AZ

Suverenliyin bərpasının beynəlxalq müstəvidə yaratdığı nəticələr və perspektivlər

Separatizmə son qoyulması həm daxili, həm də xarici siyasətdə ölkəmizin uğurudur

Separatizm bir dövlətin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü və siyasi birliyini qismən və ya tam şəkildə parçalamaq, onun siyasi müstəqilliyinə qəsd və daxili işlərinə müdaxilə etmək deməkdir. Əgər bu proses zor tətbiqi ilə müşayiət olunursa, artıq silahlı separatizmdən söhbət gedir və bu, terrorizm ünsürlərini də özündə ehtiva edir. 

Ermənistan Azərbaycana qarşı ərazi iddiası irəli sürməklə yanaşı, ölkəmizin daxilində separatizmi təşviq etmiş, işğalçılıq siyasəti və anneksiya cəhdi həyata keçirməklə ölkəmizin təhlükəsizliyinə ciddi təhdidlər yaratmışdı. Ərazilərimiz işğal altında olduğu zaman Ermənistan siyasi, iqtisadi, maliyyə və hərbi resurslardan istifadə etməklə Azərbaycanın ərazisində xunta rejiminin başında dayandığı marionet struktur formalaşdırmışdı.

Azərbaycan lokal xarakterli antiterror tədbirləri ilə məhz ərazimizdə separatizmin kökünü kəsmişdir. Silahlı Qüvvələrimiz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında birgünlük lokal xarakterli antiterror tədbirləri keçirməklə ölkəmizin ərazisində separatizmə öz suveren nəzarətini tam bərpa etmişdir. Separatizmə son qoyulması həm daxili, həm xarici suverenliyimizin tam bərpası üçün siyasi-hüquqi zəmin yaratdı.

Separatizmlə mübarizə ilk dəfə olaraq ikitərəfli beynəlxalq müqavilədə hüquqi öhdəlik kimi təsbit olunub. Belə ki, avqustun 8-də Vaşinqtonda paraflanmış sülh sazişinin 8-ci maddəsi Ermənistan tərəfinin separatizmə qarşı mübarizə aparmaq öhdəliyini müəyyən edir. Həmin müddəa Ermənistanın 30 illik işğalçı siyasətini nəzərə aldıqda xüsusi əhəmiyyət daşıyır. Bundan əlavə, sənədin 2-ci maddəsi tərəflərin bir-birinin siyasi bütövlüyünə qarşı hər hansı fəaliyyətə yol verməməsini təsbit edir. Hətta üçüncü dövlətlərin belə, tərəflərin ərazilərindən onların ərazi bütövlüyünə qarşı fəaliyyət üçün istifadə etməyəcəklərinə dair öhdəlik götürülüb.

Beynəlxalq hüquqda daxili və xarici suverenlik məsələləri kontekstində Azərbaycan təcrübəsi

BMT-nin Nizamnaməsi çərçivəsində 19-20 sentyabr 2023-cü ildə keçirilən antiterror tədbir təkcə Azərbaycanın daxili sabitliyi baxımından deyil, həm də beynəlxalq hüquq müstəvisində mühüm nəticələr doğurdu. Azərbaycan Prezidenti İlham Əliyevin Xankəndi şəhərində etdiyi çıxışında vurğuladığı kimi, suverenliyimizin bərpası beynəlxalq hüququn təntənəsi oldu. O beynəlxalq hüquq ki, daxili suverenlik və xarici suverenlik anlayışlarını fərqləndirir. Daxili suverenlik dedikdə dövlətin tanınmış sərhədləri çərçivəsində ali hakimiyyətin yalnız həmin dövlət tərəfindən icrasını, hökumətin konstitusiyada təsbit olunmuş güc monopolyasiyasını təmin etməsini və dövlət orqanlarının məhdudiyyətsiz yurisdiksiyasını həyata keçirə bilməsidir. 

Şanlı zəfərimiz nəticəsində Prezident Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də qəbul edilmiş Konstitusiyamız dövlətimizin bütün ərazisində tətbiq olundu və dövlət orqanlarımız bütün suveren ərazilərimizdə öz yurisdiksiyasını icra etməyə başladı. Prezident İlham Əliyev xalqımızın və dövlətimizin Konstitusiya dəyərlərinə və suverenlik prinsiplərinə sadiqliyinin təsdiqi olaraq 2025-ci ili ölkəmizdə "Konstitusiya və Suverenlik İli" elan etdi. Bu tarixi qərarı bir cümlə ilə belə əsaslandırmaq olar: Umummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış Konstitusiyamız müasir Azərbaycanın hüquqi, demokratik və dünyəvi dövlət kimi formalaşmasında və inkişafında həlledici rol oynayır.

