AZ

ƏLİ ƏLƏMİ  – elmin və poeziyanın qovşağında və ya...

“Pıçıldaş mənimlə çiçək dilində”

(Resenziya)

Azərbaycan ədəbi mühitində özünəməxsus yeri olan, elm və sənətin qırılmaz vəhdətini yaradan Əli Ələmi təkcə şair və qəzəlxan deyil, həm də görkəmli mühəndis, alim və pedaqoq kimi tanınır. O, 1948-ci ilin baharında Hacıqabul torpağında dünyaya göz açıb. Elə Hacıqabul rayonundada orta məktəbi qızıl medalla bitirən Əli Əmirovun elmə marağı onu Azərbaycan Neft və Kimya İnstitutuna gətirib və o, bu ali təhsil ocağını qırmızı diplomla başa vurub. Əmək fəaliyyətinə o zamanlar SSRİ miqyasında geniş tanınan “Neftkimyaavtomat” Elmi-Tədqiqat Layihə İnstitutunda başlayaraq 24 il müxtəlif vəzifələrdə çalışmış, öz savadı və zəhmətkeşliyi ilə pillə-pillə ucalmağa başlamış və beləliklə, 1994-cü ildən isə həmin institutun Baş direktoru kimi 25 ildən artıq bir dövrdə mühüm elmi-təşkilati işlərə rəhbərlik etmişdir. Daha sonra Azərbaycan Milli Aerokosmik Agentliyinin İnformatika İnstitutunda “Süni intellekt sistemləri” şöbəsinə rəhbərlik etmiş, hazırda isə Azərbaycan Texniki Universitetinin dosenti kimi gənc mühəndislərə bilik və təcrübəsini ötürməkdədir.
Əli Ələmi həm də mənim üzvü olduğum, nəinki ölkəmizdə, hətta dünyada analoqu olmayan Sumqayıt Dostlar Klubunun fəal üzvüdür. Klubun rəhbəri, yazıçı-həkim Hümbət Həsənoğlunun yaratdığı bu məkanda hər kəs ona hörmət və məhəbbətlə yanaşır. Vurğulayım ki, hamı ona “Əli müəllim” kimi müraciət etsə də, tək mən onu “Əmi” və ya “Əmisi” deyərək çağırıram. Bu xitab mənim ona duyduğum rəğbətin, əmi-bala münasibətininifadəsidir.Elə bu baxımdan da Əli Ələmi haqqında yazmaq mənə görə həm şərəf, həm də məsuliyyətdir.

