AZ

Bu gün BMT-də Baş Assambleyasında yüksək səviyyəli debatlar başlayır  

Bu gün BMT-nin Nyu-Yorkdakı mənzil qərargahında BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində yüksək səviyyəli debatlar başlayır.

AZƏRTAC-ın məlumatına görə, dünya liderlərinin Baş Assambleyanın kürsüsündə çıxışları sentyabrın 30-a kimi davam edəcək. 150-dən çox dövlət və hökumət başçısı və onları müşayiət edən nümayəndə heyətləri BMT Baş Assambleyanın 80-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorka gəlib. Artıq yüksək səviyyəli həftəyə hazırlıq prosesi yekunlaşıb. Nyu-York şəhər Polis Departamenti polis qüvvələrinin sayını artırıb və gücləndirilmiş iş rejiminə keçib.

Şəhərdə təhlükəsizlik tədbirləri artırılıb. Tədbirlərə kortejlər, dronlar, helikopterlər, patrul xidməti və əsas küçələrin bağlanması daxildir.

Üzv 193 ölkədən aparıcı media orqanları tədbiri işıqlandırmaq üçün BMT-də qeydiyyatdan keçib.

Yüksək səviyyəli həftəni BMT Baş Katibi Antonio Quterreş və BMT Baş Asambleyasının builki Prezidenti Annalena Berbok giriş nitqi ilə açacaq. Daha sonra ənənəvi olaraq ilk çıxışı Braziliya Prezidenti Luiz İnasio Lula de Silva edəcək. Braziliyanın ilk çıxış ənənəsi BMT-nin ilk illərindən başlayıb. O zaman qlobal münaqişədən sonra üzv dövlətlər kimin ilk danışacağı ilə bağlı razılığa gələ bilmədiklərinə görə Braziliya ilk olaraq danışmağı təklif edib və 1955-ci ildən bu ənənə davam edir.

Daha sonra ABŞ Prezidenti Donald Tramp ev sahibi olaraq kürsüyə çıxacaq.

“Birlikdə daha yaxşı: 80 il və daha çox sülh, inkişaf və insan hüquqları naminə” mövzusuna həsr olunmuş sessiyada Rusiya-Ukrayna müharibəsi, Qəzzada vəziyyət, Fələstin məsələsi, dayanıqlı inkişaf məqsədləri, iqlim böhranı kimi mövzulara xüsusi diqqət ayrılacaq.

Seçilən
6
9
azerbaijan-news.az

10Mənbələr