“Bu, Paşinyan üçün ciddi məsələdir, çünki onun yalnız kilsə ilə deyil, köhnə iqtidar və indiki müxalifətlə də münasibətləri gərginləşir. Diaspora da bu vəziyyətdən narazılığını nümayiş etdirir. Radikal müxalifət, o cümlədən Daşnaksütun partiyasının nümayəndələri də Paşinyana qarşıdır. Beləliklə, Paşinyanın əleyhinə ciddi bir qüvvə formalaşa bilər və bu qüvvənin başında kilsənin gəlmə ehtimalı yüksəkdir. Paşinyanın kilsə ilə münasibətləri xüsusilə gərgindir: o, kilsənin dayaqlarını sarsıdır, bəzi nümayəndələrini həbs edib və kilsə rəhbərini ittiham edib”.
Bu fikirləri Aznews.az-a açıqlamasında Cross Media Təhlil Mərkəzinin analitiki, siyasi şərhçi Mübariz Göyüşlü deyib.
Xatırladaq ki, son dövrlərdə Ermənistan Baş naziri Nikol Paşinyan ilə onun əsas rəqibi sayılan kilsə arasındakı münasibətlər getdikcə gərginləşir. Eyni zamanda, siyasi müxalifət, kilsə və erməni diasporasının Paşinyanın sülh sənədini imzalama cəhdlərinə mane olub-olmayacağı da diqqət mərkəzindədir.
Siyasi şərhçi bildirib ki, Ermənistan tarixində bu cür vəziyyət nadir və yenidir.
“Hazırda Paşinyan qalib kimi görünür, çünki kilsə ona qarşı konkret nəticə əldə edə bilməyib. Lakin gələcək üçün vəziyyət qeyri-müəyyən qalır; kilsə revanşist addımlar ata bilər, və Paşinyanın əleyhinə olan bütün qüvvələr birləşə bilər. Erməni xalqının siyasi mübarizə təcrübəsi nəzərə alınarsa, parlament arenasında münaqişələr qanlı və kəskin keçə bilər. Bu baxımdan Paşinyan üçün təhlükə realdır. Seçki məsələsi də prosesi daha da gərginləşdirə bilər: ilin sonu və ya gələn il növbədənkənar seçki keçirilə bilər və siyasi ehtiraslar daha da qızışacaq. Bu proseslərin başında isə kilsə dayanır”.
Rəfiqə Namazəliyeva,
AzNews.az