Azərbaycanın Əməkdar Mühəndisi, texnika üzrə fəlsəfə doktoru, prezident mükafatçısı, “Tərəqqi” medallı Əli Ələmi Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. O, qəzəlin müasir ruhunu məsuliyyətlə yaşadan şair-qəzəlxandır. Onun “Pıçıldaş mənimlə çiçək dilində” kitabı poeziya aləmində xüsusi yer tutur. Qəzəllərində incə duyğular, təbiət və insan sevgisi, həyatın fəlsəfəsi, klassik ənənə ilə müasir baxışın ahəngi oxucunu valeh edir.
Onu qeyd edim ki, bu kitabı bir neçə aydır ki, vərəq-vərəq oxuyuram və hər dəfə əlimə aldıqda sətirlərində yeni bir zəriflik kəşf edirəm. Hər qəzəl, hər bir şeir Əli Ələminin daxili aləminə pəncərə açır, sanki insanı özü ilə pıçıltılı bir söhbətə dəvət edir və bu söhbətdə qəzəlin, şeirin sözləri ilə gülü, çiçəyi, sevgini, ayrılığıməharətlə dilə gətirir.
O, elm və sənəti birləşdirən, qəzəlin klassik gözəlliyini müasir nəfəsdə yaşadan, insanlara təvazökarlıq və müdriklik nümunəsi göstərən nadir şəxsiyyətlərdəndir. Əli Ələmi elmi axtarışlarını da, poetik dünyasını da eyni dərəcədə məsuliyyət və sevgi ilə yaşayır. İstər süni intellekt üzrə elmi fəaliyyətində, istərsə də qəzəllərində insanı düşünməyə, öz daxili gözəlliyini kəşf etməyə çağırır. Elmin soyuq məntiqi ilə sözün isti nəfəsini birləşdirmək onun yaradıcılığının əsas fəlsəfəsidir.Ələminin yaradıcılığı və ömür yolu təkcə poeziya sevərlərə deyil, həyatın hər sahəsində mükəmməlliyə can atan hər bir kəsə ilham verir.
Azərbaycanda şeirə, qəzələ qiymət verənlər, oxuyub zövq alanlar arasında Əli Ələmi adı xüsusi məhəbbətlə çəkilir. Həm klassik əruz ənənəsinə sadiq qalaraq, həm də müasir dilin sadəliyi və ahəngini qoruyaraq yazmaq hər qələm sahibinin işi deyil. “Pıçıldaş mənimlə çiçək dilində” məhz bu nadir balansı qoruyan, gül-çiçək qoxulu, sevgi və vətənpərvərlik ruhlu bir poetik topludur.Ən əsası oxuduğumdan belə qənatə gəldim ki, kitabda çap olunan qəzəl və şeirlər yalnız gözəlliyi tərənnüm etmir, həm də həyatın dərin hikmətini, fəlsəfəsini daşıyır.
Əli Ələminin poeziyası Nizami, Xaqani, Füzuli, Şirvani kimi klassiklərin ruhuna sadiqdir, amma təkrarı deyil. O, öz qəzəllərini müasir dövrün tələbiylə oxuculara çatdırır. Şair bu kitabla həm öz dövrünün, həm də gələcəyin oxucusuna doğma dilimizdə müraciət edir, bu isə gələcəkdə əsərin ədəbi irsdə möhkəm yer tutacağına əminlik yaradır.Şairin misraları qəzəlin ruhunu saxlamaqla, ərəb sözlərindən və birləşmələrindən uzaqlaşmaqla, öz dilimizin sadə və təbii ahənginə uyğun yazılıb. Bu isə oxucunun qəzəlləri sözbəsöz deyil, ürəkbəürək duymağına imkan verir.
Əli Ələmiklassik əruz vəznini qoruyaraq ona müasir təravət gətirən qəzəlxanlardandır. Əli Ələmi təkcə klassik əruz vəznini yalnız qoruyub saxlamır, həm də ona müasir nəfəs verir. 
Professor Şahin Fazil də bu kitaba yazdığı “Ön söz” məqaləsində qeyd edir ki, Ələminin şeirlərində “sözlərin təbii ahəngində xoşagəlməz uzanmalar və gödəlmələr” azdır və şair “tam sadələşdirilmiş dil” ilə müasir oxucuya yeni bir yol açır. Qəzəllərində dil sadə və axıcıdır; mürəkkəb, anlaşılmaz tərkiblərdən uzaqdır. Bu sadəlik oxucuya əsərin musiqisini hiss etməyə, hər misranın sədasını ürəyində yaşamağa imkan yaradır.
Məncə kitabın adı heç də təsadüfi seçilməyib. Şair həqiqətən də oxucunu “çiçək dilində pıçıldaşmağa” çağırır.

...Elə pıçıldaşaq, bilən olmasın,
Bu dəli sevdaya gülən olmasın,
Sevgidən bizim tək ölən olmasın,
Çiçək aləmində, çiçək selində!
Pıçıldaş mənimlə çiçək dilində!..

Onun qəzəllərində təbiət, gül-çiçək, bahar nəfəsi sevgi ilə qovuşur:

Yeri vardır ürəyimdə onun, ey can, yeri var,
Çoxdu istəklilərim, ayrıca canan yeri var.

Mənə “can” söylədi, can verdi, rəqibim güldü,
Mən də “can” söyləyərəm yarə, nə nöqsan yeri var?

Yer edibdir bu, rəqibə, özünə yer tapmır,
Yox nə yerdə, nə də göydə ona ünvan, yeri var?

Cəhd edir bizləri əğyar ki, yoldan çıxara,
Çox təəssüf, aramızda hələ şeytan yeri var!

Nazlı canan nə zaman seyrə gülüstanə çıxır,
Gül-çiçəklər ki, onunçün olur əlvan, yeri var.

Çəkdi zülfün gül üzündən, elə bil gün çıxdı,
Onda bildim ki, üfüqdə qızran dan yeri var.

O müqəddəs bir ocaq tək yanır, aləm isinir,
Ələmi, yarə qoşul yan, olar ehsan, yeri var.

