AZ

Bu gün sabahın "yaşıl iqtisadiyyat"ı qurulur

Prezident İlham Əliyev Bakıda keçirilən Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun (AIIF-2025) iştirakçılarına müraciətində bildirib ki, təbii qazla yanaşı, günəş və külək enerjisi layihələri, Qarabağ və Şərqi Zəngəzurun yaşıl enerji zonası, eləcə də "ağıllı infrastruktur" konsepsiyalarının tətbiqi ölkəmizi qlobal enerji keçidinin aparıcı iştirakçılarından birinə çevirir

XX əsrin sonundakı meydana gələn “yaşıl iqtisadiyyat” termini XXI əsrin əvvəllərində aktuallığını artıraraq qlobal problemlərdən çıxış yollarından biri kimi qiymətləndirilir. 1989-cu ildə İngiltərədə meydana çıxan “Green Economy” tezisləri qısa müddət sonra bütün dünyada şöhrət tapdı. 35 il əvvəl bir qrup ekoloji fəalın Birləşmiş Krallıq hökuməti üçün hazırladığı “yaşıl iqtisadiyyat” üçün planlar”a dair hesabatda davamlı inkişafın ətraf mühit və iqtisadi artıma təsirləri məsələlərinə toxunulurdu. 2000-ci illərin ortalarında bu anlayış qlobal xarakter daşımağa başladı. Birləşmiş Millətlər Təşkilatı tərəfindən edilən tövsiyələrdə qlobal böhrandan çıxış yolları kimi “yaşıl iqtisadiyyat”a dair təşəbbüslər xüsusi olaraq dəstəklənirdi. “Yaşıl iqtisadiyyat” məhdud ehtiyatlardan daha səmərəli və ətraf mühitə ziyan vurmadan istifadəni özündə ehtiva edən elm sahəsidir. Burada təbii ehtiyatları tükəndirmədən insanların rifahının yüksəldilməsinə yönləndirilməsi əsas məqsəddir. “Yaşıl iqtisadiyyat”ın ətraf mühitə faydası karbon emissiyasının azaldılması, ətraf mühitin çirkləndirilməsinin minimuma endirilməsi, təmiz hava və təmiz suyun əldə edilməsi, biomüxtəlifliyin və bu ekosistemin qorunmasından ibarətdir.

Bu istiqamətdə görülən işlərin iqtisadi faydası bərpaolunan enerji, dayanıqlı kənd təsərrüfatı, yaşıl texnologiyalar və digər sahələrdə iş imkanlarının yaradılmasıdır ki, bütün bunlar son nəticədə iqtisadi sistemin canlanmasına xidmət edir. “Yaşıl iqtisadiyyat”ın sosial faydası ətraf mühitə vurula biləcək zərərlərin azaldılması nəticəsində insanlar üçün daha sağlam ətraf mühit və daha yüksək rifah təmin edilməsidir. Bir sözlə, burada başlıca hədəf təbii sərvətlərin israfının və ekoloji çirklənmənin qarşısını almaq, eləcə də əlavə xammal bazası yaratmaqdır. Təkrar emal ilkin istehsaldan fərqli olaraq asan və tez başa gəlir ki, bu da enerji qənaətinə imkan verir.

Beynəlxalq miqyasda enerji resursları olan neft-qaz ölkəsi olaraq qəbul olunan Azərbaycanın sosial-iqtisadi tərəqqisinin zəruri hədəflərindən biri məhz “təmiz ətraf mühit” və “yaşıl artım” dövləti olmaqdır. Eyni zamanda, ölkəmiz Avropanın enerji sabitliyinin qorunmasında, hətta keçid yanacaq forması hesab olunan təbii qazla təminatda zəruri rola malikdir. Eyni zamanda, Azərbaycanda qəbul olunan “yaşıl enerji” strategiyası bir baxımdan enerjinin tədricən daha artıq bərpaolunan bölmələrdən əldə olunmasını, həmçinin enerjiyə qənaət edilməsinin, həmin həcmdə enerjinin yaradılmasından daha faydalı olduğunu diqqətdə saxlayır.

