AZ

Əbu-Dabidə “Bridge” media və məzmun sənayesi sammiti keçiriləcək

Qahirə, 23 sentyabr, AZƏRTAC

Dekabrın 5-dən 10-dək Əbu-Dabidə dünyanın media, məzmun və əyləncə sənayesinin ən böyük “Bridge” sammiti keçiriləcək.

AZƏRTAC xəbər verir ki, sammit çərçivəsində yeddi istiqamət üzrə tədbirlər təşkil ediləcək. Bu istiqamətlər media (xəbər otaqları, sosial platformalar, auditoriya dinamikası və s), məzmun istehsalı iqtisadiyyatı (gəlir mənbələri, brendlərlə əməkdaşlıq, platforma alətləri, abunəliklər), incəsənət və musiqi (rəqəmsal istehsal, yayımlar, fan cəmiyyətləri, müəllif hüquqları, süni intellektlə yaradılmış musiqilər), video oyunlar (e-idman, virtual dünyalar, interaktiv oyun, modifikasiya mədəniyyəti, oyun iqtisadiyyatı), texnologiya (ağıllı modellər, generativ alətlər, qarışıq reallıq, avtomatlaşdırma, məlumatların gələcəyi), marketinq (performans reklamları, brend hekayəçiliyi, istehlakçı davranışları, inteqrasiya olunmuş kanallar, təsiredici strategiyalar), kino (kino texnologiyaları, qısa videolar, orijinal striminq məzmunu, çoxplatformalı hekayə yaradıcılığı) sahələrini əhatə edir.

Sammitdə yaradıcı şəxslər, media və məzmun istehsalçıları, incəsənət nümayəndələri, sahibkarlar, investorlar, universitetlər və tədqiqat mərkəzlərinin təmsilçiləri, ümumilikdə 60 mindən çox qonaq iştirak edəcək.

Bundan başqa, tədbirlərdə 400-dən çox beynəlxalq mütəxəssis, o cümlədən siyasətçilər, innovasiya liderləri və influenserlər çıxış edəcəklər.

Sammit çərçivəsində, həmçinin böyük birgə media və məzmun sərgisi təşkil olunacaq.

Ümumiyyətlə, üç gün ərzində 300-dən çox tədbir, o cümlədən 200 panel iclası, 50 seminar və interaktiv fəaliyyətlər olacaq. Bu platformalar yeni əməkdaşlıqlara, istehsal sistemlərinin inkişafına, bilik və təcrübə mübadiləsinə, eləcə də tərəfdaşlıqların qurulmasına imkan yaradacaq. Sammit media və əyləncə sahələrinin bütün istiqamətlərini əhatə edəcək: musiqi, canlı ifa sənəti, kino, televiziya, rəqəmsal platformalar, sosial şəbəkələr, ədəbiyyat, nəşriyyat və tərcümə.

Bundan başqa, sammitdə müzakirələr video oyunları, artırılmış və virtual reallıq texnologiyaları, dizayn, memarlıq, sənətkarlıq və mədəni məhsullar kimi inkişaf edən sahələri də əhatə edəcək.

Sammitin əsas hədəflərindən biri liderləri, siyasətçiləri və vizion sahiblərini bir araya gətirərək dialoq, təcrübə mübadiləsi və ortaq təşəbbüslərin başlanğıcını təmin etməkdir. Tədbir qeyri-maddi yaradıcılıq sektorunun genişlənməsinə, fərdi istedadların dəstəklənməsinə, yeni bizneslərin qurulmasına, davamlılığın təmin olunmasına və strateji sərmayələrin gələcək sahələrə yönəldilməsinə töhfə verəcək. Həmçinin, sosial inteqrasiya, mədəni müxtəliflik və ədalətli təmsilçilik dəyərlərini gücləndirəcək, gələcəyin bacarıqlarını öyrənmək üçün müsbət rəqabət mədəniyyətini təşviq edəcək.

Mədəniyyət və incəsənət sahəsində isə sammit yaradıcı məzmunun inkişafına dəstək verəcək, müxtəliflik və fərqliliyi estetik və mədəni sərvət kimi önə çıxaracaq.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

 

Seçilən
5
1
azertag.az

2Mənbələr