Bu beytlər oxucuya baharın təravətini, sevginin ilk parıltısını hiss elətdirir. Başqa bir qəzəldə isə həsrət və sükut duyğulu şəkildə dillənir:

Yenə də qar ələnir başıma səssiz-səssiz,
Qoşulubdur niyə göz yaşıma səssiz-səssiz?

Qərq edib busələrə, dərdimi bilməkmi dilər?
Nə deyim indi bu sirdaşıma səssiz-səssiz?

Elə bil daş asılıb, ağrı çəkən qəlbimdən,
“Daha düş”, - yalvarıram daşıma səssiz-səssiz.

Ruhumu incidib ağrıtdı, rəqibə lə`nət,
Su qatır hər zaman o, aşıma, səssiz-səssiz.

Doğulub mənlə ekiz, gəldi bu dünyayə qəmim,
Dözürəm sevgili qardaşıma, səssiz-səssiz.

Baş qoyub, mən o dizin üstünə, rahət ölərəm,
Baxa bilsəm sənə - başdaşıma səssiz-səssiz.

Heç unutmam, Ələmi, ruhu gözəl sevgilimi,
Nəqş olub ruhuma, yaddaşıma səssiz-səssiz!

Burada həm tənhalığın, həm də dərin bir sevginin incə kədəri oxucunu bürüyür.
“Pıçıldaş mənimlə çiçək dilində” yalnız bir şeir-qəzəl toplusu deyil, sevgi, vətənpərvərlik və təbiət eşqi ilə yoğrulmuş bir poetik dünyadır. Əli Ələminin bu kitab vasitəsi ilə oxucuya ötürdüyü fikir əslində çox sadədir: “dünyanı gözəlləşdirən, elmi də, sənəti də dəyərə çevirən yalnız sevgidir.”
Əli Ələminin şeirləri də qəzəlləri kimi sadə, səmimi və axıcıdır. Onun misralarında baharın təravətini, eşqin alovunu, sevginin həsrətini, ayrılığın kövrəkliyini və hisslərin hıçqırıq səsini hər kəs öz könlünə uyğun bir pıçıltı ilə eşidir:

Bəs deyirdin, köçüb gələr durnalar,
Mənim durnam uçub getdi baharda!
Gəlib çıxıb nə qədər ki durna var,
Mənim durnam bə hardadır, bə harda?!

Durna telin atıb, gedib, mənimçün,
Ki, sevgiylə ona yazım şeirlər?
Səni sevir, sənə olmaz qənim, çün,
İlham pərin o, olacaq deyirlər!

Bu eşqdir, bu sevginin tayı yox,
Hardan gəldi bu çağımda, nə bilim.
Göz yaşlarım niyə səssiz, hayı yox,
Qoşalaşıb yanağımda, nə bilim.

O gedəndən düşüb dünya gözümdən,
O gözəllik, eh, nə bilim necoldu?
Danışmırıq, küsdüm özüm-özümdən,
Dil-dil ötən şirin dilim necoldu?

Bir günəşdi o, doğmuşdu bəxtimə,
Hər səhəri gözləyirəm, doğarmı?
Göylərdən en, qaldır məni təxtimə,
Desəm ona, yağış olub, yağarmı?

Bəs deyirdin, köçüb gələr durnalar,
Mənim durnam uçub getdi baharda!
Gəlib çıxıb nə qədər ki durna var,
Mənim durnam bə hardadır, bə harda?!
Hələ zamanında “Pıçıldaş mənimlə çiçək dilində” kitabının redaktoru, tarix elmləri doktoru, professor Şahin Fazilqeyd edib ki, “Qəzəlxan Əli Ələminin qələmi müasir Azərbaycan qəzəlinin ələmi ola biləcək!”
Bəli, mən də professorun fikiri ilə tam razıyam. Bu kitabı oxuyan hər kəs gül-çiçək içində pıçıldayan bir şairin səsini eşidəcək və Əli Ələminin qələmi müasir Azərbaycan qəzəlinin parlaq ələmi olduğuna onlar da mənim qədər inanacaqlar.
Mən buna əminəm!..

Arif Ərşad,
Yazıçı-publisist,
Azərbaycan Yazıçılar və Avrasiya Yazarlar Birliklərinin üzvü,
Prezident mükafatçısı

Seçilən
13
herbiand.az

1Mənbələr