AZ

Tarixdə silinməz izlər qoymuş Xəzər İmperiyası

Xalq qazeti portalından verilən məlumata əsasən, ain.az bildirir.

4 əsr Şimaldan Cənuba, Şərqdən Qərbə hökm etmiş bu Türk birliyini din ayrılığı çökdürüb

Xəzərlərin müasiri olan ərəb səyyah və coğrafiyaşünası əl-İstəxri xəzərləri ağ xəzərlər və qara xəzərlər kimi iki hissəyə ayırıb. O, ağ xəzərlərin mavi gözlü və qırmızı saçlı olduğunu bildirib, qara xəzərləri isə qarayanız olduqları üçün hindlilərə oxşadıb. Bir sıra mənbələrdə ağ xəzərlərin hökmdar sinfinə, qara xəzərlərin aşağı təbəqəyə aid olduğu iddia edilib.

İbn Rəbbihi xəzərlər qara saçlı, mavi gözlü və açıq dərili, İbn Səd əl-Məğribi isə onları ağ rəngli, mavi gözlü, qırmızı saçlı və böyük bədənli kimi xarakterizə edib.

Yunan tarixçisi Teofanis xəzərləri “Şərqdən gələn türklər” adlandırıb, fransız tədqiqatçı Renye Qroset göytürklərin Jujan xaqanlığında hakimiyyəti ələ keçirməsi zamanı xəzərlərin qərbə köçən türk xalqlarından biri olduğunu iddia edib.

Qədim türk adətinə görə, xaqan olacaq adamın boynuna bir neçə yerdən kəmənd atıldıqdan sonra onu sıxmağa başlayır və neçə il hökmranlıq edə biləcəyini soruşurdular. Əgər xaqan bu mərasim zamanı söylədiyi vaxtdan çox hakimiyyətdə qalmaq fikrinə düşərdisə, onu hakimiyyətdən uzaqlaşdırırdılar.

Britaniya tarixçisi, yazıçı və jurnalist Saymon Sebaq Montefiore məşhur “Yerusəlim” kitabında yazır: – 1948-ci ildə qurulan İsrail dövlətindən əvvəl yəhudi dövlətini tarixdə IX əsrdə xəzərlər yaradıb. Yəni xəzərlər yəhudilərə qucaq açmaqla yanaşı, eyni zamanda, yəhudilərin Qüdsdə dövlət qurmalarına da kömək ediblər.

“Bütün tarixçilərin imamı” adlandırılan ərəb tarixçisi və səyyahı İbn Xəldun Məsudi yazır ki, Xəzər Xaqanlığının yeddi baş hakimi olub, onların ikisi müsəlmanların, ikisi xristianların, ikisi yəhudilərin və biri isə qədim türk dininə – tanrıçılığa etiqad edənlərin və rusların məhkəmə işlərinə baxıb.

Mənbələrdə Xəzər xaqanlarının ölkəni ədalətlə idarə etdikləri xüsusi vurğulanıb, dini işlərə müdaxilə olmayıb, Xəzər şəhərlərində bütün dinlərin ayin və mərasimləri sərbəst keçirilib. Məhz bunun nəticəsidir ki, mövcud olduğu təxminən dörd əsr ərzində xaqanlıq dini tolerantlıq şəraitində yaşayıb.

Xəzərlər haqqında Azərbaycan yazıçısı Elxan Zal Qaraxanın rus dilində çap olunan “Хазарский простор” (“Xəzər məkanı”) adlı tədqiqat əsəri son dövrlərdə yazılan sanballı əsər kimi diqqəti cəlb edir və bu haqda tədqiqatçılar KİV-də müsbət fikirlər yazıblar.

Millət vəkili, fəlsəfə doktoru Cavanşir Feyziyevin “modern.az” portalında “Xəzərlər kimdir, Elxan Zal Qaraxanlının araşdırması” sərlövhəli məqaləsi bu baxımdan maraq kəsb edir.

