AZ

İsveç məktəblərində snus qadağan oluna bilər

ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Stokholm, 23 sentyabr, Nərgiz Cəfərli, AZƏRTAC

İsveç gəncləri arasında snus (üyüdülmüş, nəmləndirilmiş tütün məhsulu – red.) istifadəsi sürətlə artır.

AZƏRTAC xəbər verir ki, 2016-cı ildə tütün tərkibli olmayan, lakin yüksək nikotin miqdarı olan “ağ snus”un satışa çıxmasından sonra bu vərdiş kütləvi hal alıb. Alkoqol və Narkotiklər üzrə Monitorinq Mərkəzinin məlumatına görə, 2017-ci ildə doqquzuncu sinif şagirdlərinin yalnız 5 faizi snusdan istifadə edirdisə, 2022-ci ildə bu göstərici 16 faizə yüksəlib. Gimnaziya şagirdləri arasında isə göstərici 29 faizə çatır. Xüsusilə qızlar arasında artım nəzərə çarpır. Belə ki, göstərici son on ildə 4 faizdən 26 faizə qədər artıb.

İsveçin İctimai Sağlamlıq Agentliyi məktəblərdə nikotin məhsullarının istifadəsinin qadağan edilməsini vacib sayır. Qurumun fikrincə, məhdudiyyətlər yalnız şagirdlərə deyil, müəllimlərə də şamil olunmalıdır ki, yeniyetmələr bu vərdişi normal qəbul etməsinlər. Araşdırmalara görə, nikotin siqaret çəkməyə keçid riskini artırır, həmçinin alkoqol və kannabis istifadəsi ilə əlaqələndirilir. Alimlər vurğulayırlar ki, yeniyetmələrin beyni xüsusilə həssasdır və nikotin onların idrak və emosional qabiliyyətlərinə mənfi təsir göstərə bilər.

Tütün sənayesi isə əksinə, məhz tüstüsüz alternativlərin mövcudluğunu İsveçdə əhalinin cəmi 5 faizinin siqaret çəkməsi ilə izah edir. Lakin snusun siqaret çəkənlərin sayını azaltdığını təsdiqləyən tədqiqatlar mövcud deyil. Mütəxəssislər hesab edirlər ki, siqaret çəkmənin azalması snusun yayılması ilə deyil, genişmiqyaslı profilaktik tədbirlərin onilliklər boyu aparılması ilə bağlıdır.

Məktəblərdə qadağaya dair təklif gənclər arasında da müzakirələrə səbəb olub. Bəziləri böyüklər üçün məhdudiyyətlərin ədalətsiz olduğunu düşünür, digərləri isə qaydaların həm şagirdlər, həm də müəllimlər üçün eyni olmasının vacibliyini vurğulayır. Bir çox gənc etiraf edir ki, snusdan imtina etmək istəsələr də, bu, onlar üçün çətindir.

Hazırda məktəblərdə istifadəyə qadağa məsələsi açıq qalır, hökumət isə hələlik agentliyin tövsiyəsi ilə bağlı mövqeyini açıqlamayıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
2
1
azertag.az

2Mənbələr