ain.az, Azertag portalına istinadən məlumat verir.
Berlin, 22 sentyabr, AZƏRTAC
Almaniyanın Köln və Düsseldorf şəhərləri arasındakı strateji əhəmiyyətli dəmir yolu xəttində kabellərin kəsilməsi nəticəsində hərəkətdə ciddi məhdudiyyətlər yaranıb.
AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, naməlum şəxslər yeraltı kabel şaxtasını açaraq bütün rabitə xətlərini sıradan çıxarıblar. Nəticədə Leverkuzendəki idarəetmə məntəqəsi fəaliyyətini dayandırıb və Reyn çayı boyunca əsas magistral xətdə hərəkət pozulub.
Polis ilkin açıqlamasında hadisənin siyasi motivli təxribat ola biləcəyini istisna etməyib. Kriminal polis idarəsinin əməkdaşları zərərin miqyasını araşdırmaq və maddi sübutlar toplamaq üçün əməliyyat tədbirləri həyata keçirirlər.
Hadisə sərnişinlərin hərəkətində ciddi gecikmələrə səbəb olub. Bu istiqamətdə hərəkət edən qatarlar müvəqqəti olaraq digər marşrutlara yönləndirilib, bəzi istiqamətlərdə isə xəttə əvəzləyici avtobuslar buraxılıb. Qeyd edək ki, bu gün səhər saatlarında Almaniyanın şimalında yüksək gərginlikli xətdə baş verən nasazlıqla əlaqədar Berlin-Hamburq istiqamətində şəhərlərarası sürət qatarlarının hərəkəti məhdudlaşmışdı. Hər iki hadisə ilə bağlı araşdırmalar davam etdirilir.
Xatırladaq ki, avqustun əvvəlində naməlum şəxslər Düsseldorf-Duysburq dəmir yolu xəttinə yandırıcı maddələrlə ziyan vurmuşdular. Həmin vaxt yayılan bir məktubla əlaqədar hadisənin sol ekstremist qruplaşma ilə bağlı olduğu iddia edilmişdi. Avqustun sonunda isə Vuppertalda dəmir yolu xətti hücuma məruz qalmışdı.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.