Cavanşir Feyziyevin məqaləsində deyilir: “Əsərdəki maraqlı epizodlardan biri də Ktesiy və Herodotun Midiya ilə bağlı nəql etdikləri bir-biri ilə uzlaşmayan tarixi hadisələrin müqayisəsidir. Müəllif sadəcə mətnləri müqayisə etmir, mətnlərdə istifadə olunmuş müxtəlif terminlərin, etnonimlərin, toponimlərin, hidronimlərin linqvistik-fonetik müqayisəsini aparır, fiziki-coğrafi koordinatları dəqiqləşdirir, həmin tarixi dövrlər üçün xarakterik olan siyasi təsisatların iyerarxiyasını araşdırır, oxşar və fərqli, bəzən də eynilik təşkil edən elementləri ayırd edir. İskitlərlə göytürklərin və xəzərlərin qarşılaşdırılması nəticəsində digər qövmlərlə bərabər xəzərlərin də Azərbaycan etnogenezinin formalaşmasında mühüm rol oynadığını ortaya qoyur və Azərbaycan toponiminin “Atropatkan”, “Atropatetena” kimi təhrif olunmuş adlardan deyil, qədim Avesta dilindəki “Xazarvayja” (Xəzər məkanı) terminindən yaranması mülahizəsini irəli sürür”.

Akademik Şahin Mustafayev “Azərbaycan tarixində xəzərlər haqqında dəyərli əsər” (“Ədəbiyyat qəzeti” 2019.- 25 may) adlı məqaləsində şərqşünas alim – tarix üzrə fəlsəfə doktoru Fərda Əsədovun xəzərlərlə bağlı monoqrafiyasına müsbət qiymət verməklə yanaşı, Xəzər Xaqanlığı haqqında öz fikir və mülahizələrinə də yer ayırıb.

Şahin Mustafayev öz məqaləsində yazır: “İlk növbədə vurğulamaq gərəkdir ki, xəzərlərin qurduğu və müasir tarixşünaslıqda “Xəzər xaqanlığı” adı ilə bilinən dövlət İslamdan öncəki qədim cahanşümul türk dövlətçilik ənənəsini qoruyub saxlamaqla Avrasiyanın əngin çöllərini birləşdirib və bununla da tarixdə özündən əvvəlki Türk xaqanlıqlarının sonuncu və təbii varisi olub. Təsadüfi deyil ki, 551-ci ildə indiki Monqolustanın ərazisində Orxon çayı sahilində ilk “Türk xaqanı” adını qazanan Bumın xaqan Aşina nəslinə mənsub olduğu halda, bu sülalənin tarixdə sonuncu hökmdar nümayəndələri də məhz Xəzər xaqanları olmuşlar. Xəzər xaqanlığının X yüzillikdə süqutu ilə Aşina sülaləsi də tarix səhnəsindən silinmişdir”.

Azərbaycan türklərinin etnogenezində və Azərbaycan dilinin (Azərbaycan türkcəsinin) formalaşmasında xəzərlərin böyük rolu olub. Təsadüfi deyil ki, Azərbaycan dilçisi, dialektoloq, türkoloq Elbrus Əzizov (Visiontv.az) müasir Azərbaycan dilinin bəzi dialektlərinin yaranmasını xəzərlərlə bağlayır. R.Əzizov yazır: “Eramızın ilk əsrlərindən başlayaraq xəzərlər Şimali Qafqazdan mütəmadi olaraq Qafqaz Albaniyası ərazisinə yürüşlər edirlər. VIII-IX əsrlərdə xəzər-ərəb müharibələrinin əksəriyyəti də məhz Azərbaycan ərazisində baş vermişdi. Bunların nəticəsində xəzərlərin bir hissəsi tədricən Azərbaycan ərazisində məskunlaşmışdır”.

Yazar Aqşin Yenisey “Yəhudilərlə azərbaycanlıların dostluğu - Xəzərlərin tarixi mirası” (Oxu.az) materialında Saymon Sebaq Montefiorenin “...yəhudi dövlətini tarixdə IX əsrdə xəzərlər yaradıb” fikrini davam etdirir: “Üç dinə sitayiş xəzərlərin çöküşündən sonra fərqli bir mənzərə yaratdı; xristian xəzərlər rus boyarlarına çevrildilər, müsəlman xəzərlər xarəzimlər kimi tarixdə yerlərini aldılar. Yəhudi xəzərlər isə əsasən Şərqi Avropaya köç etdilər. Hətta bu gün Eran Əlxayk kimi genetiklər əşkinazi yəhudilərinin (Şərqi və Mərkəzi Avropa yəhudiləri) əcdadlarının Xəzər bölgəsində yaşayan türk tayfaları olduğunu iddia edirlər. Bütün bu tarixi faktlar onu göstərir ki, bu gün yəhudilər bizi Qafqazda xəzərlərin varisləri kimi qəbul edirlər”.

