AZ

Bahar Muradova: Azərbaycanda qadınların qərar qəbuletmədə iştirakının gücləndirilməsi üçün ardıcıl islahatlar aparılıb

Nyu-York, 23 sentyabr, AZƏRTAC

Azərbaycanda qadınların təhsil, səhiyyə, məşğulluq və qərar qəbuletmədə iştirakının gücləndirilməsi üçün ardıcıl islahatlar aparılıb.

AZƏRTAC-ın məlumatına görə, bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Qadınlara dair Dördüncü Dünya Konfransının otuzuncu ildönümünə həsr olunmuş BMT Baş Assambleyasının Yüksək Səviyyəli İclasında çıxışı zamanı deyib.

O bildirib ki, gender bərabərliyi və qadınların, qızların səlahiyyətlərinin artırılması istiqamətində qəbul olunmuş Pekin Bəyannaməsi və Fəaliyyət Platforması illərdir bu sahədəki beynəlxalq səylərə istiqamət verir. Yeni çağırışlar bu sənədlərin yenilənməsini, resurslarla təmin olunmasını və icrasının sürətləndirilməsini tələb edir.

Komitə sədri Azərbaycanda bu sahədə aparılmış islahatlardan danışaraq qadın əməyinin qadağan olunduğu sahələrin sayının minimuma endirildiyini, ödənişli atalıq məzuniyyətini nəzərdə tutan qanun layihəsinin hazırlandığını bildirib. “Məişət zorakılığı, uşaq evlilikləri və qohum nikahlarını tənzimləyən qanunvericilik təkmilləşdirilib, nikah yaşı ilə bağlı istisnalar ləğv edilib. “Məişət zorakılığı ilə mübarizəyə dair Milli Fəaliyyət Planı” uğurla həyata keçirilib. Hazırda yeni plan və gender bərabərliyinə dair milli fəaliyyət planı üzərində iş gedir. Bütün bunlar həm qadınların hüquqlarının qorunmasına, həm də ailə və cəmiyyət arasında bağların möhkəmlənməsinə xidmət edir”, - deyə Bahar Muradova əlavə edib.

O qeyd edib ki, xüsusilə işğaldan azad olunmuş ərazilərdə yaradılan müasir infrastruktur, smart şəhər və kəndlər, rəqəmsal xidmətlər və inkubasiya proqramları hamıya bərabər imkanlar təmin edir.

“Azərbaycan qlobal təşəbbüslərə də mühüm töhfələr verir. Cari ilin iyulunda ölkəmizdə ilk dəfə İqtisadi Əməkdaşlıq Təşkilatının Qadınlar Forumu keçirilib. Həmçinin, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə çərçivəsində Qadınlar Şurasının yaradılması təşəbbüsünü irəli sürüb. Artıq üzv ölkələrin dəstəklədiyi bu orqan qadınların təhsil, əmək bazarı, iqlim və sülh quruculuğu, habelə qadın hüquqları və gender bərabərliyi sahəsində AQEM çərçivəsində əməkdaşlıq və dialoqu təşviq edəcək”,- deyə komitə sədri vurğulayıb.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Nyu-York

Seçilən
15
1
azertag.az

2Mənbələr