Ağdam, Füzuli, Şuşa, Laçın, Xankəndi və işğaldan azad edilən digər ərazilərimizdə aparılan genişhəcmli quruculuq və bərpa işləri nəinki bizdə, hətta əcnəbi ziyarətçilərdə müsbət heyranlıq yaradır. İşğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işlərini intensivliyinə və həcminə görə, 1990-cı illərin Berlini ilə müqayiə etmək olar. Almaniya, eləcə də Berlinin şərqi ilə qərbi Soyuq müharibənin sona çatması ilə yenidən birləşdikdən sonra orada aparılan bərpa və quruculuq işlərinə görə şəhər 1990-cı illərdə Avropanın ən böyük tikinti meydançası hesab olunurdu. Bu gün desək, Ağdam və Şuşa nəinki regionun, hətta Avropanın ən böyük tikinti meydançasıdır, yanılmarıq. 

Xarici suverenlik dedikdə isə dövlətin beynəlxalq münasibətlərdə heç bir üçüncü tərəfdən asılı olmadan müstəqil xarici siyasət kursu müəyyən və müvafiq qərarlar qəbul etməsi, istədiyi müqavilələri imzalaması və ya konvensiyalara tərəf olması, eləcə də seçdiyi hərbi və iqtisadi-siyasi ittifaqlara qoşulmaq hüququ nəzərdə tutulur. Bu baxımdan Vaşinqtonda paraflanan sülh sazişi Azərbaycanın suverenliyini yalnız daxildə deyil, həm də beynəlxalq müstəvidə təsbitini özündə ehtiva edir. 

Azərbaycan və Ermənistan arasında paraflanmış sülh və dövlətlərarası münasibətlərin yaradılması haqqında sazişin xüsusilə bir müddəasını vurğulamaq istərdik. Sənədin 1-ci maddəsində Ermənistan və Azərbaycan bir-birinin suverenliyini, ərazi bütövlüyünü, beynəlxalq sərhədlərinin toxunulmazlığını tanıyır. Sənəddə həm də vacib hüquqi məqam odur ki, tərəflər bunu "keçmiş SSRİ-nin respublikaları arasındakı inzibati sərhədlərin müvafiq müstəqil dövlətlərin beynəlxalq sərhədlərinə çevrilməsi və beynəlxalq birlik tərəfindən bu şəkildə tanınması" prinsipi əsasında həyata keçirirlər. Bu müddəa Ermənistan tərəfinin uzun illər ərzində "Dağlıq Qarabağ"ın guya Azərbaycanın müstəqilliyini elan etməsindən əvvəl onun tərkibindən ayrılması barədə irəli sürdüyü hüquqi əsası olmayan iddialar kontekstində xüsusi əhəmiyyət kəsb edir. Belə yanaşma həm də onu göstərir ki, Ermənistanın Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü SSRİ dövründə mövcud olmuş inzibati sərhədlər çərçivəsində tanıması bu günə qədər Ermənistanın müxtəlif hökumətləri tərəfindən qaldırılmış ərazi iddialarının beynəlxalq hüquq baxımından qeyri-legitim olduğunu təsdiq edir. Bununla Qarabağın həm SSRİ, həm də müstəqillik dövründə Azərbaycanın suveren ərazisi olması faktı bir daha beynəlxalq hüquqi sənəd səviyyəsində rəsmiləşdirilmiş olur.

Saziş həmçinin ərazi iddialarından indi və gələcəkdə imtina, sərhədlərdə hərbi qüvvələrin yerləşdirilməməsi ilə bağlı müddəaları özündə ehtiva edir və Ermənistan hökumətinin üzərinə beynəlxalq müqavilə öhdəliyi qoyur.

Vaşinqton razılaşmaları suverenliyimizin beynəlxalq müstəvidə təsbitidir

Suverenliyimizin bərpasından sonra Prezident İlham Əliyevin hərbi, siyasi və diplomatik səyləri və strateji vizionu əsasında formalaşdırılan Azərbaycanın sülh gündəliyinin tərkibi kimi, Vaşinqtonda Ermənistanla sülh sazişinin indiki mərhələdə paraflanması dövlətimizin sülh prosesinə yanaşmasında nə qədər ardıcıl, prinsipial mövqe sərgilədiyini göstərir. 