Naməlum müəllifin Qəznəvi hökmdarı Sultan Məhəmmədə həsr etdiyi “Hüdud əl-aləm” əsərində göstərilir ki, Xəzər imperiyasının hökmdarları Ansa sülaləsinə mənsubdur və bu sülalə Türküstandan bu torpaqlara gəlib.

Bütpərəstlik, iudaizm, islam və xristianlıq ölkəsi

Xəzər Xaqanlığı adlı türk dövləti 618-ci ildən formalaşmağa başlayb, 651-ci ildən Xəzər İmperiyasına çevrilib, 969-cu ilədək fəaliyyət göstərib. (Bəzi mənbələrdə bu rəqəm 1048-ci göstərilir). Paytaxtı 723-cü ilə kimi Dağıstanın Səməndər, sonra isə Xanbalıq, Biləncər, Sarkel və İdil şəhərləri olub. Xaqanlığın dili Xəzər dili, dini ayrı-ayrı vaxtlarda bütpərəstlik, iudaizm, islam, xristianlıq, tanrıçılıq idi. Mənbələrdə xəzərlərin bir hissəsinin şaman olmaları ilə bağlı faktlar da var.

VII-X əsrlərdə Xaqanlığın ərazisi Azərbaycandan Ural dağlarına, Xəzər dənizinin şimal-qərb sahillərinə, Aşağı İdil (Volqa) boyuna, Aral gölündən Macarıstana, Van gölündən Qara dənizə və Kiyevə qədər uzanıb. Xaqanlığın ərazisi 850-ci ildə 3 milyon кvadratkilometr, 900-cu ildə 1 milyon кvadratkilometr olub. Xəzərlər Xəzər dənizi ilə Qara dənizin şimal hissəsində, həmçinin Krım, Qafqaz, Dnepr, Don və İdil (Volqa) çaylarının arasında müstəqil bir imperiya qura biliblər.

582-ci ildə Göytürk xaqanlığı iki yerə – Qərbi Göytürk Xaqanlığı və Şərqi Göytürk Xaqanlığına bölündükdən sonra nisbi müstəqillik əldə edən xəzərlər bundan istifadə edərək Kuban çayı və Azov dənizi arasındakı ərazilərdə məskən salıblar, VII–X əsrlərdə Aşina nəslinin Qərbi Göytürk xaqanlğını idarə edən xaqanları bu ərazilərdə yaşayan türk tayfalarını da özlərinə birləşdirib Xəzər dənizi ilə Qara dənizin şimalında böyük dövlət qurublar. Dövlətin ərazisində türklər, slavyanlar, Qafqaz xalqları, hunlar və digər etnoslar yaşayıb. Bununla belə türklər zaman-zaman xaqanlıqda artmağa başlayıb. Bunu da demək lazımdır ki, Azərbaycan türklərinin, qumuqların, qaraçayların, balkarların, həmçinin Krım tatarlarının formalaşmasında xəzərlərin rolu danılmazdır.

Hələ müstəqillikdən əvvəl xəzərlər Bizansa qarşı, sonra isə Bizansla birləşərək Sasanilərə qarşı vuruşublar. 558-ci ildən başlayaraq Sasani-Xəzər müharibələri daha da güclənib, Sasani hökmdarı Xosrov Ənuşirəvan müdafiə məqsədi ilə Dərbənd və Qafqazın mühüm strateji məntəqələrində qalalar və səddlər inşa etdirir. Bununla belə xəzərlərə qalib gələ bilməyəcəyini anlayan Ənuşirəvan xəzərlərlə dostlaşmağı qərara alır. Bu dostluqdan onun məqsədi şimaldan gələn təhlükələrin qarşısını almaq idi. Bununla belə dostluq münasibətləri uzun sürməyib. 626–627-ci illərdə xəzərlər bizanslılarla danışığa gedərək Araz çayına qədər bütün Şimali Azərbaycanı, Ərməniyyəni, 629-cu ildə isə Tiflisi tuturlar.

Mənbələrin məlumatına görə, VI əsrin son rübündən başlayaraq Xosrov Ənuşirəvan 10 min xəzər ailəsini Azərbaycana köçürüb. VII əsrin 20-ci illərinin sonunda İran-Bizans müharibələrində Bizansın müttəfiqi kimi Cənubi Qafqaza yürüş etmiş türk qoşununun əsas hərbi qüvvəsini xəzərlər təşkil edib.

