AZ

İtaliya küçələri döyüş meydanına döndü: onlarla polis yaralandı, saxlanılanlar var

ain.az, GlobalInfo portalına istinadən məlumat verir.

İtaliyanın bir sıra şəhərlərində İsrailin Qəzza əməliyyatına qarşı keçirilən aksiyalar iğtişaşlara səbəb olub. Xüsusilə Milan və digər şəhərlərdə etirazçılarla polis arasında gərgin qarşıdurmalar yaşanıb. Romada isə on minlərlə insan küçələrə çıxaraq Fələstinlə həmrəylik nümayiş etdirib, liman işçiləri isə yükləmələri dayandırıb.

Globalinfo.az “Reuters”ə istinadla xəbər verir ki, Milanın mərkəzi vağzalında etirazçılar polislə toqquşub. Polis gözyaşardıcı qazdan istifadə edib. Fələstin bayraqları dalğalandıran bir qrup etirazçı vağzalın şüşələrini sındırıb, polislərə stul atıb.

ANSA agentliyi isə bildirib ki, Milanda 10-dan çox şəxs saxlanılıb, təxminən 60 polis əməkdaşı müxtəlif xəsarətlər alıb.

Liman işçiləri Venesiya, Genuya, Livorno və Triestdə liman fəaliyyətini dayandıraraq İtaliyanın İsrailə silah və hərbi ləvazimat ötürülməsinə vasitəçi olmamasını tələb ediblər. Venesiyada isə polis etirazçıları dağıtmaq üçün su şırnağından istifadə edib.

Baş nazir Corcia Meloni Milandakı iğtişaşları sərt tənqid edərək “X” hesabında yazıb:

“Bu zorakılıqların Qəzzadakı insanların həyatına heç bir faydası yoxdur, əksinə, İtaliya vətəndaşları ziyan çəkəcək. Törədilən dağıntılar xalqımıza baha başa gələcək”.

Bolonya yaxınlığında etirazçılar magistral yolu bağlayıb, Romada isə on minlərlə insan əsas dəmiryol stansiyası önündə toplaşaraq yürüş keçirib. Neapolda izdiham vağzala soxularaq relslərə çıxıb və qatarların hərəkətində gecikmələrə səbəb olub.

Qeyd edək ki, nümayişlər ölkənin müxtəlif şəhərlərinə yayılıb, bəzi məktəblər bağlanıb, ictimai nəqliyyat işində də ləngimələr müşahidə olunub.

Aysel Əliyeva

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
17
globalinfo.az

1Mənbələr