AZ

Yaralılara su verin, əsirlərə təbəssüm...

525.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

FURQAN

Dostları, dünya hərb tarixinə adını həkk etmiş Napoleon Bonaparta hələ Paris Hərbi Akademiyasında oxuyanda boyunun balaca olmasına görə sataşarmışlar:

"Sən ata minənə qədər savaş bitər!"

Bonapartın cavabı möhtəşəmdir:

"Mən savaş başlayanda ata minməyəcəm! Mən ata minəndə savaş başlayacaq!"

"Müharibə" sözü sadəcə dörd sait, dörd samitdən ibarət deyil, kədər, göz yaşı, iztirab, itki, aclıq daşıyır özündə...

"Müharibə" sözü "aclıq" sözü ilə sinonimdi həm də. Sevgi aclığı!

Nobel mükafatı laureatı Svetlana Aleksiyeviçin "Müharibənin qadın olmayan üzü" romanını oxuyanda bilmək olur ki, müharibənin heç kişi üzü də yoxdu...

Nədənsə çox sevirəm müharibədən bəhs edən əsərləri oxumağı. Daha bir Nobel mükafatı almış yazıçı Mixail Şoloxovun "İnsanın taleyi" povestində İkinci Dünya müharibəsində faşistlərə əsir düşmüş Sovet əsgərlərinin taleyindən danışılır. Əsirlərin arasında bir həkim də var. İşgəncələr zamanı qolu sınan həkimin öz ağrılarını unudaraq digər əsirlərin köməyinə tələsməsi nələr demir ki, oxucuya?!

I KADR: TABLO

Məşhur rəssam Pablo Pikassonun sərgilərindən birinə gələn bir general bütün rəsm əsərlərinə baxdıqdan sonra müharibənin təsvir olunduğu rəsmin qarşısında dayanıb üzünü Pikassoya tutar:

- Bütün əsərlərinizi bəyəndim, ən çox bəyəndiyim əsəriniz isə budur.

Pikasso bir generala baxar, bir də çəkdiyi rəsmə:

- Çox sağ olun, general, amma bir yerdə yanılırsınız. Bu əsər mənim əsərimdən daha çox sizin əsərinizdi. Bu əsər sizin əl işinizdi.

Hər dəfə bu əhvalatı xatırladığımda Zahir Əzəmətin dünyanın bütün müharibələrinin çirkinliyini çılpaqlığıyla göstərdiyi "Ön cəbhəyə təşviqat vərəqəsi" şeirini pıçıldayıram öz-özümə.

endirilmiş bayraqları güllələməyin

öldürülmüş əsgərləri tapdalamayın

yaralılara su verin

əsirlərə təbəssüm

daha bir döyüş bitdi deyə

gülümsəyin

işğal etdiyiniz torpaqlarda

ev tikməyin

ev uçurtmayın

qıcıqlandırmayın yiyəsiz evlərin

itlərini

həmişə

üstünüzdə uşaq şəkli gəzdirin

və unutmayın

müharibələr yalnız bayağı marşları

çeynəmək üçün deyil

P.S. insanları öldürüb də

sonra qulaqlarınızı dayamayın ürəklərinə...

II KADR: TOPA GÜLLƏ QOYAN

Tural adlı şıltaq təbiətli, civə kimi bir yerdə dayanmayan qrup yoldaşım vardı. Futbol xəstəsi olan kimya müəllimimizə futboldan suallar verib başını qatırdı və müəllim bir də onda ayılırdı ki, dərs əldən gedib. Məsələn, soruşurdu ki:

- Müəllim, dünən gördüz də "Xəzər-Lənkəran" "Neftçi"ni pis günə qoydu?

- Hə, nə qəşəng uddu e... Halaldı "Xəzər Lənkəran"a...

Və beləliklə, kimya dərsi futbol müzakirəsinə çevrilirdi. Müəllim bir də onda ayılırdı ki, baş qarışıb söhbətə, dərs əldən gedib.

Həmin müəllimimiz Turala ləqəb də qoymuşdu: "topagülləqoyan"! Yəni araqarışdıran.

- Ədə, Tural, - deyirdi müəllim talış ləhcəsi ilə, - topagülləqoyanlıq eləmə, ədəəə!

Tural da gülürdü bu xitaba, biz də, müəllim də!

Qırx dörd günlük Haqq savaşımızda Tural şəhid oldu. Onun şəhid olduğunu eşidən gün kimya müəllimimizin xitabı qəlpə-qəlpə olub qulağımda bəlkə yüz dəfə, bəlkə min dəfə səsləndi: "top", "güllə", "top", "güllə", "top", "güllə", "top", "güllə"...

Yuxarıdakı şəkildə Xəqani müəllimlə mənim aramızda bizim qrup yoldaşımız, əzizimiz, dostumuz şəhid leytenant Tural Rəhimovu görürsünüz. Bütün şəhidlərimizə rəhmət diləyərək bitirmək istəyirəm bu yazımı.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
7
525.az

1Mənbələr