630-cu ildən başlanan yüksəliş

630-cu ildən Xəzər Xaqanlığı siyasi və hərbi cəhətdən daha da güclənir. Qonşu dövlətlər xəzərlərlə hesablaşmağa başlayır. Bununla belə xəzərlərin 651–652-ci illərdə ərəblərlə müharibələri baş verib. Xəlifə Ömərin dövründə İlk və böyük vuruşma olub, Xilafət ordusu Xəzəryanı əraziləri, Dərbəndi və Xəzər Xaqanlığının paytaxtı Biləncəri tutur. Bundan sonra xəzərlər İdili özlərinə paytaxt seçib.

Xilafətin Şimali Qafqaza gedən bütün yollarını bağlayır. Xəlifə Osman öldürüldükdən sonra 652–656-cı illərdə Xilafətin daxilində qarışıdurma yaranır və xəzərlər bu imkandan faydalanaraq Arrana qədər olan əraziləri işğal edirlər.

717–718-ci illərdə xəzərlər Şirvanı, sonra isə Azərbaycanın bir hissəsini tutur, Mosula qədər olan əraziləri öz torpaqlarına qatır.

Xəzərlərin ayrı-ayrı vaxtlarda qonşu Bizans, Sasani, Ərəb imperiyaları ilə sıx əlaqələri olub, maraqlar toqquşduqda yenidən münasibətlər pisləşib. Bu əməkdaşlığın nəticəsidir ki, VII əsrdə Bizans imperatoru Herakleios xəzərlərlə müttəfiqlik müqaviləsi imzalayıb. Bundan sonra Xəzər Xaqanlığında hakim zadəganların bir hissəsi bizanslılara və ərəblərə qarşı sülalə siyasəti kimi yəhudiliyi qəbul edib.

VII əsrdə xəzərlərlə ərəblər arasında münasibətlər pisləşib, 737-ci ildə Xəzər xaqanı ərəblərlə sülh imzalayıb və bundan sonra xəzərlər arasında İslam dini yayılmağa başlayıb.

VII əsrdə Xəzər xaqanlığı Krımı işğal edir. Qara dənizin şimal hissəsi və Krımın Xəzər Xaqanlığı tərəfindən işğalı imperiyanı daha da gücləndirir, əsrin sonlarında Dneprə qədər olan ərazilər tutulur. Bu dövrdə xəzərlərlə Bizans arasında əlaqələr yaxşılaşsa da bir müddətdən sonra yenidən pisləşir. Səbəbi Bizans imperatoru I Romanosun yəhudilərə olan pis münasibəti idi. Bundan sonra Bizansdan qovulan yəhudilər Xəzər Xaqanlığının ərazilərinə köç edir. Buna cavab olaraq xəzərlər xristianları təqib edir. Bundan sonra Bizans imperatoru Kiyev knyazlığı ilə müttəfiqlik münasibətləri yaradır, sonra isə uzlar, peçeneqlər və alanlarla ittifaq münasibətləri qurur, Xəzər xaqanlığına hücum edir və uduzurlar.

Xəzərlər uzun müddət Zaqafqaziya bölgəsində hökmranlıq uğrunda mübarizədə Ərəb xilafəti ilə rəqabət aparıb. Bir sıra Şərqi Slavyan qəbilə birliyi siyasi cəhətdən xəzərlərdən asılı olub.

Məhz bunun nəticəsidir ki, 733-cü ildə Bizans imperatoru III Leon oğlu Konstantini Xəzər xaqanının qızıyla evləndirib.

790-cı ildə Xəzər xaqanı Obadi iudaizmi xaqanlığın rəsmi dini elan etdikdən sonra xaqan və oğlanlarını öldürür. Obadinin qardaşı hakimiyyəti ələ keçirir. Həm xaricdən ölkəyə hücumlar, həm də daxili çəkişmələr Xaqanlığın get-gedə zəifləməsinə gətirib çıxarır. O biri yandan da Kiyev knyazı Svyatoslav 965-ci ildə Xaqanlığa hücum edir, Səməndər və Sarkel şəhərlərini viran qoyur. Svyatoslav Sarkel şəhərinin ərazisində Belaya Veca adlı qala tikdirir. Xəzərlərin bir hissəsi Krıma, bir hissəsi isə Şimali Qafqaza köç edir. Şimali Qafqaza gedən xəzərlər Qaraçay türklərinin ulu babaları sayılır.