Ermənistan tərəfindən konstitusion dəyişikliklərin edilməsinin zəruriliyinə ABŞ Prezidenti səviyyəsində dəstək ifadə olunmuşdur. Bu yerdə xüsusi vurğulamaq istərdik ki, məhz Prezident İlham Əliyevin məharətli diplomatiyası sayəsində Ermənistanın daxili qanunvericiliyinə aid məsələdə dəyişiklik edilməsinin beynəlmiləlləşdirilməsinə nail olunmuş, indiyə qədər ikitərəfli danışıqlar predmeti olmuş məsələ üçtərəfli Birgə Bəyanatın elə 1-ci bəndində təsbit edilmişdir. Hazırkı və gələcək Ermənistan hökumət nümayəndələrinin hansı formada şərh verməsindən asılı olmayaraq, bu tələb rəsmi İrəvan qarşısında qoyulmuşdur, özü də diplomatik dilin imkan verdiyi qədər qətiyyətli və belə aydın formada. 

Sazişin "imzalanması və sonrakı ratifikasiyası üçün" məhz "əlavə tədbirlərin davam etdirilməsi" "ehtiyac" olaraq vurğulanmışdır. Bu da göstərir ki, sazişin indiki mərhələdə imzalanmasına mane olan faktorlar var və bunların aradan qalxması zərurətdir.

Vaşinqton sülh sammitində ATƏT-in Minsk prosesi bağlandı. Məhz Prezident İlham Əliyevin diplomatik səyləri nəticəsində Minsk qrupunun həmsədr dövləti ABŞ Prezident Tramp səviyyəsində Azərbaycan və Ermənistanın bu qərarın qəbulu üçün ATƏT-ə ünvanladığı çağırışa qoşuldu. Üç qitə - Şimali Amerika, Avropa və Asiyadan olan 57 ATƏT üzvü dövlət yekdil mövqeyi ilə bu qərarı dəstəklədilər. Başqa sözlə, Azərbaycan əsgərinin 2020-ci ilin 27 sentyabrından Füzulidəki səngərdən, ilk azad edilən Qaraxanbəyli və Qərvənd kəndlərindən başladığı prosesi Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Helsinki və Vyanadakı diplomatik müstəvidə rəsmiləşdirməyə müvəffəq oldu. Nəticədə 1988-ci ildən etibarən beynəlxalq siyasi leksikona "Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi" kimi pərçim edilən problem de-yure sona çatdı. 

Azərbaycanın suveren nəzarətinin Qarabağ və Şərqi Zəngəzur üzərində təmin olunması nəticəsində regionda yaranmış reallıqların ATƏT müstəvisində də təsdiqini tapmasını baş katib Sinirlioglu, "on illiklərlə davam edən münaqişə və etimadsızlıqdan sonra diplomatiyanın nəyə qadir olduğunu təsdiqləyən tarixi inkişaf" kimi dəyərləndirdi. ATƏT-in fəaliyyətdə olan sədri - finlandiyalı nazir Valtonen "Ermənistan və Azərbaycanın əldə etdiklərini tarixi anlaşma" adlandırdı. 

Beynəlxalq diplomatik mustəvidə mühüm dönüş nöqtəsi hesab edilən ATƏT-in Minsk qrupunun fəaliyyətinə xitam verilməsinin geosiyasi və hüquqi nəticələri çoxşaxəlidir və postmünaqişə dövrü diplomatik fəaliyyətlərdə dönüş nöqtəsi hesab edilə bilər. 

Nəticə olaraq vurğulaya bilərik ki, sülh diplomatiyasının və müdrik liderliyin təntənəsi olan tarixi Vaşinqton razılaşmaları həmçinin suverenliyimizin beynəlxalq müstəvidə təsbitidir.

ABŞ ilə münasibətlərdə keyfiyyətcə yeni mərhələ

Suverenliyimizin bərpası ABŞ ilə münasibətlərimizdə dönüş yaranması, ikitərəfli münasibətlərin keyfiyyətcə yeni səviyyəyə qaldırılması üçün zəmin yaratdı. Prezident İlham Əliyevin hələ Prezident Trampın səlahiyyətlərinin icrasına başlamazdan əvvəl mətbuatda səsləndirdiyi ikitərəfli münasibətlərin keyfiyyətcə yeni səviyyəyə qaldırmaq təklifi Ağ Evdə yüksək dəyərləndirildi. 

