AZ

Ərdoğan Trampla Zəngəzur dəhlizində ABŞ şirkətlərinin iştirakını müzakirə edə bilər - Türkiyəli politoloq

"Rəcəb Tayyib Ərdoğanın Amerika Birləşmiş Ştatlarına səfəri çərçivəsində Donald Trampla keçirəcəyi ikitərəfli görüşün gündəliyində əsasən region siyasəti ilə bağlı müzakirələrinin aparılacağı gözlənilir".

Bunu Redaktor.az-a açıqlamasında türkiyəli politoloq İsmail Cingöz Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ-yə səfərindən gözləntiləri şərh edərkən bildirdi.

"Bununla yanaşı, ilk növbədə Türkiyə-ABŞ əlaqələrinin möhkəmləndirilməsi, iki ölkə arasındakı ticarət həcminin artırılması, həmçinin F-35 və F-16 proqramları ilə bağlı Ankaranın tələblərinin müzakirəsi prioritet təşkil edəcəkdir. Eyni zamanda son günlər İsrailin Türkiyəyə qarşı sərt bəyanatları və Fələstin-İsrail gərginliyi də gündəmdə olacaq. Suriya məsələsi də tərəflərin müzakirə edəcəyi əsas mövzulardan biridir. ABŞ və İsrail tərəfindən Suriya Demokratik Qüvvələrinə göstərilən dəstəyin Türkiyənin təhlükəsizlik maraqlarına zidd olması səbəbindən bu məsələ də müzakirələrdə geniş şəkildə danışılacaq".

Siyasi şərhçi qeyd etdi ki, Zəngəzur dəhlizində ABŞ şirkətlərinin iştirakı mövzusu da görüş zamanı gündəmə gətirilə bilər.

"Ukrayna-Rusiya müharibəsinə gəldikdə isə, Türkiyə münaqişənin ilk günündən tərəfsiz mövqeyini qoruyub saxlayır. Ankara həm 2014-cü ildə Krımın ilhaqını tanımamış, həm də mütəmadi olaraq Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan etmişdir. Türkiyənin əsas mövqeyi ondan ibarətdir ki, müharibənin yekun həlli yalnız Rusiya və Ukrayna arasında ikitərəfli razılaşma ilə mümkün ola bilər. Bu baxımdan, atəşkəs və sülh prosesi barədə yekun qərarı hər iki ölkənin liderləri və xalqları verəcək. Türkiyə isə qonşu dövlət olaraq bu razılaşmanı dəstəkləyəcəkdir. Rusiya işğal etdiyi ərazilərdə mövqeyini qorumağa, Luqansk və Donetsk bölgələrində isə müstəqillik iddiaları ilə çıxış etməyə çalışa bilər. Lakin nəticə etibarilə Ukrayna rəhbərliyi və xalqı hansı qərarı qəbul edərsə, Türkiyə də regionda sülhün bərqərar olması üçün bu qərara hörmətlə yanaşacaqdır.

Digər tərəfdən, ABŞ rəhbərliyi müharibənin sonlandırılması ilə yanaşı, Ukraynanın təbii sərvətlərinin Qərb bazarına açılması məsələsində də maraqlıdır. Avropa ölkələri isə əsasən Ukraynanın ərazi bütövlüyündə güzəştə getməməsi üçün Kiyevi dəstəkləyir. Bununla belə, Avropanın hərbi və maliyyə yardımlarının davamlılığı ABŞ-dən asılı vəziyyətdədir. Bu da göstərir ki, yekun qərarda Vaşinqtonun mövqeyi həlledici olacaq. Nəticə etibarilə, Türkiyə Ukraynanın ərazi bütövlüyünü tam şəkildə bərpa edəcək sülh razılaşmasını arzulasa da, yekun qərar Moskva və Kiyevin birbaşa danışıqları ilə veriləcək. Ankara isə proses boyu balanslı siyasətini qoruyaraq regionda sabitliyin təmin olunmasına çalışacaqdır",-  deyə İsmail Cingöz yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Seçilən
27
50
redaktor.az

10Mənbələr