Azərbaycanda qurulmuş təkrar emal prosesi "yaşıl iqtisadiyyat"ın inkişafına, rəqabətqabiliyyətli sənaye məhsullarının istehsalının genişləndirilməsinə, ekoloji vəziyyətin yaxşılaşdırılmasına xidmət edir. 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili”  elan edilməsi və  COP29 kimi mötəbər tədbirin keçirilməsi “Yaşıl həll yolları”nın müəyyənləşdirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Məlum olduğu kimi, Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilib. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində ötən illərdə mühüm tədbirlər həyata keçirilir. Son 10 ildə bu sahədə hansı keyfiyyət dəyişikliklərinin müşahidə olunduğuna nəzər salsaq görərik ki, 2014-cü illə müqayisədə Azərbaycanda atmosferə atılan karbon qazının miqdarı illik 16 milyon 92 min tondan 15 milyon 275 min tona düşüb. Təxminən 5 faiz azalma olub. Nəzərə almaq lazımdır ki, bu azalma yeni sənaye müəssisələrinin istismara verildiyi və istehsal gücünün və avtomobil sayının artdığı bir dövrdə baş verib. 10 il əvvəllə müqayisədə suvarma məqsədilə istifadə olunan suyun miqdarı 5,6 milyard kubmetrdən 7,2 milyard kubmetrə yüksəlib. Təbii ki, burada əkin sahələrinin genişlənməsi rol oynayıb. Artıma baxmayaraq su itkilərinin həcmi 4 milyard kubmetrdən 3 milyard kubmetrə düşüb. 2014-cü illə müqayisədə Azərbaycanda enerji istehlakı 54 faiz artıb. Bu dövrdə elekrik enerjisi istehsalı 25 milyard kilovatsaatdan 29,3 milyard kilovatsaata yüksəlib. Bərpaolunan enerji mənbələri üzrə istehsal 44 faiz artaraq 2,1 milyard kilovatsaata çatıb. Hazırda bərpaolunan enerji mənbələrinin ümumi enerji təchizatında payı 1,4 faizdir.

İşğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq, iqtisadi reinteqrasiya tədbirləri  sırasında yaşıl enerji zonasının yaradılmasına xüsusi önəm verilir. Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonası elan olunub. Bu məqsədlə həmin ərazilərdə “Smartcity” (“ağıllı şəhər”), “smart-village” (“ağıllı kənd”) konsepsiyaları əsasında kəndlərin və şəhərlərin inşası həyata keçirilir, ərazidə yaradılacaq sənaye müəssisələrinin “yaşıl iqtisadiyyat”a töhfə verməsinə xüsusi diqqət yetirilir, günəş və külək enerjisindən istifadə imkanları araşdırılır. Nəzərə alaq ki, işğaldan azad olunmuş ərazilərdə mövcud olan bütün infrastruktur düşmən tərəfindən dağıdılıb. Hazırda həmin ərazilərdə infrastrukturun bərpası da “yaşıl iqtisadiyyat” prinsiplərinə əsasən həyata keçirilir. Bu ərazilərdə yeni salınan şəhər və kəndlərdə, sənaye zonalarında ekoloji normaların gözlənilməsi prioritetdir. İşğaldan azad edilmiş ərazilərdə “netto sıfır emissiya” zonasının yaradılmasının rəsmən bəyan edilməsi də bunun göstəricisidir.

Prezident İlham Əliyev Bakıda keçirilən Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun (AIIF-2025) iştirakçılarına müraciətində bildirib ki, Azərbaycan sabahın “yaşıl iqtisadiyyat”ını qurur: “Azərbaycan hazırda bir sıra dövlətlərin həm ənənəvi, həm də bərpaolunan enerji sahəsində strateji tərəfdaşıdır. Təbii qazla yanaşı, günəş və külək enerjisi layihələri, Qarabağ və Şərqi Zəngəzurun yaşıl enerji zonası, eləcə də "ağıllı infrastruktur" konsepsiyalarının tətbiqi ölkəmizi qlobal enerji keçidinin aparıcı iştirakçılarından birinə çevirir. Beləliklə, Azərbaycan həm bugünün enerji təhlükəsizliyini möhkəmləndirir, həm də sabahın "yaşıl iqtisadiyyat"ını qurur”.

Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda əksini tapan “Yaşıl enerji məkanı” məqsədi üzrə əsas hədəf indikatoru elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payının 2021-ci ildəki 17,3 faizdən 2026-cı ilədək 24 faizə, 2030-cu ilə kimi isə 30 faizə çatdırılmasıdır. Məhz bu hədəfə nail olmaq üçün işğaldan azad edilmiş ərazilərimizdə “yaşıl enerji” zonası yaradılır, bərpaolunan enerji mənbələrindən istifadənin artırılması üçün “Masdar”, “ACWA Power”, “China Gezhouba Group Overseas Investment”, “Total Energies”, “Nobel Energy Management”, BP kimi şirkətlərlə əməkdaşlıq edilir. Bütün bunları nəzərə alaraq əminliklə demək olar ki, işğaldan azad olunmuş ərazilərimiz qarşıdakı illərdə “yaşıl iqtisadiyyat” prinsiplərini özündə əks etdirən nümunəvi bölgələrdən biri olacaq.

Sevinc Azadi, “İki sahil”

Seçilən
33
ikisahil.az

1Mənbələr