Enerji, rəqəmsal infrastruktur və təhlükəsizlik sahələrinin əhatə edən strateji tərəfdaşlıq münasibətlərinin yaradılması məqsədilə strateji İşçi Qrupu haqqında Anlaşma Memorandumu imzalandı. Prezident İlham Əliyevin məhz mükəmməl diplomatiyası sayəsində 907-ci düzəliş aradan qaldırıldı və Prezident Tramp birgə mətbuat toplantısında (Prezident İ.Əliyevə müraciətlə) bunu belə qiymətləndirdi: "Biz həmçinin müdafiə sahəsində Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasında əməkdaşlığa olan məhdudiyyəti aradan qaldırırıq. Bu, həm Sizin və həm də mənim üçün əhəmiyyətli məsələdir".

Suverenliyimizin bərpası Brüssel-Bakı dialoqunun intesivləşməsinə zəmin yaratdı

İkinci Qarabağ müharibəsindən və suverenliyimizin bərpasından sonra yeni yaranmış reallıqlar şəraitində ABŞ ilə yanaşı, həm də Avropa İttifaqı ilə münasibətlərimizdə olan intensivləşmə və yaxşılaşma müşahidə olunur.

Azərbaycanın əsas ticarət tərəfdaşı olan Avropa İttifaqı siyasi münasibətlər müstəvisində zaman-zaman, xüsusən torpaqlarımız işğal altında olarkən Azərbaycana qarşı qərəzli mövqeyi ilə gündəmə gəlib. Avropa Parlamenti qərəzli mövqeyindən bu gün də əl çəkməyib. Amma şanlı zəfərimiz nəticəsində yaranmış yeni reallıqların üstünlükləri Brüsseldə də qəbul olunur və bu, xüsusi ilə Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayenin ikinci kabinetinin ölkəmizə münasibətdə sərgilədiyi mövqedə müşahidə edilir. Bu kontekstdə genişlənməyə məsul komissarın ötən həftə Azərbaycana səfərinə son dövrlərdə Aİ rəsmiləri ilə Azərbaycan arasında intensivləşən səfərlər kontekstində qiymət vermək olar. Belə ki, mart ayında enerji komissarı, apreldə təhlükəsizlik məsələləri üzrə məsul komissar və vitse-prezident ölkəmizdə səfərdə olmuşdur. May ayında Prezident İlham Əliyevin Albaniyada Avropa İttifaqı Şurasının prezidenti Antonio Koşta və Aİ-nin prezidenti Ursula fon der Lyayenlə görüşü baş tutmuş, avqustda isə dövlətimizin başçısı Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini Bakıda qəbul etmişdir. Bunlardan əlavə,  Aİ-nin genişlənmə məsələləri üzrə komissarı ölkəmizə səfəri çərçivəsində işğaldan azad edilmiş ərazilərə, o cümlədən Ağdam rayonuna səfər etmiş və orada minatəmizləmə işləri ilə tanış olmuşdur. Bu, Aİ-nin Azərbaycana yönəlik siyasətində reallığı əks etdirən yanaşmanı qəbul etməsi üçün çox vacib məqamdır. Komissar "ruhlar şəhəri", "Qafqazın Xirosiması" kimi tanınan Ağdamla tanışlıq şəraitində Azərbaycanın məruz qaldığı işğalın real nəticəsini yerində gördü. Bununla yanaşı, genişhəcmli bərpa-quruculuq işləri ilə yerindəcə tanışlıq nəticəsində Azərbaycanın sülh gündəliyinin real nəticələrini qəbul etdi. 

Ağdam və işğaldan azad edilmiş rayonlarımızın minalardan təmizlənməsi uzun vaxt və böyük resurs tələb edən məsələdir. Azərbaycan öz real imkanları ilə bərpa-quruculuq işlərini davam etdirir. Bu məsələlər eyni zamanda ikitərəfli və çoxtərəfli münasibətlər aspektində əməkdaşlıq üçün bir platformadır. Avropa İttifaqının postmüharibə dövründə barışıq istiqamətində geniş potensialı və təcrübəsi var. İkinci Dünya müharibəsindən sonra bu qurumun formalaşmasında iştirak edən 6 dövlət, ilk növbədə, müharibəyə səbəb ola biləcək resursları - kömür və polad sənayesinin idarəsini əlaqələndirmişlər. Bizim regionda isə belə əlaqələndirici və sülhə və sabitliyə xidmət edən məsələlər sırasında tranzit-nəqliyyat infrastrukturu layihələri, enerji sahəsində əməkdaşlıq yer alır. 

