Vaşinqtonda keçirilən tarixi görüşdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin paraflanması regionda ən mühüm ticarət yollarından biri kimi Orta Dəhlizin əhəmiyyətinin artmasına müsbət təsir göstərib.
Moderator.az-ın "Akorda"ya istinadən verdiyi məlumata görə, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Amerikanın "Cerberus Capital Management" şirkətinin baş direktoru Frank Bruno ilə görüşündə deyib.
Tokayev şirkətin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) çərçivəsində infrastruktur layihələrinin maliyyələşdirilməsində marağını alqışlayıb.
"Son beş ildə TBNM vasitəsilə yük daşınması altı dəfə artıb", - Qazaxıstan lideri bildirib.
Onun sözlərinə görə, şirkətin strategiyası Qazaxıstanın milli iqtisadiyyatın şaxələndirilməsi prioritetlərinə uyğundur. Tokayev qeyd edib ki, Astana nəqliyyat və logistika infrastrukturunun inkişafına investisiya cəlb etməklə Orta Dəhlizin imkanlarını fəal şəkildə genişləndirməyə başlayıb.
Bundan əlavə, Qazaxıstan lideri "Cerberus"un texnoloji platformaların və rəqəmsal ekosistemlərin miqyasının artırılmasında əhəmiyyətli təcrübəyə malik olduğunu qeyd edərək şirkəti Qazaxıstanın rəqəmsallaşma layihələrində iştirak etməyə dəvət edib.