də çətin olmayacaqdı...

(ardı var)

Seçilən
18
1
turkustan.az

2Mənbələr