AZ

Kreml İrəvanın KTMT-dən imtina kursu ilə məcburən barışdı...


Ramil Məmmədli: “Rusiyanın bunu təmkinlə izləməsi həm də sonrakı proseslərə hesablanıb

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistanın təşkilatın işində iştirakının “dondurulması” ilə bağlı bəyanatlarından çıxış edir. Bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə birinci idarəsinin direktoru Mikael Aqasandyan bildirib.

“Biz Ermənistanın KTMT-nin üzvü olaraq bütün öhdəlikləri və hüquqları ilə qalmasını əsas götürürük. KTMT tədbirlərində iştirak formasına dair qərarı Ermənistan özü verməlidir, heç nə zorla qəbul etdirilmir”, - Aqasandyan deyib.

İrəvanın Bakı ilə çərçivə sazişi əldə etdikdən sonra KTMT işini bərpa etməyə hazır olduğunu bildirməsi ilə bağlı sualı cavablandıran Aqasandyan deyib: “Məncə, İrəvanın KTMT-də iştirakı ilə bağlı sual İrəvanın özünə ünvanlanmalıdır. Siz Ermənistanın rəsmi mövqeyini bilirsiniz, bu, dəfələrlə ifadə olunub. Mən bildiyimə görə, indiyədək heç bir dəyişiklik olmayıb”.

Bu açıqlamadan sonra belə məlum olur ki, Moskva Ermənistanın KTMT siyasəti ilə faktiki olaraq barışmalı olub. Belə olmasaydı, Rusiya XİN rəsmisi fərqli, hardasa kəskin mövqedən çıxış edən açıqlama verərdi.

“Aqasandyanın açıqlaması o anlama gəlir ki, Ermənistanın KTMT-dən rəsmən çıxmağındansa, belə mövqeyi qismən məqbuldur”

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən hərbi ekspert Ramil Məmmədlinin fikrincə, tragikomik vəziyyət yaranıb: “Ermənistan rəsmən KTMT-dən çıxmayıb, amma praktiki olaraq təşkilatda fəaliyyət göstərmir. Yəni qurumun tədbirlərinə qatılmır, keçirilən hərbi təlimlərdə iştirak etmir, hansısa formada fayda vermir. Bir tərəfdən KTMT rəhbərliyi, Rusiya rəsmiləri bəyan edirlər ki, təşkilatın nizamnaməsində fəaliyyətini “dondurmaq” maddəsi yoxdur. O biri tərəfdən rəsmi İrəvan bəyan edir ki, Ermənistan KTMT-də fəaliyyətini “dondurub”. Bu ziddiyyətə baxmayaraq, Ermənistanla bağlı hansısa ölçü götürülmür. Rusiya XİN rəsmisi Mikael Aqasandyanın açıqlaması o anlama gəlir ki, Ermənistanın KTMT-dən rəsmən çıxmağındansa, belə mövqeyi qismən məqbuldur. Təbii ki, Ermənistan KTMT üzvlüyündən çıxsa, bu nəinki təşkilatın, həm də Rusiyanın imicinə birbaşa zərbə olacaq. Bundansa, Ermənistanın formal olaraq KTMT-də qalması Rusiyaya sərf edir. Fikrimcə, Rusiyanın bunu təmkinlə izləməsi həm də sonrakı proseslərə hesablanıb. Kreml hesab edir ki, Paşinyan hökumət başçısı olsa da, bütövlükdə erməni cəmiyyətini təmsil etmir. Ümid edirlər ki, ya gələn il keçiriləcək parlament seçkilərində, ya da sonrakı mərhələdə Rusiyapərəst qüvvələr təşəbbüsü ələ alaraq yenidən hakimiyyətə gələcəklər. Nəticədə Ermənistan KTMT-də fəaliyyətini tam bərpa edəcək. O cümlədən, Rusiya həmin qüvvələr vasitəsilə Qərbə yaxın siyasi qüvvələri Ermənistanda sıxışdıracaq. Fikrimcə, Rusiyanın Ermənistanda baş verənləri təmkinlə izləməsi bununla bağlı ola bilər”.

Vidadi ORDAHALLI

Seçilən
10
baki-xeber.com

1Mənbələr