Avropa İttifaqı ilə münasibətlərdə yer alan çox mühüm məqamlardan biri də logistika-nəqliyyat məsələsidir. Məlumdur ki, Qara dəniz Avropa İttifaqı ölkələrini Gürcüstan və Azərbaycan vasitəsilə Mərkəzi Asiya ilə birləşdirir. Avropa İttifaqının Mərkəzi Asiya ilə münasibətlərində isə intensivləşmə müşahidə olunur. Brüssel Mərkəzi Asiya ölkələrinə münasibətdə "Qlobal Gateway" (Qlobal keçid) təşəbbüsü çərçivəsində əməkdaşlıq təklif edib. 2021-ci ildə start verilən "Qlobal Gateway" layihəsinin 300 milyard avroluq büdcəsi var və beynəlxalq müstəvidə 90 layihəni əhatə edir. Aİ 2030-cu ilədək tranzit infrastrukturun yaradılması məqsədilə Mərkəzi Asiya ölkələrinə 10 milyard avro investisiya yatırmaq istəyir. Müəyyən xammalın, qiymətli metalların Mərkəzi Asiyadan ixracında maraqlı olan Avropa İttifaqı Mərkəzi Asiyadan xüsusi ilə hərb sənayesində ciddi ehtiyac duyduğu qiymətli metalların və digər xammalın sabit, alternativ yollarla idxalında maraqlıdır. 

Avropa İttifaqı ilə Çin arasında intensivləşən ticari münasibətlərdə tranzit ölkə kimi Azərbaycan Orta dəhlizin vacib hissəsi kimi mühüm rol oynayır. Bu həmçinin Zəngəzur dəhlizi üçün uğurlu perspektiv vəd edir. İstənilən halda Avropa İttifaqının yeni reallıqları nəzərə alaraq, öz siyasətində dəyişiklik etməsinin tam zamanıdır və bu istiqamətdə Aİ-nin fəaliyyət sərgilədiyi müşahidə olunur. Həmin reallığı yaradan isə Azərbaycanın sülh gündəliyi və yeni reallıq şəraitində əməkdaşlığı müəyyən edən Prezident İlham Əliyevin strateji vizyonudur. Bakının təklif etdiyi əməkdaşlıq platformasında ayrı-ayrı aktorlar yer almaq istəyir və onun üçün də Bakıya səfərlər intensivləşib.

Kommunikasiyaların bərpası sürətlənib

Vaşinqton Sülh sammitindən sonra Ermənistan və Azərbaycan arasında kommunikasiyaların bərpası perspektivləri də artıq reallığa çevrilməkdədir. Üçtərəfli Vaşinqton Birgə Bəyannaməsinin Zəngəzur dəhlizinə (TRIPP) dair ilk beynəlxalq sənəd də hesab etmək olar. Belə ki, Azərbaycan Prezidentinin Azərbaycanın əsas hissəsi və onun Naxçıvan bölgəsi arasında maneəsiz bağlantının təmin edilməsi ilə bağlı prinsipial mövqeyi Birgə Bəyanatda əksini tapmışdır. Bəyannamədə TRIPP kimi qeyd edilən layihənin ölkədaxili, ikitərəfli və beynəlxalq nəqliyyatın təmini məqsədilə kommunikasiyaların açılmasında əhəmiyyəti bir daha təsdiq olunmuşdur. 

Bu mənada Zəngəzur dəhlizi (TRIPP) təkcə Cənubi Qafqazın deyil və onun sərhədlərini aşan daha böyük regionun nəqliyyat-logistika xəritəsini dəyişə biləcək strateji layihədir. Bir müqayisə aparmaq istərdim: Hormuz, Bab el Mandab, Malakka boğazlarının, və ya Süveyş kanalının qlobal dəniz ticarəti yollarının əlaqələndirilməsində oynadığı rolu vaxt gələcək Zəngəzur dəhlizi (TRIPP) quru nəqliyyatı ticarət yollarında, Şərq-Qərb Orta dəhliz və Şimal-Cənub dəhlizində oynayacaqdır. 

Yeni yaranmış geosiyasi reallıq şəraitində Avropa İttifaqının da Azərbaycanla əməkdaşlığına yeni perspektivdən yanaşması özünü göstərir. Son vaxtlar Brüssel və Bakı arasında həyata keçirilən yüksəksəviyyəli dialoq, Aİ Komissiyasının prezidenti Ursula fon der Lyayenin ikinci kabinetinin Azərbaycanla əməkdaşlığın intensivləşdirilməsinə göstərdiyi maraq bunun təsdiqidir. 

