AZ

Bahar Muradova BMT də Türkiyənin təşkilatçılığı ilə yan tədbirdə çıxış edib

Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Nyu-York, 22 sentyabr, AZƏRTAC

Dünya mürəkkəb və çoxşaxəli böhranlarla üz-üzədir. Silahlı münaqişələr, iqlim dəyişiklikləri, sürətli urbanizasiya və rəqəmsal təhlükələr cəmiyyətlərin sabitliyini sarsıdır.

AZƏRTAC-ın məlumatına görə, bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Qadınlara dair Dördüncü Dünya Konfransının otuzuncu ildönümünə həsr olunmuş BMT Baş Assambleyasının Yüksək Səviyyəli İclası çərçivəsində Türkiyənin təşkil etdiyi və Azərbaycanın bir sıra ölkələrlə birgə həmtəşkilatçı olduğu “Birlikdə daha güclüyük: Ailədən qaynaqlanan qlobal həmrəylik” mövzusunda yan tədbirdə çıxışı zamanı deyib.

Bahar Muradova bildirib ki, belə bir dövrdə ən etibarlı dayaq ailədir və Azərbaycan üçün ailə hər zaman yalnız şəxsi həyatın deyil, həm də sosial münasibətlərin, milli həmrəyliyin və ictimai sabitliyin əsas dayağı olub.

“Hazırda ölkəmizdə ailə siyasəti dövlətin inkişaf strategiyasının prioritet istiqamətlərindəndir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bu sahədə uşaq hüquqlarının müdafiəsi, ailə dəyərlərinin gənclər arasında təbliği, sosial rifahın yüksəldilməsi, məişət zorakılığı ilə mübarizə və zərərli rəqəmsal məzmunlara qarşı tədbirlər kimi məsələləri diqqət mərkəzində saxlayır”,- deyə komitə sədri əlavə edib.

O, Azərbaycanın son illərdə həyata keçirdiyi hüququ islahatlar barədə danışaraq bu baxımdan nikah yaşının yalnız 18-dən başlamasını, yaxın qan qohumları arasında nikaha məhdudiyyətlərin tətbiq edilməsini, erkən evlilik və yetkinlik yaşına çatmayanlarla dini nikah bağlanmasına şərait yaradanlara qarşı inzibati və cinayət məsuliyyətinin sərtləşməsini vurğulayıb. Bahar Muradova bildirib ki, Azərbaycan ailə siyasətinə həm milli dəyərlərin qorunması, həm də müasir beynəlxalq standartların tətbiqi prizmasından yanaşır.

O əlavə edib ki, Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğanın və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın dəstəklədiyi “Sıfır tullantı” təşəbbüsü yalnız ekoloji layihə deyil, həm də ailə institutunun həmrəylik platforması kimi dəyərlidir.

“Üç əsas istiqamətdə beynəlxalq əməkdaşlığı vacib hesab edirik. Bu ilk növbədə sosial həmrəyliyin möhkəmləndirilməsi – milli səviyyədə atılan addımların qlobal miqyasda paylaşılması ola bilər. Bir digər istiqamət uşaqların qorunması – xüsusilə rəqəmsal dövrdə onların təhlükəsiz və sağlam mühitdə böyüməsini təmin etməkdir. Üçüncü isə, qlobal tərəfdaşlıq – “ailə diplomatiyası” platformalarının qurulması və ən yaxşı təcrübələrin mübadiləsi məsələsidir. Azərbaycan inanır ki, ailəyə göstərilən hər bir dəstək əslində bəşəriyyətə xidmətdir. Güclü ailələr güclü icmalar yaradır, güclü icmalar isə sabit dövlətlərə çevrilir və qlobal sabitlik üçün dayanıqlı zəmin formalaşdırır”,- deyə komitə sədri vurğulayıb.

Tədbirdə Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğan, Türkiyənin ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş və tərəfdaş ölkələrin təmsilçiləri çıxış ediblər.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Nyu-York

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
14
2
azertag.az

3Mənbələr