Xəzərlərlə rus-slavyanlar

Mənbələrdə Xəzər xaqanlığının 859-cu ildən sonra polyan, severyan, radimiç və vyatiç kimi rus-slavyan tayfalarını özlərinə tabe etməsi və onlardan bac alması ilə bağlı kifayət qədər məlumat var.

884-cü ildə rus-slavyan tayfaları xəzərlərə qarşı birləşir və bac verməkdən imtina edirlər. Bac üstündə xəzərlərlə slavyanlar arasında münaqişə illərlə davam edir, ruslar bac verməkdən imtina etdikdə problem müharibə ilə yoluna qoyulur.

939-cu ildə Kiyev knyazı I İqor yenidən Xəzər xaqanlığının paytaxtı Tmutarakan şəhərinə hücum edir. I İqorun qoşunları geri oturdulsa da fürsətdən istifadə edən Bizans hərbçiləri xəzərlərə hücum edir, hücumun qarşısı alınsa da yaranmış qarışıqlıqdan istifadə edən Bizans qüvvələri onlara qoşulur və Krım yarımadasının bir hissəsini ələ keçirirlər. 939-cu ildə Xəzər xaqanı II Aaron Krıma hücum edir və Bizans qüvvələrini Krımdan qovur.

944-cü ildə ruslar, xəzərlərin ərazisindən keçərək o dövrdə Qafqazın mərkəzi sayılan Bərdə şəhərinə hücuma keçir, kütləvi qırğınlar və qarətlər törədirlər.

Xəzər imperiyası zəifləyir

IX əsrdən başlayaraq Xəzər Xaqanlığı zəifləməyə başlayır. IX əsrdə qıpçaq və uzların xaqanlığa hücumları zamanı xəzərlər uduzur. 854-cü ildə kəbərlər, macarlar və bulqarlar xəzərlərin hakimiyyətindən çıxır. 860–880-ci illərdə peçeneqlər uzlara qalib gəlir və Xəzər xaqanlığının torpaqlarına – Don və Kuban çaylarının sahillərinə köç edirlər. Kuman qıpçaqlarının Qərbi Sibirdən Volqa sahillərinə köç etməsi xəzərlərin Xarəzm və Türkistanla ticarət əlaqələrinin qarşısını alır.

Xəzərlərin yaşadıqları ərazilər ticarət üçün əhəmiyyətli olub. IX yüzilliyin ortalarında peçeneqlərin İdil-Xarəzm ticarət yolunu ələ keçirməsindən sonra Xəzər xaqanlığı gəlir mənbələrini itirir və dövlətin daha da zəifləməsinə səbəb olur. Bundan istifadə edən rus knyazları Xəzər xaqanlığının paytaxtı İdilə və Qafqaz üzərinə yürüş edirlər. 1016–1019-cu illərdə Bizans və Kiyev knyazlığı xəzərlərə qarşı ittifaq yaradır, xaqanlığın Tmutarakan şəhəri və ətraf ərazilər işğal olunur.

Xəzərlər Aşağı İdil, Azov və Krımda kiçik xanlıqlar kimi fəaliyyətlərini davam etdirirlər. Xəzərlərə son zərbəni 1030-cu ildə peçeneqlər vurub. Bir yandan türk tayfaları, o biri tərəfdən Bizans və Kiyev-rus knyazlığı ilə müharibələr və daxili münaqişələr xaqanlığı çökdürür. Beləliklə, Xəzər Xaqanlığı Bizans imperatorluğunun da yaxından köməyi ilə XI əsrdə süqut edib. bununla belə xəzərlərin adı XII əsrə aid mənbələrdə də çəkilir.

Türk dünyasında Xəzərlə bağlı toponimlər

Azərbaycanda və Türkiyədə, Özbəkistanda və digər ölkələrdə Xəzər toponimi ilə bağlı xeyli məkan var. Azərbaycan tarixçisi, etnoqrafı, tarix elmləri doktoru, professor Qiyasəddin Qeybullayev qeyd edir ki, Azərbaycandakı Tərnəvit, Ulaşlı, Kəbirli, Qaraçorlu və b. toponimlər xəzərlərin tərnə, kulas, kəbər və karaçor tayfalarının adı ilə bağlıdır. Azərbaycanda Xəzərdağ (Füzuli rayonu), Xəzəryurd (Ordubad rayonu), Xəzər-yaylaq (Lerik rayonu), Xəzəllər (Laçın rayonu) toponimləri Xəzər etnonimini saxlayıb.