Avropa İttifaqı eyni zamanda Mərkəzi Asiya dövlətləri ilə iqtisadi-ticari münasibətlərini "Global Gateway" (Qlobal keçid və ya körpü) layihəsi çərçivəsində yeni səviyyəyə qaldırmağı planlayıb. Avropa İttifaqının qlobal miqyasda infrastruktur, "yaşıl enerji" və dayanıqlı inkişaf sahəsində əməkdaşlığı təşviq etmək üçün başlatdığı "Global Gateway" təşəbbüsü Çin tərəfindən irəli sürülən "Bir kəmər, bir yol" strategiyasına müəyyən məqamlarda alternativ kimi təqdim edilir. Amma Orta dəhliz və Zəngəzur seqmentindən istifadəyə hər iki layihədə yer alan bütün potensial tərəfdaşlar maraq göstərdiyindən bu maraqlar "nəticəsi sıfır oyun" yox, məhz "vin-vin" strategiyası çərçivəsində uzlaşdırıla bilər. Prezident İlham Əliyevin Çinin Tiencin şəhərində keçirilmiş "ŞƏT plyus" formatında görüşdəki çıxışında vurğuladığı kimi: "Əminəm ki, yaxın gələcəkdə Zəngəzur dəhlizi həm Orta dəhlizin, həm də Şimal-Cənub dəhlizinin növbəti mühüm seqmentinə çevriləcək, sülhü, çoxtərəfli tərəfdaşlığı möhkəmləndirəcək və Azərbaycan sərhədinin şərqində, qərbində, şimalında və cənubunda yerləşən yaxın və uzaq qonşularımıza fayda gətirəcək".

Suverenliyimizin bərpasından sonra Prezident İlham Əliyevin hərbi, siyasi və diplomatik səyləri və strateji vizionu əsasında formalaşdırılan Azərbaycanın sülh gündəliyi həm regional, həm də qlobal miqyasda, bütün güc mərkəzləri tərəfindən diqqətlə izlənilir. Sülh gündəliyinin qayəsində yer alan mərkəzi faktorları qısaca belə səciyyələndirmək olar: 

- Azərbaycanın coğrafi mövqeyinin üstünlükləri, resursları və nəqliyyat-infrastruktur layihələri vasitəsilə həyata keçirdiyi sabitləşdirici funksiya və rol; 

- Şanlı Zəfərimizdən sonra regionda yaranmış yeni siyasi reallığa uyğun təklif edilən və geniş coğrafi məkanı əhatə edən çoxşaxəli əməkdaşlıq imkanları; 

- İkitərəfli əsasda və çoxtərəfli platformalarda inkişaf etdirilən tərəfdaşlıqlarla yeni dünya düzəninə aparan proseslərdə mövqeyimizin gücləndirilməsi.

2023-cü ildə Azərbaycanın dövlət suverenliyinin bərpası Azərbaycan Prezidentinin irəli sürdüyü sülh gündəliyinin real nəticələrə yol açmasına ciddi töhfə verdi. Dayanıqlı sülhün və sabitliyin bərqərar olması Ermənistan-Azərbaycan əlaqələrinin normallaşdırılması istiqamətində səylər daha da intesivləşdi.

8 avqust 2025-ci ildə Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan liderlərinin iştirakı ilə Sülh sammiti keçirildi. Zirvə görüşünün nəticəsində liderlərin imzaladığı Birgə Bəyannamə posmüharibə dövrü çağırışların həlli üçün yol xəritəsi də hesab oluna bilər. ABŞ-nin qoşulduğu və Azərbaycan və Ermənistanın ATƏT-in fəaliyyətdə olan sədrinə ünvanladığı müraciətinə uyğun olaraq, keçmiş münaqişənin qalığı olan ATƏT-in Minsk prosesi və əlaqəli strukturları 1 sentyabr tarixində ATƏT Nazirlər Şurasının qərarı ilə ləğv edildi. Azərbaycan və Ermənistan sülh və dövlətlərarası münasibətlərin yaradılması haqqında sazişin mətni paraflandı.

Bu tarixi sülh fürsətinin əldən verilməməsi, sülh sazişinin imzalanması üçün Ermənistan konstitusiyasında ərazi iddialarının aradan qaldırılmasını zəruri edən islahatın aparılması labüddür. 

Rizvan NƏBİYEV, 

Milli Məclisin deputatı, siyasi elmlər doktoru

Seçilən
17
azerbaijan-news.az

1Mənbələr