ain.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.
Artıq payız fəsli ölkəmizə qədəm qoyub. Yeni fəslin ilk gününü yaşayırıq.
Payız öz gəlişi ilə birlikdə bir sıra xəstəliklərin yayılmasına və artmasına da zəmin yaradır.
Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov mövzu ilə bağlı Bakıvaxtı.az-a müsahibə verib.
- Payız fəslində hansı infeksion xəstəliklər daha çox yayılır?
- Payız aylarında daha çox qrip və kəskin respirator virus infeksiyaları yayılır. Bunun səbəbləri havanın soyuması ilə əlaqədar insanların daha çox qapalı məkanlarda toplanması nəticəsində yaxın təmasların artması, otaqların az havalandırılması, fəsillə bağlı immunitetin təbii zəifləməsidir. Bundan başqa, dəyişkən hava şəraitində geyim seçiminin çətin olması nəticəsində tərləmə və ya soyuq qrip və kəskin respirator virus infeksiyalarının yayılmasında rol oynayır.
- Bu xəstəliklərdə risk qrupları kimlərdir?
- Bu tip infeksiyalar üçün 5 yaşın altında uşaqlar, hamilələr, müxtəlif orqanların ağır xroniki xəstəlikləri olan şəxslər əsas risk qrupudur. Eyni zamanda, , 65+ yaşlılar, bir çox səbəbdən immundefisiti olan insanlar da risk qrupu sayılır.
- Bu dövrdə uşaqlar və yaşlılar üçün risklər nələrdir?
- Bu dövrdə yaşlılar və uşaqlar üçün risklər ondan ibarətdir ki, əsasən qrip, bəzi hallarda digər KRVİ-ları ağır keçə və fəsadlaşa bilər. Yəni bu qrup insanlarda xəstəlik daha uzun müddət davam edir, orta qulağın iltihabı, pnevmoniya, az hallarda meningit və ensefalit və s. kimi müxtəlif fəsadlar inkişaf edə bilər.
- İmmuniteti zəif olan şəxslər üçün əlavə hansı tədbirlər görülməlidir?
- Kiçik yaşlı uşaqlar, hamilələr, ahıl insanlar və immuniteti zəif olan və risk qrupuna daxil olan digər şəxslər mütləq qripə qarşı peyvənd olunmalıdırlar. Bu şəxslər respirator və əl gigiyenasına ciddi riayət etməli, əhalinin sıx toplaşdığı yerlərdən yayınmalı, xəstələndikdə dərhal həkimə müraciət etməlidirlər.
- Payızda məktəblərdə infeksiyaların qarşısını almaq üçün valideynlər və müəllimlər nələrə diqqət etməlidir?
- Məktəblərdə payız aylarında KRVİ-larının qarşısını almaq üçün xəstəlik əlamətləri olan uşaqları vaxtında valideynlər və ya bağça və məktəb işçiləri tərəfindən aşkar edərək kollektivdən izolə etmə, sinif otaqlarını tez-tez havalandırmaq tələb olunur. Zəif immunitetli uşaqları qripə qarşı peyvənd etdirmək, habelə lazım gələrsə respirator və əl gigiyenası tədbirlərindən yararlanmaq da vacibdir.
- Hansı simptomlara diqqət etmək lazımdır ki, ağırlaşmadan həkimə müraciət olunsun?
- Bu infeksiyalarla xəstələnmə zamanı hərarət 3-5 gündən çox müddətdə davam edərsə, çox yüksək hərarət olarsa mütləq həkimə müraciət edilməlidir. Eyni zamanda, yuxarı tənəffüs yolları ilə yanaşı digər orqanların zədələnmə əlamətlərinin qoşulması, təngnəfəslik, döş qəfəsində ağrılar, dəri və görünən selikli qişaların göyərməsi, bəlğəmdə qan qarışığının olması, ürəkbulanma və qusma ilə müşayiət edən güclü baş ağrıları və s. kimi əlamətlər olduqda həkimə müraciət qaçılmazdır.
Mina Mikayılova
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.