Vanda – Xazara (Qaraboyun), Xazar (Kırkcalı), Trabzonda-Xəzərqrad (İki dərə), Qarsda – Kiçik Xəzriyan (Kiçik Sütlücə), Kayseri və Bingöldə-Xəzər-şah, Elazığda-Xazar (Plyajköy), Xazar gölü... Bunlar Xəzər toponimi ilə bağlı adların tam siyahısı deyil.

Özbəkistanın ən qədim şəhərlərindən biri də Xarəzm vilayətində Xazarasp adlı şəhər tipli qəsəbədir. X əsr fars coğrafiyaşünası əl-İstəxri Xarəzmin suvarma sistemlərini təsvir edərkən böyük gəmilərin üzdüyü böyük Xazarasp kanalı, eləcə də Amudəryaya yaxın düzənlikdə yerləşən Xazarasp şəhəri haqqında yazır.

Əl-Maqdisiyə görə, Xazarasp çoxlu bazarları olan böyük ticarət şəhəri idi. Xazarasp XIII əsrin əvvəllərinə, yəni monqol istilasına qədər 300 il ərzində çiçəklənən iri ticarət şəhərlərindən biri olub.

XVIII-XIX əsrlərdə əcnəbi səyyahlar Tomson, Efremov, Rukavkin və başqalarının yazdıqlarına görə, Xivədən sonra xanlığın ikinci böyük və əhəmiyyətli şəhəri məhz Xazarasp olub. Arxeoloqlar Xazarasp şəhərində müxtəlif tikililərin qalıqlarını aşkar ediblər: qalalar, saraylar, məbədlər, karvansaraylar, bazarlar, sənətkarlıq emalatxanaları, hamamlar və s. Məhz buna görə də Xazarasp şəhəri UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.

Onu da deyək ki, keçmiş Sovet dövründə arxeoloqlar Şimali Qafqazda, həmçinin Kuban və Don çaylarının hövzələrində qədim şəhərlərin xarabalıqlarından Göytürk və Xəzər Xaqanlığına aid türk maddi mədəniyyət nümunələri – üzərində türk yazıları olan saxsı əşyalar və metal məmulatlar, daş heykəllər, qızıl və gümüşdən hazırlanan müxtəlif sənət əsərləri aşkar ediblər.

Müxtəlif illərdə hökmdarlıq edən Xəzər xaqanları:

Monqolustan ərazisindəki iki qədim türk kitabəsində VI əsrdə xəzərlərin hökmdarı kimi tanınan Kadir Kasardan bəhs edilir. Bununla belə müxtəlif mənbələrdə Xəzər xaqanlarının bəzilərinin adları verilib:

*Cebu xaqan

*Tonq Yabqu, VII əsrdə İran-Bizans müharibəsi zamanı xəzərlərin lideri, 618-628-ci illər...

*İbuzir Qlyavan, 704–711…

*Bardjil və ya Bardcil, 722-731…

*Parsbit və ya Prisbit, 730-cu il, xaqanlığının ilk qadın hökmdarı, hakimiyyətə gətirilərkən uşaq olub.

*Virxor, 732-750… qızı Çiçəyi gələcək Bizans imperatoru V Konstantinə ərə verib

*Bahadur, 759–763…

*Zəkəriyyə, 860–861...

*Obadiya, (786-809) ərəb xəlifəsi Harun ər-Rəşidin müasiri

*Ezekiya

* I Manassiya IX əsr

*Bulan IX əsr

* Xanukka

* İshaq

*Zavulon

*II Manassiya (Musa)

*Nissi

*I Aaron

*Menaxem

*Benjamin 880-900…

*II Aaron 900-930…

* İosif-Yusif 932-960...

*David X əsr

Tarixin keşməkeşli bir dövründə dörd əsrə yaxın bir dövrdə yaşayan Xəzər xaqanları haqqında mənbələrdə məlumatlar o qədər də çox deyil. Bəzən fakt və rəqəmlər üst-üstə düşmür. Yazıda hökmdarların adları ingilis və slavyan mənbələrində olduğu kimi verilib.

Qulu KƏNGƏRLİ,XQ-nin Türküstan müxbiri

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
6
3
xalqqazeti.az

4Mənbələr