Müəllif: Tamara Mustafayeva, Banco.az
Tramp "TikTok"un satın alınması üçün mümkün partnyorları açıqlayıb.
Banco.azxəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bazar günü televiziya proqramında çıxışı zamanı bildirib ki, Amerikalı məlumatlar bazası proqram təminatı şirkəti “Oracle”ın qurucusu və baş direktoru (CEO) Larri Ellison, kompüter avadanlığı və texnoloji infrastruktur istehsalçısı “Dell”in qurucusu və CEO-su Maykl Dell, həmçinin media qrupu “News Corp”un qurucusu və fəxri İdarə Heyəti sədri Rupert Merdok və idarəni təhvil alan oğlu Laklan Merdok “TikTok”un idarəsini ələ alması planlaşdırılan konsorsiumda yer alacaqlar.
ABŞ Prezidenti belə deyib: “Onlar tanınmış şəxslərdir. Larri Ellison onlardan biridir, o da qoşulacaq. Əla insandır. Maykl Dell də olacaq. Əslində sizə demək istəmirdim, amma Laklan adlı biri də var. Rupert Merdok da yəqin ki, qrupda olacaq.”
Ağ Evin sözçüsü Karolin Leavitt isə açıqlamasında bildirib ki, Amerikalı istifadəçilərin məlumatlarının təhlükəsizliyini “Oracle”ın rəhbərlik edəcəyi 7 nəfərlik bir şura təmin edəcək, bu şuranın 6 üzvü amerikalı olacaq. Leavitt həmçinin platformanın alqoritminin də ABŞ-ın nəzarətində olacağını qeyd edib.
Bizi sosial şəbəkələrdən izləyin!!