AZ

Qarabağ Universitetində birinci kurs tələbələri ilə görüşlər keçirilib

Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Xankəndi, 22 sentyabr, Tahir Agaməmmədov, AZƏRTAC

Qarabağ Universitetində 2025/2026-cı tədris ili üzrə bu ali təhsil müəssisəsinə yeni qəbul olunmuş birinci kurs tələbələri ilə görüşlər keçirilib.

AZƏRTAC xəbər verir ki, universitetin Tibb və sağlamlıq elmləri, İncəsənət, Mühəndislik, Humanitar və sosial elmlər, Pedaqoji və İqtisadiyyat fakültələrinin tələbələri ilə təşkil olunan görüşlərdə rektor Şahin Bayramov, fakültə dekanları, eləcə də akademik və inzibati heyət üzvləri iştirak ediblər. Qarabağ Universitetinin tələbəsi adını qazanmaları münasibətilə təbriklərini çatdıran rektor Ş.Bayramov tarixi Zəfərin qazanıldığı məkanda - doğma Qarabağda ali təhsil almağa üstünlük verən gənclərə və bu seçimlərində onlara dəstək göstərən valideynlərə, müəllimlərə təşəkkürünü bildirib. Ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edildikdən dərhal sonra Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Xankəndi şəhərində Qarabağ Universitetinin yaradıldığını vurğulayan Ş.Bayramov universitetdə tələbələr və əməkdaşlar üçün təqdim edilən bütün imkanlara görə dövlət başçısına minnətdarlığını ifadə edib. Qarabağ Universitetinin əsas missiyası və strateji hədəflərindən, təqdim olunan yeni akademik məzmun və müasir universitet idarəetmə modelindən söhbət açan rektor bu ali təhsil müəssisəsində təhsil almağın qürurlu olması ilə yanaşı, məsuliyyəti barədə də fikirlər səsləndirib. O, universitetdə tələbələrin çoxşaxəli fəaliyyətləri üçün müvafiq şəraitin təmin olunduğunu qeyd edərək, gənclərə bu imkanlardan maksimum faydalanmağı tövsiyə edib. Universitetin yüksək keyfiyyətli tələbə və əməkdaş heyəti hesabına böyüməsindən məmnunluğunu ifadə edən rektor bunun müasir universitet quruculuğundakı müsbət təsirlərindən bəhs edib. Ötən tədris ilində əldə olunan tələbə nailiyyətləri haqqında məlumat verən Ş.Bayramov yeni tədris ili üçün gözləntiləri görüş iştirakçılarının diqqətinə çatdırıb və onlara fəaliyyətlərində uğurlar arzulayıb.

Görüşlərdə, həmçinin fakültə dekanları və əməkdaşları çıxış edərək tələbələrə öz tövsiyələrini və arzularını çatdırıblar. Sonra qəbul imtahanlarında yüksək nailiyyətləri ilə fərqlənmiş tələbələr çıxış edərək göstərilən diqqətə və yaradılan şəraitə görə təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, ötən həftə ərzində tələbələrin akademik və sosial mühitə çevik uyğunlaşmasına imkan yaratmaq, o cümlədən lazım olan resursları təqdim etmək məqsədilə Qarabağ Universitetində orientasiya günləri təşkil edilib. Bu çərçivədə tələbələr Xankəndi şəhərinin əsas məkanları və iaşə obyekləri, Qarabağ Universitetinin tədris binaları, eləcə də fakültələrin strukturu və heyəti ilə tanış olub, tədrisin təşkili qaydaları, qiymətləndirmə meyarları, dərs cədvəli, sillabuslar və digər məsələlər barədə məlumatlandırılıblar.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
1
3
azertag.az

4Mənbələr