AZ

Bir türk prezident də molla rejiminin mahiyyətini dəyişmir - ŞƏRH

Rəqs və musiqiyə qadağa İran rejiminin anti-türk siyasətinin göstəricisidir

Güneyli mədəni fəal və Azərbaycan rəqsini təbliğ edən Peyman İbrahimi Təbriz İstintaq İdarəsinin 15-ci bölməsinə çağırıldıqdan sonra həbs olunaraq zindana atılıb. Bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb. Onun həbsi "dövlət quruluşuna qarşı təbliğat aparmaq" ittihamı ilə əsaslandırılıb. Qeyd edək ki, Peyman İbrahimi 2023-cü il avqustun 27-də atasının evində saxlanılmış, iki aydan artıq həbsdə qaldıqdan sonra zaminə buraxılmışdı. Həmin ilin dekabrında keçirilən məhkəmə prosesində o, "dövlət quruluşuna qarşı təbliğat" və "ölkə rəhbərini (Əli Xameneini) təhqir" ittihamları ilə ümumilikdə 22 ay 17 gün azadlıqdan məhrum edilib.

Siyasi şərhçi  Azər Həsrət "Şərq"ə açıqlamasında təəssüflə bildirib ki, İranı idarə edən fars-molla rejimi hələ də islahatlara meyl etmir, dəyişikliklərə getmir: 

"Əksinə, ölkə əhalisinin az qala yarısını təşkil edən türklərin milli kimliyini silmək, onları assimilyasiya edib yox etmək üçün dövlət qurumlarını səfərbər edir. Azərbaycan türkləri nəinki öz milli rəqslərini və musiqilərini sərbəst şəkildə təbliğ edə bilmir, hətta uşaqlarına öz ata-baba adlarını qoymaqdan belə məhrum edilirlər. Ana dilində məktəb məsələsi isə illərdir açıq qalır,  molla rejimi türk dilində təhsilə qətiyyən icazə vermir. Bu, açıq-aşkar milli ayrı-seçkilikdir. Ən acınacaqlısı odur ki, hazırda İranın prezidenti özü türk olmasına baxmayaraq, molla rejimi türk kimliyini boğmaq siyasətini davam etdirir. Yəni bir türk prezidentin olması belə bu rejimin mahiyyətini dəyişmir. Üstəlik, fars rejimi uzun illərdir üzərində çalışdığı daha bir cinayəti də həyata keçirib, Urmiya gölünü qəsdən qurudub. Bu, sadəcə bir gölün quruması deyil, əsl ekoloji soyqırımdır. Quruyan gölün duzları indi fırtınalar şəklində ətraf kənd və şəhərlərə yayılır, insanların həyatını cəhənnəmə çevirir. Son vaxtlar Güney Azərbaycandan aldığımız görüntülər dəhşətlidir: duz fırtınaları insanların göz açmasına imkan vermir, nəfəs almaq çətinləşir. Bu, o deməkdir ki, həmin bölgədə yaşayan türklər doğma yurdlarını tərk etməyə məcbur ediləcək. Məqsəd də budur, insanları torpaqlarından qoparmaq, köçürmək və milli kimliyi sıradan çıxarmaq. Əslində, fars-molla rejiminin bütün bu addımlarının məqsədi eynidir: türklər milli kimliklərini yaşada bilməsinlər, tarix səhnəsindən silinsinlər. Təbrizdən, Urmiyadan, Zəncandan, Ərdəbildən gələn xəbərlər isə göstərir ki, vəziyyət günü-gündən ağırlaşır. Mədəni fəallarımız, sadəcə bir rəqsimizi, bir musiqimizi təbliğ etdikləri üçün həbsxanalara atılır. Son nümunə – Azərbaycan rəqsini təbliğ edən güneyli mədəni fəal Peyman İbrahiminin Təbriz İstintaq İdarəsinə çağırılıb həbs olunmasıdır. Bu, molla rejiminin türk kimliyinə qarşı düşmənçiliyinin ən bariz sübutudur".

A.Həsrətin sözlərinə görə, bütün bunların qarşısını almağın yeganə yolu var:

"Güney Azərbaycan Respublikası qurulmalıdır! Güneyli qardaşlarımız öz dövlətlərinə sahib olmalı, öz talelərini özləri həll etməlidirlər. Çünki fars rejimi Güney Azərbaycanın zəngin təbii sərvətlərini talamaqla məşğuldur, amma yerli əhali aclıq və məhrumiyyətlə sınağa çəkilir. Bu ədalətsizlik davam edə bilməz! Artıq bəsdir, Güney Azərbaycan milli iradəsini ortaya qoymalı, müstəqil siyasət yürütməli və öz gələcəyinə özü sahib çıxmalıdır. Başqa yol yoxdur!".

Milli Cəbhə Partiyasının sədr müavini, siyasi şərhçi Tural İrfan da "Şərq"ə açıqlamasında Güney Azərbaycanda mədəni fəallara qarşı repressiyalar, təzyiqlərin davam etdiyini xatırladıb: 

"Əgər dövlət İslam dövlətidirsə, rəqsin dövlət quruluşuna heç bir mənfi təsiri ola bilməz. Yox, əgər İslam adı altında fars şovinist quruluşudursa, bu zaman digər milli rəqs və musiqinin təsirindən danışmaq olar. Amma İran rejimi özünü İslam quruluşu elan edib. Buradan da görünür ki, İslam adı altında fars şovinizmi və antitürk, antiislam təbliğatı aparılır. İranın radikal rejim mənsublarının mədəni fəallara qarşı siyasətinin davam etməsi onu göstərir ki, hakimiyyət heç zaman Prezidentin aparmaq istədiyi islahatlara meyilli deyil və onun türk olmasından, türk dilində danışmasından da narahatdır. Əslində, bu kimi təsirlər Prezident Pezeşkianın siyasətinə qarşı yönəlib. Daxildəki mühafizəkarlar və quruluşun içindəki dairələr buna imkan vermək istəmir. Milli-mədəni kimliyi boğaraq qeyri-rəsmi şəkildə saxlamaq istəyirlər. Yəni kitab, məktəb, rəqs, musiqi olmaqdan sadəcə dildə, şifahi danışıqda olsun millilik. Prezidentin türk dilində şeir deməsi kimi. Son zamanlar milli-mədəni fəallıqlar artıb. Getdikcə də artacaq və daha da aktivlik müşahidə olunacaq. Çünki Məsud Pezeşkianın hakimiyyətdə olması Güney Azərbaycan əhalisinin milli-mədəni aktivliyini labüdləşdirir. Repressiyalar və həbslər bunun qarşısını ala bilməyəcək. Hesab etmək olar ki, bəzi belə məsələlərdə Prezident Pezeşkianın mövqeyindən fərqli mövqedə olan digər hakimiyyət dairələri türklərin milli-mədəni fəaliyyətinə son qoymaq istəyir".
Seçilən
15
1
sherg.az

2Mənbələr